Xəbər lenti

İş yoldaşını yuxuda tez-tez gördüyündən falçıya üz tutdu - Başına iş gəldi
Ölkə 16:58 24.06.2024

İş yoldaşını yuxuda tez-tez gördüyündən falçıya üz tutdu - Başına iş gəldi

"Instagram"da özünü falçı qadın kimi təqdim edən Bakı şəhər sakini 2002-ci il təvəllüdlü R.Əliyev həbs edilib.

"Qafqazinfo” xəbər verir ki, R.Əliyev Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, R.Əliyev sosial şəbəkədə "falci baxici Emma” adlı səhifə açıb. 22 yaşlı oğlan ona müraciət edən şəxslərdən biri - Quba rayon sakini olan B.Cavadova (şərti) ilə bir qədər yazışdıqdan sonra onu şantaj edərək pul almaq qərarına gəlib.

Cinayət işi üzrə Quba Rayon Məhkəməsində keçirilən prosesdə B.Cavadova hadisə barədə ətraflı məlumat verib: "Quba şəhərində yerləşən marketlərdən birində satıcı işləyirdim. İşdən çıxdıqdan sonra iş yoldaşım A.Ramazanovu mütəmadi olaraq yuxuda görürdüm. Bundan narahat olaraq falçıya müraciət etdim. 10 yanvar 2024-cü il tarixində instaqramda "falci_baxici_emma” adlı səhifəsi ilə yazışaraq əlaqə saxladım, əvvəllər bir yerdə işlədiyim oğlanı tez-tez yuxuda gördüyümdən narahat olduğunu bildirdim.

Yazışdığım şəxs fala baxmaq üçün özümün və oğlanın şəkillərini istədi. Öz şəklimi və oğlanın fotosunu sosial şəbəkədən skrin edib yolladım. Şəkilləri göndərdikdən sonra yazışdığım şəxs mənə bəxtimin bağlı olduğunu bildirərək təmizlənməsi üçün 200 manat pul istədi”.

Bundan sonra R.Əliyev həmin qadını şantaj edərək pul tələb etməyə başlayıb. O, səhifənin haker tərəfindən ələ keçirildiyini yalandan deyib. Özünü daha sonra haker kimi təqdim edən gənc Qubada yaşayan həmin oğlana yazacağını, baş verənləri ona deyəcəyini, rüsvay edəcəyini bildirərək B.Cavadovadan pul tələb etməyə başlayıb. O, qızdan ümumilikdə 430 manat pulu hədə-qorxu ilə alıb.

B.Cavadova təhdidlərdən və pul tələb edilməsindən bezərək Quba Rayon Polis Şöbəsinə müraciət edib. Bundan sonra R.Əliyev barəsində araşdırma aparılıb və onun yeri Bakı şəhər Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılıb.

Quba Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə R.Əliyevə 3 il 3 ay həbs cəzası verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->