Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb.
Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixini araşdırıb.
Tarixçi Nadejda Voytoviçin sözlərinə görə, Avropanın müxtəlif cəmiyyətlərində qadının ərinin soyadını götürməsi fərqli dövrlərdə yayılıb. Məsələn, İngiltərədə bu praktika orta əsrlərin sonu və erkən yeni dövrdə tədricən sosial normaya çevrilib. Həmin dövrdə evli qadının hüquqi və əmlak baxımından müstəqilliyi məhdud idi və ailə daha çox vahid sosial və əmlak qurumu kimi qəbul edilirdi.
Bununla belə, Avropanın bütün ölkələrində qadınların evlilikdən sonra soyadını dəyişməsi ənənəsi olmayıb. XIX-XX əsrlərdə dövlət idarəçiliyi və vətəndaş qeydiyyatı sistemlərinin inkişafı ilə soyad insanın rəsmi identifikasiyasının mühüm hissəsinə çevrilib.
Müasir dövrdə də ölkələr arasında fərqlər qalır. Məsələn, Fransada hər iki tərəf nikahdan əvvəlki soyadını saxlayır, lakin həyat yoldaşının soyadından gündəlik və inzibati məqsədlərlə istifadə edə bilər. İspaniyada isə iki soyaddan istifadə ənənəsi geniş yayılıb. İslandiyada patronimik və matronimik adlandırma sistemi mövcuddur.
Mütəxəssislər bu ənənənin birbaşa dini qayda olmadığını da bildirirlər. PTSU nümayəndəsi Mixail Omelyanın sözlərinə görə, xristianlıqda qadının ərinin soyadını götürməsini tələb edən kanonik qayda yoxdur. Qadın öz soyadını saxlaya və ya qoşa soyad götürə bilər.
İslamda da qadının mütləq ərinin soyadını qəbul etməsi tələbi yoxdur. Bir sıra müsəlman ölkələrində qadınlar nikahdan sonra öz soyadlarını qoruyurlar. Yəhudi ənənəsində isə soyad dəyişikliyi əsasən mülki məsələ hesab olunur və dini baxımdan məcburi deyil.
Psixoloqlar isə soyad dəyişikliyinin qadınlar tərəfindən fərqli qəbul edilə biləcəyini qeyd edirlər. Bəzi qadınlar bunu ailə birliyinin simvolu kimi görür, digərləri isə öz kimliyinin bir hissəsini itirmək kimi qəbul edə bilər. Buna görə də müasir dövrdə əsas məsələnin soyad dəyişikliyinin məcburi ənənə deyil, cütlüyün qarşılıqlı razılığı ilə verilən qərar olması vurğulanır.
Aydın
Şərhlər