Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 3-ü günün ikinci yarısından ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, bunu Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
G.Abbasova qeyd edib ki, havanın temperaturunun ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 3-ü axşamdan 4-ü gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var.
"Noyabrın 3-ü axşam şimal və qərb rayonlarından başlayaraq 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”,- Xidmət rəsmisi vurğulayıb.
Şərhlər