Xəbər lenti

Əməkdar artistin “Məcnun
Sənət 14:38 02.03.2022

Əməkdar artistin “Məcnun"u olmaq istədiyi o qadın kimdir?.. (MÜSAHİBƏ)

8 Mart Beynəlxalq Qadınlar Bayramına Azərbaycan Opera və Balet Teatrı əlidolu gedir. Kollektiv bayramla əlaqədar martın 6-da "Leyli və Məcnun” operasını təqdim edəcək. Əməkdar artist, tanınmış xanəndə İlkin Əhmədov bu ifasını qadınlara hədiyyə etdiyini deyib: "Martın 6-da teatrda operasevər qadınların yolunu gözləyirəm”. 

- Deyirsiniz ki, bu ifanız qadınlara 8 mart hədiyyəsidir. Hədiyyədirsə, onda tamaşa ya pulsuz olmalıdır, ya biletlərdə endirim. Elə deyilmi? 

- Opera və Balet Teatrının biletləri elə də baha deyil. 15-16 manatdır, qiymətləri elə təyin ediblər ki, hamı tamaşalara baxa bilsin, istədiyi aktyoru səhnədə görə bilsin. Duzsuz-duzsuz müğənnilərin bayağı mahnıları ilə keçirdiyi konsertlərin biletləri 50-100 manata satılır. Mən onları bayağı "müğənnilər” sayıram. Onlar bəzən iddia edirlər, nəsə umurlar, deyirlər ki, "niyə bizə bu verilmir, o verilmir”. Qoy bilsinlər ki, nəsə almaq üçün əziyyət çəkmək lazımdır. Biz bu boyda zəhmətin qarşısında heç bir vaxt səsimizi çıxarmırıq, demirik ki, niyə bizə onu, bunu vermirsiniz. Qiymətləri dedim, aradakı fərqi görürsünüz. Bir nəfər üçün bilet 15-16 manat. Bu mənim 54-cu Məcnun rolumdur. Bu şərəfli bir obrazdır. Hər dəfə bu rolu oynayıb hesablamaq vacib bir amildir. Hesablayanda böyük göstəricidir. Məcnun çox çətin və ağır obrazdır. Burada Azərbaycanın nə qədər ağır dəsgahları, muğamları var, onların hər birindən Məcnun istifadə edir. Ona görə bu obrazın qeydlərini aparmaq bizim haqqımızdır. Mənim digər obrazlarım da var. Məsələn, bir neçə gün öncə 17-ci "Əsli və Kərəm”də "Kərəm” rolunu oynadım. "Aşıq Qərib”də 12 dəfə "Qərib”, 4-cü dəfə "Xanəndənin taleyi” tamaşasında oynadım. Bunlar bilirsiniz nə deməkdir? Xəzinədir. 

İnşallah martın 6-da da teatrda bütün qadınları gözləyirik. Bu dəfə tamaşaçılar yeni bir "Leyli” görəcək. Gülzar Fərəcova çox yaraşıqlı, gözəl və istedadlı xanımdır. Muğam ifaçıları hamısı onu tanıyır. Tərəf müqabilim tam yeni ifaçıdır. 

- Gülzar Fərəcova "Leyli” obrazında ilk dəfə oynayır? 

- Bir dəfə "Leyli” olub, o da mənimlə. Hardasa bir ay bundan öncə bu tamaşanı oynadıq. Birinci tamaşada özündən razı qalmayıb, deyirdi ki, rolumu ürəyim istədiyi kimi ifa etmədim. Amma mən əminəm ki, bu dəfə çox gözəl oynayacaq. Hamı gəlib, belə bir tamaşadan zövq alsın. 

- "Məcnun” libasında 54 dəfə səhnəyə çıxmısınız. Özü də müxtəlif tərəf müqabilləri ilə. "Leyli”lərin dəyişməsinin ifanıza hər hansı təsiri olub? 

- Səmimi deyirəm, bu günə kimi razı qaldığım rolum olmayıb. Amma hər dəfə səhnəyə çıxanda yeni bir ifa, yeni bir irəliləyiş hiss edirəm. Müəlliflərindən və adından da göründüyü kimi bu, böyük əsərdir. Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyov dünya səviyyəli bir bəstəkardır. Qəzəllər, Məhəmməd Füzuli yaradıcılığı... Necə ola bilər ki, bu iki böyük dahinin ortaq əsərini ifa etdikdə məsuliyyət, həyəcan, yaxud da yenilik olmasın. Bu məndə də olur. Burada məsələ nədir? Gərək "Leyli” elə bir ifaçı ola ki, obraza yaraşsın. Həm səs, həm də görünüş baxımından... Bunun yaxşı mənada "Məcnun”a böyük təsiri olur. Gözəl "Leyli” olanda, həm görünüş, həm də səs etibarı ilə bu "Məcnun” üçün böyük stimul yaradırr. "Məcnun” rolunu daha da həvəsli ifa edir. Şəxsən bunu mən özümdən götürürəm. Amma sönük olanda, yaxşı bir ifaçı olmayanda, yaxşı oxumayanda, sənə reaksiya verməyəndə bu, "Məcnun”a pis təsir edir, onu ruhdan salır. Şəxsən mənim "Leyli”lərimin hamısı rolunun öhdəsindən gələn olub. Hamısı gözəl oynayıb. Mənim ilk "Leylim” Vüsalə Musayeva olub. Gülüstan Əliyeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Rəvanə Əmiraslanlı və başqaları biri-birindən dəyərlidir. Buna görə də teatrın rejissoru Hafiz Quliyevə təçəkkür düşür. Sağ olsun, opera səhnəsində 40 ilə yaxındır ki, fəaliyyət göstərir. 

- Heç bir dəfə də olsun "eyni rol, nə qədər olar ey, bezmişəm” deyə gileylənmisiniz? 

- Heç bir vaxt. Əslində hər həftə oynamaq istəmişəm. Hər dəfə tamaşa başa çatanda demişəm ki, ay Allah, bir də nəsib olacaq ki, mən bu rolu oynayım? Bu dərəcədə sevirəm "Məcnun”u. 

- Səmimi cavab istədiyim bir sualım var. Azərbaycan muğam sənətində elə bir xanım varmı ki, siz onun "Məcnun”u olmaq istəyirsiniz? 

- Var, amma onun kimliyini deməyəcəm. Həmin qadın səhnədədir, ifaçılıqla məşğuldur. 

- Onun "Məcnun”u olmağa heç can atmırsınız? 

- Yox, bunun səbəbləri var. Səhnə bölüşmək bizim ixtiyarımızda olan məsələ deyil. Bu, dövlətin qanunlarıdır, teatr kimi məsləhət bilirsə, biz onunla tərəf müqabili oluruq. Amma arzu edirəm ki, həmin xanımla da səhnə bölüşəm.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->