Əliyev Moskva səfərindən sonra Qarabağla bağlı Bakının
mövqeyini təzələdi və bütün tərəflərə mesajlar verdi: ABŞ, Fransa, Avropa
İttifaqı, Rusiya, İran və ermənilərə.
ABŞ və Fransaya açıq şəkildə bildirdi ki, Qarabağda ermənilərə
status verilməyəcək, "Dağlıq Qarabağ” ifadəsi yoxdur və münaqişə bitib. Bu, ABŞ
Dövlət katibi Blinkenin və Fransanın Ermənistandakı səfirinin Paşinyanla görüşdə
dediklərinə cavabdır.
Əliyev hər iki ölkənin adını çəkərək, ünvanlı mesaj ötürdü və
7 iyul Fərmanını xatırlatmaqla, məsələni rəsmi şəkildə həll etdiyini vurğuladı.
O, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin "Dağlıq
Qarabağ” və "status” ifadəsini işlətməməsini alqışladı, lakin əlavə etdi ki,
Mişelin sərhəd məsələsini "mübahisəli ərazi” adlandırması qəbuledilməzdir: bu,
Avropa İttifaqının sərhədlərin delimitasiyası prosesində vasitəçilik təklifindən
diplomatik şəkildə imtina edilməsi kimi qəbul edilə bilər.
İlham Əliyevin Putinlə görüşdən sonra səsləndirdiyi bu
fikirlər iki ehtimalı gücləndirir:
1. Əliyev Qərbin "status” üzərindən Rusiyanın vasitəçiliyinə
risklər yaratdığı tezisini Putinlə müzakirə edib və Moskva danışıqlarında
münaqişənin bitdiyi mövqeyini yenidən gücləndirib: Bakıya qayıdan kimi ABŞ və
Fransaya açıq mətnlə münaqişənin həllində əsas vasitəçi olan digər həmsədr ölkənin
– Rusiyanın da eyni mövqeyi paylaşdığı mesajını verir;
2. Moskvada Rusiyanın vasitəçiliyi ilə sərhədlərin
delimitasiyası və yeni sərhəd müqaviləsinin imzalanması haqda razılaşma əldə
olunub.
Hərçənd, Prezidentin Rusiyaya da ünvanladığı mesajlar var və
bu, Moskvada qapalı danışıqlara dair müəyyən təsəvvürlərin yaranmasına imkan
verir.
Əliyev bildirir: Qarabağda cəmi 25 min adam yaşayır, 50 mindən
çox adamın qayıtdığı məlumatı həqiqəti əks etdirmir; Azərbayan peyk vasitəsilə
gündəlik monitorinq aparır: Xankəndidə və Laçın dəhlizində nə baş verdiyini
yaxşı bilir;
- Bakı Rusiyanın Qarabağa qayıdan ermənilərin sayı (52,700)
ilə bağlı məlumatının yalan olduğunu bəyan edir;
- Bakı rus sülhməramlılarının nəzarət etdikləri ərazilərdə
missiyasına uyğun fəaliyyət göstərmədiyini, Laçın dəhlizindən qanunsuz şəkildə
xarici avtomobilləri buraxdığının mesajını verir.
Mümkündür ki, Moskva danışıqlarında Əliyevlə Putinin sülhməramlıların
fəaliyyəti və ermənilərin sayı haqqında açıqlanan rəqəmlə bağlı fikir ayrılığı
olub.
Və Əliyev Bakıdan Putinə mesajlarını ötürür:
Birincisi, Qarabağa ondan daha yaxındır və bölgədə nə baş
verdiyini bilmək imkanları genişdir;
İkincisi, rus sülhməramlılarının fəaliyyəti Bakını qane
etmir;
Üçünüsü, Rusiyanın siyasi və hərbi bürokratiyası Putinə bölgədəki
vəziyyətlə bağlı real məlumatlar vermir: rus sülhməramlı kontigentinin rəhbərliyinin
ermənilərin sayını şişirtməklə maxinasiyalara yol verdiyi istisna deyil, misal
üçün, 50 min adama gündəlik verilən qidanın,yaxud, bu yaxınlarda Qarabağa göndərilən 100 min vaksinin "yeyilməsi”
ehtimalları var;
Prezidentin "bəzi hallarda maşınlara erməni nömrələri
yapışdırılır” sözləri Laçın dəhlizindən erməni nömrələri ilə keçərək, Xankəndinə
yük daşıyan İrana ünvanlanıb və Bakı Tehrana da "hər şeydən xəbərdaram”
mesajını verir.
Ən vacib məqam isə İlham Əliyevin Qarabağdakı erməni vətəndaşlarla
bağlı dedikləri idi. Prezident bildirdi ki, "xunta başçıları ermənilərə imkan
verərsə, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də
yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər,
Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər”.
Bu, Bakının "erməni vətəndaşlarını xilas etmək” planının
anonsu hesab oluna bilər: bunun sərhədlərin delimitasiyası prosesindən sonra
separatçı rejimin ləğvi üçün istifadə olunacaq strategiyalardan biri olacağı
istisna deyil.
Asif Nərimanlı
Şərhlər