Ekonomiks 16:17 18.05.2022

İran Ermənistanı qazla təmin edəcək - Proqram üçün müqavilə imzalandı

İran Türkmənistan qazını svop rejimində Ermənistana nəql etməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bunu İranın neft naziri Cavad Oci bəyan edib. 

O, İranda Ermənistanın ərazi idarəetmə naziri Qnel Sanosyanla görüşdən sonra "Türkmənistandan Ermənistana qaz nəqli ilə bağlı danışıqlara başlanılıb. Biz bu ölkənin qaz şəbəkəsinin yüksək ötürmə qabiliyyəti ilə bağlı yaxın vaxtlarda yaxşı nəticələr əldə edəcəyik", - deyə bildirib. 
Görüş çərçvəsində elektrik enerjisinin qaz ilə mübadiləsi proqramı üçün yeni müqavilə imzalanıb. Nazir Sanosyan sazişin yenidən bağlanması ilə bağlı təklif təqdim edib. İran tərəfi də tezliklə Erməni həmkarının təkliflərinə cavab verəcəyini və müqavilə bağlanacağını açıqlayıb. Görüşdə neft emalı və bitumun qiyməti ilə bağlı məsələlər də müzakirə olunub. 

Qnel Sanosyan İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi ilə də görüşüb. İran şirkətlərinin Ermənistanda işləmək imkanları müzakirə olunub. Yükdaşıma ilə bağlı məsələlər də müzakirə edilib və ticarət dövriyyəsinin artırılmasına maneələrin aradan qaldırılması ilə bağlı razılıq əldə olunub. Bundan başqa Sünikdə, xüsusilə Sünik şəhərinin şimal-cənubunda tikilən və tezliklə İran yük maşınları üçün daha əlverişli olacaq və məsafənin qısalacağı yolların böyük əhəmiyyətli olması da danışıq mövzusu olub. Yaxın gələcəkdə işlər başa çatdıqdan sonra bu yollarla gediş-gəlişin iqtisadi cəhətdən daha sərfəli olacağı bildirilib. 

Məlumdur ki, svop variantı türkmən qazının İrana tədarükünü, o həcm müqabilində isə İran qazının Ermənistana nəqlini nəzərdə tutur, çünki hazırda birbaşa tranzit üçün boru xətti yoxdur. Türkmənistan qazının İran vasitəsilə Ermənistana svop çatdırılması məsələsi yeni mövzu deyil. Bu məsələ hələ 2017-ci ildə, Ermənistanda Qaren Qarapetyanın hakimiyyəti dövründə müzakirə olunub. 

Məlumdur ki, həmin müddətdə Qaren Qarapetyan Türkmənistana, eləcə də Türkmənistan prezidenti Ermənistana səfər etmişdi. Üstəlik, Serj Sarkisyan Türkmənistanın o zamankı prezidenti Bədiməhəmmədovun ikitərəfli əməkdaşlıq çərçivəsində çoxmilyardlıq proqramların həyata keçirilməsindən danışmasına sevindiyini bildirmişdi. Həmin planların nədən ibarət olduğu bəlli deyil, amma o zaman türkmən qazının mübadiləsindən danışılırdı, lakin Türkmənistan İranla problemlərlə üzləşdiyi səbəbindən bu məsələ müvvəqəti dayandırılmışdı. Hər halda Ermənistanın energetika naziri bəyan edib ki, İranın borcunun vəziyyəti svop tranzitini çətinləşdirir. Bu baxımından danışıqların nəticəsi olmayıb. 

Təbii ki, yumşaq desək, ola bilsin, əsl problem İranın Türkmənistana borcu deyil. Bu, sadəcə, Ermənistanın 2013-cü ildə "Qazprom”la imzaladığı müqaviləyə əsasən, Rusiya şirkətinin monopoliya əldə etməsi, Ermənistanın öz üzərinə bir sıra öhdəliklər götürürməsi ilə bağlı olub. Həm maliyyə, həm iqtisadi, həm də siyasi baxımdan dəyişən nədir ki, Ermənistan və İran yenidən türkmən qazı məsələsini mübadilə yolu ilə həll etmək niyyətindədirlər? Məlumdur ki, Tehran bu paketlə Azərbaycan-Ermənistan məsələsi və Qarabağ ətrafında cərəyan edən diplomatik proseslərdə öz rolunu genişləndirməyə çalışır.

Telman