Xəbər lenti

Erkən nikahlarla məişət zorakılıqlarına “yaşıl işıq”
Ölkə 17:34 12.09.2024

Erkən nikahlarla məişət zorakılıqlarına “yaşıl işıq”

"17 yaşında qızı valideynləri narkoman olduğunu bildikləri oğlana ərə verib. Ər də döyə-döyə  2 uşaq dünyaya gətirməyə məcbur edib . Narkoman ər türməyə düşəndən sonra yazıq qız boşanmaya  qərar verib. O qədər ürkək, qorxaq, özünə əmin olmayan, danışanda döyülməkdən kəkələyən, baxışlarını yerə dikən bu yazıq gəlinin taleyi məni cox düşündürür. Cəmi 25 yaşı olan, sənədi, savadı olmayan zavallını nələr gözləyir?”

"Qadın Təşəbbüsü və Sosial Proqblemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri  Zenfira Mustafayeva bu günlərdə belə bir paylaşım edib. Qısa mətndə Azərbaycan cəmiyyətinin qızlara, qadınlara münasibəti çılpalığa ilə görünür. Bu münasibətlərə ailələrdən cəmiyyətə ötürülür, ictimai "nüfuz” qazanır. Medianın az qala hər gün tənqid etdiyi, hökumətin müəyyən qəraralarla, qanunlarla qarşısını almağa çalışdığı erkən nikahlar azalmır ki, azalmır. Demək ki, hansısa imperativ qadağalar, sərt tədbirlər bu problemin həllinə ciddi təsir etmir. Erkən nikahların qarşısını almağın yeganə yolu düşüncələrin dəyişməsi, ailədə dünyaya gələn qız uşaqlarına sevgi və sayğıdan keçir. Nə qədər ki, qızına yük kimi baxan, onu tezliklə ailədən uzalaşdırmağa çalışan valideynlər belə düşüncələrini davam etdirəcəklər, qızların erkən yaşda zorla ərə verilməsi və bundan doğan sonrakı problemlər davam edəcək. 

Qızlarını sevməyən, onların dünyaya gəlməsini belə istəməyən ailələrdə qadınlar hər zaman bu və ya digər formada məişət zorakılığının qurbanı olurlar. Kişilər öz dominantlığını sübut etmək üçün daim həyat yoldaşlarını təhdid altında saxlayır, fiziki, psixoloji, iqtisadi zorakılıqlar göstərir. Bunu yaşayan analar qızlarının da eyni şəraitdə yaşamasını istəmədiyi üçün onları dünyaya gətirməkdən imtina edirlər. Doğulan qızlarını isə 14-15 yaşlarında ərə verməklə "pis ata”dan qurtardıqlarını sanarlar. Atalar isə bir yükdən azad olduqlarını düşünərlər. Lakin bununla öz övladlarını amansız talenin çaynaqlarına verdiklərinin fərqində olmaz. Nəticədə erkən nikah nəticəsində təhsildən uzaq qalan, öz hüququnu bilməyən, ona qarşı edilən zorakılıqlara necə cavab verə biləcəyini belə bilməyən, carəsizcə kiminsə evində əsir kimi qalan zavallı qızlar "yetişdirir”lər. 
 


Və bu düşüncələrlə yol açılan erkən nikahlar məişət zorakılıqlarına "yaşıl işıq” yandırır. Çikaqoda yerləşən "Apna Ghar”da məişət zorakılığından zərər çəkmiş qadınların müdafiəsi sahəsində çalışan Lalə Mahmudova Azərbaycanda qadınların nikaha daxil olmazdan əvvəl belə ana, ata və qardaşlarının şiddətinə də məruz qaldılarını vurğulayıb: "Evləndikdən sonra isə bu şiddət ər, qayınana və digər nikah münasibətindən yaranmış birinci dərəcəli qohumların şiddəti ilə əvəzlənir. Tədqiqatlar həm də onu sübut edib ki, şiddət görən ana öz uşaqlarına qarşı da şiddət törətməyə meylli olur, zorakılıq nəticəsində yaranmış aqressiyanı, kini, zorakı şəxsə qarşı göstərməyə gücü olmayan ana bəzi hallarda bu aqressiyanı uşaqlarına qarşı yönəldir. Əksər hallarda fiziki və psixoloji şiddətin təsirindən ana üçün uşaqlarına vaxt ayırmaq və sevgi göstərməkdə maneələr yaransa da zorakı əri tərəfindən şiddətlə üzləşən anlarda aktiv olaraq uşağını həmin şiddətdən qoruma və himayə etmə həmin ana üçün ön plana çəkilir”. 

Mütəxəssis hesab edir ki, məişət zorakılığı cəmiyyətin və dövlətin ortaq problemidir. Ona görə də onun qarşısının alınmasında hər 2 tərəfin vəhdət şəklində çalışmalı olduğunu qeyd edib. Onun fikrincə, qonşusunda baş verən fiziki zorakılığı polisə xəbər verən qonşu zorakılıq törədən kişinin "öz ailəsidir” deyib keçmək əvəzinə bu işdə məsuliyyət daşımalıdır. Eləcə də dövlət polis orqanlarında məişət zorakılığı hallarına qarşı həssaslığı, peşə hazırlığını artırmalı,  digər sosial strukturlu islahatları həyata keçirməlidir.
 
"Dövlət dəstəyi, qeyri-hökümət təşkilatları, ictimai birliklər və ya şəxsi təşəbbüslər, eləcə də, ianələr hesabına məişət zorakılığı qurbanları üçün müvafiq sayda sığınacaqlar tikilməli və onların işinə nəzarət edən, maddi, texniki və digər dəstək verən sistem qurulmalıdır. Qeyri-hökümət təşkilatları, cəmiyyətin bu işdə aktivlik göstərən  fərdləri, məhkəmələr, sığınacaqlar, sosial işçilər, hüquq mühafizə orqanları, psixoloji və hüquqi klinikalar arasında vəhdəti təmin edəcək proqramların yaradılmasında və onların icrasının həyata keçməsində dövlətin yaxından iştirakı və ya bunun üçün münbit şərait yaratması problemin həllinə böyük töhfələr vermiş olardı”.
 


Bütün bunlarla yanaşı məişət zorakılığının, erkən nikahların, selektiv abortların qarşısının alınmasının vacib yolu düşüncələrin dəyişməsindən keçir. Bu məsələdə  qeyri-hökümət təşkilatları və media mühüm rol oynamalıdır. Günümüzdə mediada xəbər və məqalələrin yazılmasında  gender məsələlərinin arxa planda qaldığını müşahidə etsək də onun beyinlərə təsir gücünü unutmamalılıyıq. Bu gücdən istifadə edərək ailələrdə doğulan qızlara münasibətin dəyişməsinə, onların arzuolunan şəxsiyyət  kimi yetişdirilib cəmiyyətə təqdim edilməsinə nail olmaq vacibdir. Eyni zamanda qeyri-hökumət təşklatlarının nümayəndələri vətəndaş cəmiyyəti ilə daha yaxından təmasda olduqlarından onların insanların düşüncəsinə təsir imkanları daha çoxdur. Həmin imkanlardan yararlanaraq xüsusilə rayonlarda, kəndlərdə qızların ailə sevgi və sayğı ilə böyüdülməsinin, təhsil almasının əhəmiyyətini yaymaq mütləqdir. Nəticədə "savadı olmayan zavallı”ların azalmasını, dünyagörüşlü, müsbət auralı gənclərin yetişməsini təmin edə bilərik. 

Fərqanə Allahverdiqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->