Dünya 16:30 09.03.2023

İrana qarşı növbəti sanksiyalar nə vəd edir? - Ekspert

"Tehrana qarşı növbəti sanksiyaların 8 mart tarixində tətbiqi İranda qadın azadlığı ilə bağlı aksiyaların dəstəklənməsi anlamına gəlir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan ABŞ-ın Beynəlxalq Qadınlar Günündə insan hüquqlarının pozulmasında iştirak edən bəzi İran rəsmiləri və şirkətlərinə əlavə sanksiyalar tətbiq etməsinə münasibət bildirərkən deyib.
 
"Növbəti sanksiyanın məhz martın 8-də tətbiqi İranda qadın hüquqlarının müdafiə olunmasına hesablanıb. Digər tərəfdən, İrandakı etiraz  aksiyasında iştirak edən fəal qadınlar "Cəsarətli Qadın” beynəlxalq mükafatına layiq görülüblər. Bu isə o deməkdir ki, ABŞ İrandakı aksiyaları dəstəkləyir. Ona  görə də prosesə mane olanlara sanksiya tətbiq edir”, deyə Sədrəddin Soltan əlavə edib.
 


Ekspertin fikrincə, İrana qarşı təzyiq vasitələrindən ən etibarlısı sanksiya tətbiqidir:
 
"Məhz, sanksiyalarla İran hakimiyyətinin iqtisadi qüdrətinin zəifləməsinə və onun ayrı-ayrı məmurlarının var-dövlətinin daha da azalmasına təsir göstərirlər. İranın müxtəlif dövlət məmurlarına tətbiq olunan bu sanksiya birbaşa hədəf deməkdir. Sanksiya tətbiq olunanlar sırasında hərbi polis qüvvələri və aksiyaların yatırılmasında iştirak edən 6 şirkətin adı var. İranın hərbi polis qüvvələri adətən İran İnqilab Keşikçiləri Qvardiyası ilə əlaqəlidir. Deməli, bununla Vaşinqton dolayısı ilə qvardiyanın ayrı-ayrı nümayəndələrinə qarşı da sanksiya tətbiq edir”. 

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Qadınlar Günündə müttəfiqlərlə koordinasiyada insan hüquqlarının pozulmasında iştirak edən İran rəsmiləri və şirkətlərinə əlavə sanksiyalar tətbiq etdiklərini bəyan edib.
 
Rüfət Sultan