Gəncə Şəhər İcra Hakimiyyəti "Rövşən Oğuz Qrup” MMC ilə ümumi maliyyə dəyəri 20 000 000 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilələrin birində Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bunun üçün icra hakimiyyəti şirkətə 15 000 000 AZN ödəyəcək.
Digər müqavilə isə Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsi ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 4 193 000 AZN-dir.
Gəncə Dövlət Dram Teatrının yeni binası
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Rövşən Oğuz Qrup” MMC 29 aprel 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 AZN olan şirkətin hüquqi ünvanı Əhməd Rəcəbli 1, ev 8, "Adore Plaza"nın 3-cü mərtəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.
"Rövşən Oğuz Qrup” MMC 13 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Hafiz Mustafayevə gəlincə, o, 2017-ci ildə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafındakı xidmətlərə görə dövlət başçısı tərəfindən "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
"Rövşən Oğuz Qrup” MMC əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin elan etdiyi satınalma müsabiqələrinin qalibi olur.
İcra hakimiyyəti ilə şirkət arasında bağlanan iri məbləğli müqavilələr Gəncə Dövlət Dram Teatrının yeni binasının və İdman Sarayının tikintisi ilə bağlıdır.
İlk müqavilə 9 aprel 2020-ci ildə imzalanıb. Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi üçün 16 000 000 AZN, İdman Sarayının tikintisi üçün isə 4 600 000 AZN ayrılıb.
Gəncə şəhərində İdman Sarayı
6 oktyabr 2020-ci ildə İdman Sarayının tikintisinin davam etdirilməsi üçün şirkətlə daha bir müqavilə bağlanıb. Müqavilənin maliyyə dəyəri 1 800 000 AZN təşkil edir. Bununla belə, tikintini başa çatdırmaq mümkün olmayıb və 19 mart 2021-ci ildə İdman Sarayının tikintisinin davam etdirilməsi üçün "Rövşən Oğuz Qrup” MMC ilə növbəti satınalma müqaviləsinə ehtiyac duyulub. Bu müqavilənin maliyyə dəyəri isə 9 400 000 AZN-dir.
Eyni gündə şirkətlə Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisinin davam etdirilməsi üçün də 9 350 000 manatlıq müqavilə bağlanıb.
12 avqust 2021-ci ildə İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 5 000 000 manatlıq daha bir müqavilə imzalanıb. Lakin bu da son deyil.
2021-ci ilin dekabr ayında İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 181 600, teatr binası üçün 60 000 ayrılıb.
Beləliklə, indiyə qədər Gəncə Dövlət Dram Teatrının tikintisinə 40 410 000, İdman Sarayının inşasına isə 25 174 600 AZN ayrılıb.
Seyid
Şərhlər