Siyasət 13:24 13.05.2022

Düşənbə görüşü: Moskvadan növbəti uğursuz həmlə - Politoloq

Dünən MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbədə keçirilən görüşü çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş də baş tutub. Görüşdə tərəflər bölgədə mövcud vəziyyəti və üçtərəfli bəyanatdan irəli gələn məsələlərin yerinə yetirilməsini müzakirə ediblər. Habelə, sərhədlərin delimitasiyasına başlanılması, nəqliyyat və kommunikasiya xətlərinin açılması, sülh müqaviləsinin razılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Bir sözlə, görünən odur ki, artıq tərəflər əsas diqqəti sülh müaaviləsinin bağlanması üzərinə yönəldiblər. 

Düşənbə görüşü barədə fikirlərini Qaynarinfo-ya bölüşən politoloq Turan Rzayev müzakirələrin ciddi mahiyyətinin olmadığı qənaətindədir:
 
"Öncə bu görüşün keçirildiyi dəyirmi masaya fikir versək daha yaxşı olar. Rusiya rəsmiləri ənənəvi olaraq belə üçtərəfli görüşdə başda oturur. Bununla özünün dominant rolunda prosesin içində olduğunu göstərmək istəyir. Düşənbədə olan görüş də ənənəvi motivlər üzrə keçirildi. Moskva yenə də öz moderatorluğunu ön plana çəkməyə çalışırdı. Bu istər çəkilən fotolarda, istərsə də tərəflər arasında danışıqlarda açıq-aydın sezilirdi. Ukrayna müharibəsində aldığı yaraların Rusiyanın imicinə ciddi zərbə vurduğu birmənalıdır. Artıq proseslərə əvvəlki kimi müdaxilə edə bilməyən Rusiya bu yolla özünün dominantlığını nümayiş etdirmək istəyir. Moskva özü də bunu anlayır. Amma yenə də əvvəlki dominant rolunu qorumaq üçün vizual da olsa prosesdə aktiv olduğu görüntüsünü yaratmağa çalışır. Dünənki üçtərəfli görüş də bunun bariz nümunəsi idi”. 

Həmsöhbətimiz deyir ki, indiki halda, Bakı ilə İrəvan problemlərini təkbaşına, kənar vasitəçi olmadan aradan qaldırmağa qadirdir:
 
"Son danışıqlardan da göründüyü kimi, tərəflər arasında konstruktiv müzakirələr gedir. Ermənistan tərəfi də rəsmi Bakının şərtlərini qəbul etməkdədir. Burada üçüncü tərəfin vasitəçiliyinə təbii ki, konstruktiv yanaşacağı təqdirdə ehtiyac var. Bu mənada Brüssel formatını uğurlu hesab edə bilərik. Çünki burada konkret nəyəsə nail olunduğunu gördük. Moskvanın prosesə müdaxiləsi və iştirakının isə heç bir nəticəsi yoxdur. Bu mənada Düşənbə görüşünü uğurlu hesab etmirəm. Görüş əsasında tərəflər arasında ciddi nələrinsə əldə ediləcəyini gözləmirəm”. 

Rüfət Sultan