Amal Abuşov
İdman 10:18 22.02.2023

Gəncəli azarkeşlər Masazırda olsaydı...

Tərlan Əhmədovun insan kimi bəxtini Allah gözəl etsin. Amma bir məşqçi kimi bəxtsiz biri olduğunu xeyli vaxtdır ki, görürük. Onun "Kəpəz”də yaşadıqları dünya futbolunun tarixinə düşməyə namizəddir. "Kəpəz” çempionatın liderlərindən xal alır, özünə bab rəqiblərlə döyüşür, gücü çatanda və bir az da bəxti gətirəndə qələbə qazanır. Di gəl ki, Gəncə stadionun qəzalı tribunalarında yer alan bir ovuc azarkeşin komandanın baş məşqçisinə olan münasibəti dəyişmir. "Kəpəz” udanda da, uduzanda da, meydandan bərabərliklə ayrılanda da bu azarkeşlərin bir şüarı, bir istəyi var: "Tərlan Əhmədov istefa verməlidir, vəssalam!”

Yaxşı ki, belə tələbkar azarkeşlər Masazırda yaşamırlar. Yoxsa, "istefa” çağırışlarını Masazırdakı arenanın tribunalarından tez-tez eşidərdik. "Sabah”a könül verən həmin tələbkar fanatlar bir tur klubun prezidenti Maqsud Adıgözəlova istefaya çağırardılar, gələn tur komandanın baş məşqçisi Murad Musayevi. Deyə bilərsiz ki, "Sabah”la "Kəpəz”in qazandığı nəticələr, topladıqları xallar və turnir cədvəlindəki yerləri arasında xeyli fərq var. Amma bunu deməyə tələsməyin. Çünki cavabında "Kəpəz”lə "Sabah”ın büdcəsi, legionerlərinin səviyyəsi və onların qazandıqları pulların arasında da kosmik fərqin olduğunu deyəcəyəm. Tərlan Əhmədov mövsümün gedişində "Kəpəz”in "sükanı arxasına” keçib. Murad Musayev isə hələ ötən mövsümün gedişində "Sabah”a gəlib. Onun ixtiyarına yetərincə böyük büdcə və kifayət qədər vaxt veriblər ki, komanda formalaşdırsın.

"Sabah” ölkə kubokunda mübarizəni özündən qat-qat zəif "Səbail” qarşısında "ağ bayraq” qaldırmaqla dayandırdı. "Kəpəz”in qarşısını isə səviyyəcə özünə yaxın rəqib "Turan Tovuz”la oyunda hakim səhvi kəsdi. "Kəpəz” Gəncədə "Sabah”a qalib gəlirdi, qonaqlar məğlubiyyətdən son dəqiqələrdə vurulan qolla qurtuldular, 1 xala sevindilər. "Sabah”a baxıram, yadıma İngilətərə Premyer Liqasındakı "Mançester Siti” düşür. Orda da "şəhərlilər” ərəb sponsorların milyonlarını göyə sovururlar. Deməli, "Mançester Siti” özünə lazım olmayan, amma rəqiblərini gücləndirə biləcək futbolçulara yüksək məbləğdə maaş verir, onları ehtiyatda oturdaraq "zərərsizləşdirir”. 

"Sabah” da belə edir. 

Gürcü Davit Volkov həm "Qəbələ”də, həm də "Zirə”dəki oyunuyla bəyəni toplayırdı. Maqsud Adıgözəlov daha çox pul qarşılığında onu Murad Musayevin sərəncamına gətirib. Musayev də heyətdə Volkov üçün yer tapa bilmir. Çünki meydana çıxması daha vacib olan (transferinə daha böyük pullar xərclənən) əcnəbilər var, limitin imkanlarından onlar üçün istifadə edilməlidir. Hələ Namik Ələsgərovu demirəm. Adam Azərbaycan futbolunun tək-tük ümidlərindəndir. "Neftçi”də liderə çevrilən Namik Bursadan vətənə "Sabah”ın təklif etdiyi müqavilədəki rəqəmin sehriylə qayıdıb. O da Volkov kimi əsas heyət üzvü statusunu çoxdan itirib.  
 
Bütün bunlar bir yana. "Sabah”da ciddi intizam problemi var. Qış fasiləsi ərəfəsində ispaniyalı legioner Kristian Sebaylosun idmançıya yaraşmayan hərəkəti futbol ictimaiyyəti tərəfindən çox qınandı. O dayanıb, amma komandanın baş məşqçisi Murad bəy dayanmaq bilmir. "Sabah”ın işi birbalaca çətinə düşən kimi rusiyalı çalışdırıcı texniki zonada aqressiv davranış sərgiləyir və hakimlərə hücum çəkir. Nəticədə özü həmin zonadan qovulur, "Sabah” isə məşqçinin davranışına görə böyük cərimələr ödəməyə məcbur olur. Ümid edirəm ki, məşqçi kurslarında Musayevə kateqoriya alan peşəkar mütəxəssisin özünü necə aparmalı olduğu da öyrədilib. Onun da borcudur ki, öyrəndiklərini tətbiq etsin, klubun və özünün imicinə zərbə vuran davranışlarına son qoysun.

Maqsud Adıgözəlovun qış fasiləsi ərəfəsində verdiyi bir müsahibə klubun düşərgəsində gərginlik yaratmışdı. Ondan sonra uzun müddər "Sabah” "qara zolaq”dan çıxa bilmədi, qələbəyə həsrət qaldı, ölkə kubokunda mübarizəni dayandırdı. Olmaya, klub prezidenti bu hadisədən sonra Murad Musayevlə ehtiyatlı davranır?! Belə olduğuna inanmaq istəməzdim. Yaxşı olardı ki, klub prezidenti baş məşqçidən zaman-zaman hesabat tələb etsin. Həm komandanın nəticələri, həm də baş məşqçinin davranışları barədə. Sonra gec olmasın...

Amal Abuşov