Xəbər lenti

İntihar kimi təqdim edilən bədbəxt hadisələr: Bu informasiyaların qarşısını necə alaq?
Ölkə 14:25 22.01.2024

İntihar kimi təqdim edilən bədbəxt hadisələr: Bu informasiyaların qarşısını necə alaq?

"Təəssüf ki, Azərbaycanda az qala bədbəxt hadisələr də cəmiyyətə intihar kimi təqdim edilir. Bu da insanlar arasında intiharın adilşməsinə, ümidsizliyə səbəb olur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov Milli Məclisin deputatı Bəxtiyar Əliyevin "Azərbaycanda intihar halları çox aşağı səviyyədədir" fikirinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, cəmiyyətdə süni şəkildə intihar hallarının çox olması fikrini formalaşdırmaq təhlükəli yanaşmadır:

"Xüsusən bu cür halları kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə manşet etmək, əhalinin psixoloji rifahına böyük zərbədir. Ona görə də bir vətəndaş olaraq hər birimiz intihar məsələsində diqqətli olmalıyıq. Bu cür xəbərləri tirajlamaqla istəmədən digər insanların, yaxınlarımızın psixoloji durumuna zərər vermiş olarıq". 
 


Elnur Rüstəmov Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin fikirləri ilə tamamilə razı olduğunu vurğulayıb:
 
"Dünyada intihar hadisələrini araşdıran, bunların statistikasını aparan, statistik nəticələri təhlil edən, çıxış yolu göstərən beynəlxalq təşkilatlar var. İnternet üzərindən də onların təhlillərinə giriş açıqdır. Yəni hər bir insan o saytlara girib rəsmi statistika ilə tanış ola bilər. O təşkilatlar da öz hesabatlarında Azərbaycanda intihar səviyyəsinin çox aşağı həddə olduğunu qeyd edirlər. Ümumiyyətlə, intihar çox mürəkkkəb və bəzən də səhv başa düşülən bir məsələdir. Bunun səbəbləri də mürəkkəb və müxtəlifdir. Səbəblər arasında daha çox ümidsizlik və çarəsizlik hissləri, digər insanlarla ünsiyyətin, emosional bağların zəif olması, ifrat düşüncələr və bəzən həyat şəraitinin öhdəsindən gələ bilməmək kimi hallar qeyd edilir".

Psixoloq hesab edir ki, ölüm hadisəsinin intihar olub-olmaması üçün öncə araşdırma aparmaq lazımdır:
 
"Araşdırmadan sonra hadisənin intihar olub-olmaması ilə bağlı konkret fikir söyləmək olar. İntihar olubsa belə hansı səbəbdən baş verdiyi müəyyən olunacaq".

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri deputat Bəxtiyar Əliyev Azərbaycanda intihar hallarının aşağı olduğunu deyib: "Beynəlxalq təşkilatların verdiyi məlumatlara əsasən, Avropa ölkələri ilə müqayisədə, Azərbaycan intihar halları ilə bağlı göstəriciyə görə ən aşağıdadır. Cəmiyyətdə intihar hallarının artması ilə bağlı fikirlərin formalaşdırılması düzgün deyil. Azərbaycanda intihar halları çox aşağı səviyyədədir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->