Dünyaca məşhur universitetdə baş verdiyi iddia edilən qrup şəklində zorlama qalmaqalı zərərçəkmiş gənc qadının ədalət axtarışı ilə yenidən gündəmə gəlib. Polisin işi uzatdığı, prokurorluğun hadisəni ört-basdır etməyə çalışdığı və universitet rəhbərliyinin təqsirləndirilən şəxslərə yüngül cəzalar verdiyi iddia olunur. Təhdidlərə məruz qalan gənc qadının evinə isə saxta məlumat əsasında silahlı polis əməkdaşları basqın ediblər. Etiraz edən tələbələr kampusda gərginliyə səbəb olublar. Hadisə ilə bağlı səhlənkarlıqlar zənciri və son yeniliklər ölkə gündəminə çevrilib.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan Kornell Universiteti 2024-cü ildə tələbə yataqxanasında baş verdiyi iddia edilən qrup şəklində zorlama hadisəsi ilə bağlı qalmaqalın mərkəzindədir. Həmin vaxt 20 yaşında olan və hüquqi sənədlərdə Jane Doe təxəllüsü ilə tanınan tələbənin ədalət uğrunda mübarizəsi iki il sonra təzminat iddiası qaldırması ilə yenidən ictimaiyyətin diqqətini çəkib.
Məhkəmə iddiasından sonra baş verənlər təkcə universitet kampusunu deyil, ştat səviyyəsində hüquq-mühafizə və məhkəmə orqanlarını da hərəkətə gətirərək milli böhrana çevrilib. Hadisənin zərərçəkmişi ölüm təhdidləri alıb və hüquq-mühafizə orqanlarının yanlış müdaxiləsi nəticəsində saxta məlumat əsasında polis əməliyyatına məruz qalıb. Gənc qadının vəkili isə polisin cinayət işinin gedişi ilə bağlı müvəkkilini illərlə yanlış məlumatlandırdığını bildirib.
Tələbələrin kampusdakı oturaq aksiyaları və rektorun istefası tələbləri davam edərkən, Nyu-York ştatının qubernatoru yerli prokurorluğa etimadını itirdiyini açıqlayıb və istintaqı şəxsən ştatın baş prokuroruna həvalə edib.
Gecə klubundan kampus kabusuna uzanan gecə
Qalmaqalın kökləri Jane Doenun Kornell Universitetində ikinci kursda oxuduğu 19 oktyabr 2024-cü il gecəsinə gedib çıxır.
Dostları ilə getdiyi məkanlarda spirtli içki qəbul edən gənc qadın saat 23:00 radələrində təkbaşına “Chi Phi” tələbə qardaşlığı təşkilatının binasına gedib və burada dostunun təklif etdiyi içkini qəbul edib. Şikayət ərizəsində yer alan təfərrüatlara görə, dostu və təşkilatın digər üzvü onu binanın yuxarı mərtəbəsinə apararaq ketamin, digər narkotik maddələr və yüksək alkoqollu içkilər qəbul etməyə məcbur ediblər.
Gecə yarısından sonra, saat 01:42 radələrində şübhəlilərdən birinin digər üzvlərə göndərdiyi mesajlar hadisənin dəhşətli miqyasını ortaya qoyub. Mesajlarda gənc qadının “pulsuz” ifadəsi ilə hədəf göstərildiyi bildirilir.
Səhər saatlarına qədər davam etdiyi və təxminən yeddi saat çəkdiyi deyilən müddətdə bir neçə kişinin narkotik maddələrin təsiri altında olan gənc qadına qarşı cinsi zorakılıq törətdiyi sənədlərdə əksini tapıb.
Hadisənin ertəsi günü bədənində zorakılıq izləri ilə yataqxanaya qayıdan Jane Doe bir neçə gün davam edən travmadan sonra əvvəlcə universitetin tibb mərkəzinə, daha sonra isə kampus polisinə müraciət edib.
Bağlanmağa çalışıldığı iddia edilən iş və səhlənkarlıqlar zənciri
2024-cü ilin noyabrında başlanan polis araşdırması zamanı Jane Doenun ətraflı ifadəsinə və hadisədə iştirak etdiyi iddia olunan şəxslərin öz aralarındakı “Snapchat” yazışmalarına baxmayaraq, Tompkins dairəsinin prokuroru Metyu Van Hauten cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edib.
Prokurorluq gənc qadının ilk ifadəsində baş verənlərin qarşılıqlı razılığa əsaslandığını söylədiyini iddia edərək əlavə sübutları və polis müsahibələrinin qeydlərini araşdırmaqdan imtina edib.
Lakin sonradan sızdırılan ifadə protokolları və səs yazıları zərərçəkmişin hadisə zamanı yaddaş itkisi yaşadığını və “Təcavüzə məruz qaldığıma yüz faiz əminəm” dediyini üzə çıxarıb.
Kampus polisinin telefon operatorlarına təqdim etmək üçün hazırladığı məlumatların qorunması ilə bağlı sorğuların prokurorluğa çatdırılmadığı, prokurorluğun isə hadisəni natamam araşdırma əsasında bağlamağa çalışdığı bildirilir.
Bu müddətdə universitet rəhbərliyi daxili araşdırma apararaq dinləmələr keçirsə də, hadisədə iştirak etdiyi iddia olunan tələbələrə çəkindirici cəzalar verməməkdə ittiham olunub.
Zərərçəkmişin vəkili Tomas Cuffra bildirib ki, polis və digər səlahiyyətli şəxslər istintaqın gedişi barədə müvəkkilinə yanlış məlumat veriblər. Onun sözlərinə görə, məhkəmə orqanları işi bağladıqdan sonra belə onlara istintaqın və sübutların toplanması prosesinin davam etdiyi deyilib, bununla da vaxt qazanılıb. Nəticədə isə heç bir cinayət məsuliyyəti tədbiri görülməyib.

Təqsirləndirilən şəxslərə “ev tapşırığı” cəzaları verilib
Universitetin apardığı daxili intizam araşdırması qalmaqalın başqa bir tərəfini üzə çıxarıb.
Ümumilikdə 12 dinləmə keçirildikdən sonra yeddi təqsirləndirilən şəxsdən yalnız ikisi universitetdən müvəqqəti uzaqlaşdırılıb. Digərlərinə isə davranışları barədə düşüncələrini əks etdirən esselər yazmaq və ya qısamüddətli uzaqlaşdırma kimi yüngül cəzalar verilib. Bundan sonra onların təhsillərini davam etdirmələrinə icazə verilib.
Həmin tələbələrdən bəzilərinin hələ də kampusda dərslərə qatılması müəllimlər və tələbələr arasında ciddi narazılıq yaradıb.
Təqsirləndirilən şəxslərin adlarını universitet qəzeti üzə çıxarıb
Hadisədən sonra universitetin “The Cornell Daily Sun” qəzetinin müxbiri Seris Qusba zərərçəkmiş qadınla əlaqə saxlayaraq işi təxminən 23 ay ərzində izləyib.
Tələbənin sentyabrın 16-da məhkəməyə müraciət etməsindən sonra qəzet sentyabrın 18-də dərc etdiyi araşdırma materialında hadisənin təfərrüatlarını açıqlayıb və hələ barələrində cinayət ittihamı irəli sürülməmiş yeddi kişi tələbənin adlarını dərc edib.
Jane Doenun universitetə və tələbə təşkilatlarına qarşı qaldırdığı mülki iddia üzrə ilk məhkəmə iclasının oktyabrın 23-də keçirilməsi planlaşdırılır.
İddianın ardından təhdidlər və saxta məlumat əsasında polis basqını
Ədalətə nail ola bilməyən Jane Doenun 2026-cı ilin sentyabrında hadisədə iştirak etdiyi iddia olunan şəxslərə, “Chi Phi” tələbə qardaşlığı təşkilatına və Kornell Universitetinə qarşı 101 səhifəlik təzminat iddiası qaldırması vəziyyəti daha da gərginləşdirib.
İddianın mətbuatda işıqlandırılmasından sonra zərərçəkmiş qadın və onun vəkili Tomas Cuffra hədəfə çevriliblər.
Kimliyi məlum olmayan şəxslər tərəfindən dəfələrlə telefon zəngləri alan və ölümlə hədələnən qadının evinə saxta məlumat əsasında silahlı polis əməkdaşları basqın ediblər.
Gənc qadın polis əməkdaşlarının atasına, qardaşına və dostuna silah tuşladığı dəhşətli anların şahidi olub. Hadisədən dərhal sonra ona “səni və ailəni güllələyəcəyik” məzmunlu mesajlar göndərilməyə davam edilib.
Vəkil Cuffra bildirib ki, müvəkkili təhlükəsizlik səbəbindən universiteti tərk etmək məcburiyyətində qalıb və onun həyatı ilə bağlı ciddi narahatlıqları var.

Tələbələr Kornell Universitetinin qrup halında zorlama iddiaları ilə bağlı davranışına etiraz etdi
Kampusda etirazlar və ştat səviyyəsində müdaxilə
Qalmaqalın böyüməsi ilə Kornell Universitetinin kampusu etiraz aksiyalarının mərkəzinə çevrilib. Tələbələr yeməkxanalarda oturaq aksiyalar keçirirlər.
Universitetin professor-müəllim heyətinin senatı rektor Maykl Kotlikoffa etimadsızlıq səsverməsi keçirməyə və onun istefasını tələb etməyə hazırlaşır.
İtaka şəhər şurası isə ictimai təhlükəsizliyi əsas gətirərək universitetlə əlaqəli bütün təşkilatların fəaliyyət icazələrini müvəqqəti dayandırıb.
Ştat səviyyəsində də hüquqi prosesə müdaxilə edilib. Nyu-York ştatının qubernatoru Ketlin Hoxul yerli prokurorun mövqeyindən narazı olduğunu bildirərək işi xüsusi prokuror qismində araşdırması üçün Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsə həvalə edib.
Bununla yanaşı, ABŞ Ədliyyə Nazirliyinin keçmiş rəsmilərindən Salli Q. Yeyts universitetin cinsi zorakılıq halları ilə bağlı mümkün səhlənkarlıqlarını araşdırmaq məqsədilə müstəqil təhqiqata rəhbər təyin olunub.
Türkiyədə və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğuran bu iş ABŞ universitetlərində cinsi qısnama və zorlama iddialarına necə yanaşıldığı ilə bağlı ciddi hesabatlılıq və ədalət müzakirəsinə çevrilib.
Aydın
Şərhlər