"Əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının
genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər,
dayə və digərləri) ipoteka kreditlərinə çıxşını təmin etmək üçün müvafiq
tədbirlər hazırlanıb".
Bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov
deyib. Onun sözlərinə görə, bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər
qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib:
"Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın
vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq".
Qeyd edək ki, bu gün mənzilə ehtiyacı olan vətəndaşların əsas
problemlərindən biri məhz ipoteka krediti zamanı ödəniş məbləğinin yüksək
olmasıdır. Məhz bunun nəticəsidir ki, mənzil almaq istəyən bir çox vətəndaş
ipoteka kreditindən faydalana bilmir.
Sabit gəlirli aşbaz, bərbər, dayə və digər vətəndaşların ipoteka
kreditlərindən yararlanması üçün maddi imkanı çatacaqmı?
İqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında sabit vergi
ödəyiciləri hesab edilən şəxslərin kifayət qədər gəlir əldə etdiklərini
deyib:
"Məsələn, bu gün xüsusilə də bərbərlər, dərzilərin gəlirləri var.
Söhbət ipotekadan gedirsə, ipotekanın nə qədər həcmdə götürülməsi, aylıq borcun
məbləğindən asılı olaraq ipoteka götürənin vəziyyətinin qiymətləndirilməsi daha
yaxşı olardı. Məsələn, elə ipoteka götürülə bilər ki, onun aylıq ödəniş məbləği
150-200 manatdır. Bu aspektdən qiymətləndirsək, regionlarda daşınmaz əmlakın
qiyməti aşağıdır. Bu imkan yaradır ki, həmin insanlar ipotekadan istifadə
etməklə mənzil sahibi olsunlar. Az borclanırlar, çünki qiymət aşağıdır. Daha
kiçik aylıqları icra etməklə bu öhdəliyi yerinə yetirə bilirlər.
Bu baxımdan mən düşünürəm ki, şərait yaradılması lazımdır. Eyni zamanda,
onların müəyyən bir gəlirləri olsa da, onlar tam müdafiə olunan sosial
qruplarda deyillər. Sadəcə həssas qruplardan qismən daha yaxşı dolanışığı
olan insanlardır ki, bu imkanlar mənzil təminatını yaxşılaşdırmağa o qədər də
imkan yaratmasa da, müəyyən gəlirləri var. Bu sahədə fəaliyyət göstərənlərin
əksəriyyəti peşə sahibləridir. Peşə sahibləri öz fəaliyyət sahələrində davamlı
çalışırlar. Onların bu imkandan istifadə etmək hüququ var və bu şəraitin
yaradılması məqbuldur".
Ekspertin sözlərinə görə həmin sabit vergi ödəyiciləri olan peşə
sahiblərinin gəlirləri vergiyə münasibətdə müəyyənləşmir:
"Gəlirləri qismən qiymətləndirmək olar. Məsələn, vətəndaşın yığdığı
vəsaiti, ilkin ödəniş qabiliyyətini, yaxud digər aktivləri, kommunal
öhdəliklərinin yerinə yetirilməsi, məsuliyyətliyini və s. nəzərə almaq olar.
Eyni zamanda, bugünkü ipoteka mexanizmində vacib deyil ki, vətəndaşın ödəmə
qabiliyyəti mütləq maksimum səviyyədə qiymətləndirilsin. Çünki onsuz da
predmetin özü girovdur. İlkin ödəniş məbləği yüksəkdir. Bankların əksəriyyəti
30 faizdən çox ödəniş tələb edirlər.
Bu şərtlər daxilində satılan mənzil üçün gəlirin haradan əldə edilməsi əsas
deyil. Məsələn, hansısa qohumu verəcək. Bir məsələ də aydındır ki, Azərbaycanda
mənzil məsələsi bəzən nəinki ailə, hətta tayfa qayğısına çevrilir. Sadəcə həmin
insanların azgəlirli olmasını qəbul etmək lazımdır. Dövlət qulluğunda işləyən
insanlara ipotekanın verilməsindənsə, o sosial qruplara ipotekanın yolunun
açılması daha məqsədəuyğundur".
Ekspert burada heç bir ciddi risk görmür:
"Onlar mümkün olduğu qədər o öhdəliklərini yerinə yetirməyə çalışacaq
və bunun üçün səy göstərəcəklər". (cebhe.info)
Şərhlər