Sloveniyanın Postoyna şəhəri yaxınlığında yerləşən Predyamski qalası dünyanın ən böyük mağara qalası hesab olunur. Qala 123 metr hündürlüyündə qayalıqda inşa edilib və təbii mağaradan istifadə olunması səbəbindən uzaqdan dağın bir hissəsi təsiri bağışlayır.
Qaynarinfo startlap.hu-ya istinadən xəbər verir ki, qalanın əsas xüsusiyyətlərindən biri onun arxasındakı təbii mağara və keçidlərin müdafiə sisteminin bir hissəsi olmasıdır. Bu keçidlərdən həm sığınacaq, həm geri çəkilmə yolu, həm də xarici aləmlə əlaqə üçün istifadə edilib.
Qala ilə bağlı ən məşhur əfsanələrdən biri onun sakini Erazem Predyamski ilə əlaqəlidir. Rəvayətə görə, mühasirə zamanı Erazem gizli keçidlər vasitəsilə qalanı ərzaqla təmin edib və düşmənlərə qala daxilində aclıq olmadığını göstərmək üçün onlara təzə məhsullar göndərib.
Əfsanəyə əsasən, mühasirəçilərdən biri Erazemin xidmətçisini ələ alaraq qalanın zəif nöqtəsini öyrənib. Erazem tualetdə olduğu zaman xidmətçinin verdiyi işarədən sonra qala top atəşinə tutulub və cəngavər öldürülüb. Hadisənin nə qədərinin gerçək, nə qədərinin əfsanə olduğu dəqiq bilinmir. Lakin qalanın altındakı gizli keçidlərin həqiqətən mövcud olduğu bildirilir.
Predyamski qalasının bəzi otaqlarında mağaranın təbii qayaları birbaşa divar rolunu oynayır. Qalada orta əsrlərə aid silah, zireh və digər əşyalar nümayiş etdirilir.
Qalanın altında yerləşən mağara sistemi yarasaların məskənidir. Buna görə mağaralara yalnız ilin isti aylarında girişə icazə verilir. Predyamski qalası isə ilboyu ziyarətçilər üçün açıqdır.
Qala Postoyna mağarasından təxminən 9 kilometr məsafədə yerləşir. Bu iki turistik məkanı bir gündə ziyarət etmək mümkündür.
Günay
Şərhlər