İranda 22 yaşlı Məsha Əminin ölümündən sonra ölkəni etiraz dalğaları bürüyüb. Məsha Əmin hicab qaydalarını tətbiq edən əxlaq polisi tərəfindən saxlanılıb və iddialara görə, polis bölməsində işgəncələrə məruz qalaraq dünyasını dəyişib.
Bu hadisə ölkədə ciddi narazılığa səbəb olub. Xüsusilə, qadınlar etiraza qalxaraq hicablarını çıxarıb, saçlarını kəsiblər. Hökumət qüvvələrinin aksiyalara sərt müdaxiləsi isə etiraz dalğasını daha da genişləndirib. Təbriz, Zəncan da daxil olmaqla İranın bir neçə iri şəhərini aksiyalar bürüyüb. İran hökuməti aksiyaları xarici qüvvələrin təxribatı hesab edir. Hökumət nümayəndələrinin açıqlamalarına görə, Məsha Əminin polis bölməsində işgəncədən ölməsi iddiası əsassızdır. Tehranın polis rəisi Hüseyn Rəhimi Əminin ölümü ilə bağlı suallara cavab olaraq bildirib ki, ittihamlar tamamilə yalandır. Rəhimi Əminin ölümünü qəfil ürək tutması ilə izah edib. Bununla belə, etirazçılar sakitləşmir. Onlar hökumətin istefasını tələb edir.
Siyasi analitiklər hesab edir ki, İranda baş verənlərin miqyası böyüyərsə, bu, rejimin sonu ilə nəticələnə ilə bilər. Lakin aksiyaların amansızlıqla yatırılacağı, yaxud da olayların qısa müddətdə səngiyəcəyini düşünənlər də var. Almaniyada mühacir həyatı yaşayan hüquqşünas Nağı Mahmudi Qaynarinfo-ya bildirib ki, İrandakı etirazlar ölkədə narazılığın pik həddə çatması ilə bağlıdır:
"Məhsə Əmini olayı sadəcə qığılcımdır. Yəni, motiv uzun illərdir ölkədə hökm sürən ədalətsiz idarəetmədir”.
Mahmudi aksiyalarda qadınların fəallığına diqqət çəkərək etirazların daha geniş miqyas ala biləcəyini düşünür:
"İran qadınlarında o potensial var ki, hətta rejim dəyişikliyinə qədər mübarizə apara bilərlər. Digər tərəfdən, müşahidələr göstərir ki, aksiyalara müxtəlif sosial qrupları təmsil edən insanlar qoşulur. Bu da getdikcə bütün ölkədə etirazların alovlanacağını və nəzarətdən çıxacağını deməyə əsas verir”.
Onun sözlərinə görə, istənilən halda İranda davam edən etirazlar mövcud rejimə sarsıdıcı zərbədir. "Fikrimcə, aksiyalar davam edəcək. Söhbət ondan getmir ki, bu, məhz Əmini hadisəsinə görə baş verəcək. Qeyd etdiyim kimi, insanlar artıq mövcud rejimdən bezib. Ona görə də etirazlar yatırılsa belə, qısa müddət sonra yenidən alovlanacaq və nəhayət, rejim dəyişikliyinə gətirib çıxaracaq. Bu çox da uzun zaman almaya bilər”, - deyə Mahmudi vurğulayıb.
İranla bağlı kifayət qədər məlumatlı olan jurnalist Firkət Fərəməzoğlu isə hesab edir ki, aksiyaların inqilabi xarakter alacağını söyləmək hələ tezdir:
"Doğrudur, bu olaylar "Abadan hadisələri”ndən fərqlənir. Əgər, həmin vaxt insanlar sosial tələblər irəli sürürdülərsə, indiki aksiyalarda siyasi tələblər irəli sürülür. Etirazçıların şüarlarına diqqət edin. Onlar artıq ədalətli cəmiyyət qurulmasını istəyir, "diktatora ölüm” şüarı səsləndirirlər. Lakin müşahidələr göstərir ki, aksiyalar mütəşəkkil xarakter daşımır. Yəni, təşkilatçılıq yoxdur. İnsanlar kortəbii şəkildə küçələrə çıxıb, lider yoxdur. Hökumət də bundan istifadə edərək, hadisələri düşmən qüvvələrə bağlayır. Bu baxımdan hesab edirəm ki, xaotik şəkildə keçirilən aksiyalar effektiv ola bilməz. Ola bilsin hökumət aksiyaları amansızlıqla yatırıb, müəyyən islahatlara getsin. İslahatlarla insanların qəzəbini bir qədər soyutmaq mümkündür. Amma rejim dəyişikliyini gözləmək hələ tezdir”.
Seyid
Şərhlər