Siyasət 13:00 10.11.2023

“İrandakı səfirliyimizin fəaliyyəti bərpa ediləcək?” (ŞƏRH)

"Hesab edirəm ki, Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpası məntiqli addım olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Daşkənddə İƏT-in iclası çərçivəsində Azərbaycan Prezidentinin iranlı həmkarı ilə görüşünü şərh edərkən deyib.
 
 

Ekspert vurğulayıb ki, İrandakı səfirliyimizin fəaliyyətinin bərpa olunacağını istisna etmir:

”Azərbaycanın istəyi o idi ki, Tehrandakı səfirliyimizin təhlükəsizliyi lazımi səviyyədə təmin olunsun, düşmənçilik deyil, normal münasibətlərə imkan yaradan mühit olsun. Yalnız bu şəraitdə səfirlik fəaliyyətini bərpa edə bilər. Bu baxımdan, hesab edirəm ki, Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpası məntiqli addım olacaq. Lakin onun fəaliyyətini nə zaman bərpa edəcəyini demək çətindir. Bu təşkilatı məsələlərlə bağlıdır. Amma Daşkənddəki görüş zamanı bu mövzunun müzakirə edildiyini də istisna etmirəm. Ona əsasən görüşdə həmin məsələ ilə bağlı hansısa qərarların qəbul olunduğunu da istisna etmək olmaz”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənd Sammiti çərçivəsində İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Görüşdə İlham Əliyev bildirib ki, İranla dostluq münasibətlərimizə müdaxilə etmək istəyənlər öz məqsədlərinə çatmayacaqlar:

"Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq”. 
Bu cəhdlərin nəticəsiz qaldığını vurğulayan dövlət başçısı bildirib:

"Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər". 

Rüfət Sultan