Xəbər lenti

İsrail atəşkəsə razılıq şərtini açıqladı - Qərar nə olacaq?
Dünya 18:00 16.07.2024

İsrail atəşkəsə razılıq şərtini açıqladı - Qərar nə olacaq?

"Təl-Əvinin indiki halda atəşkəsdə maraqlı olmamasının səbəbi İsrailin kifayət qədər dərinliklərə eskalasiya etməsilə bağlıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İsrail XİN rəhbəri İsrael Katsın girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin olmayacağına dair mesajını şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, regionda maraqlı olan Qərb bölgədə yeni geosiyasi konfiqurasiyanın yaradılmasına çalışır:

"İsrail HƏMAS müharibəsini təkcə onlar arasında gedən müharibə kimi qiymətləndirmək doğru deyil. Bu müharibə əslində daha böyük geosiyasi planların tərkib hissəsidir. Bayden vaxtilə bəyan etmişdi ki, həmin zonada yeni geosiyasi konfiqurasiya formalaşır. İndiki halda ABŞ müharibə nəticəsində xeyli tələfatlara rəğmən İsraili çəkindirici addımlara məcbur etmir. Fələstin xalqı arasında da siyasi həmrəylik, siyasi yetkinlik yoxdur. Bundan istifadə edən bölgədə marağı olan geosiyasi qüvvələr də İsraili dəstəkləməklə yeni geosiyasi konfiqurasiya qurmağa çalışır". 
 


Həmsöhbətimizə görə, Təl-Əvinin indiki halda atəşkəsdə maraqlı olmamasının səbəbi İsrailin kifayət qədər dərinliklərə eskalasiya etməsilə bağlıdır:

"Fələstinin içərisinə daxil olub, daha böyük təsir zonası yaradıb. Ona görə də İsrail maksimum çalışır ki, müharibədən gəlirli çıxsın. Onlar Fələstinin siyasi sisteminə öz diqtəsini yeritmək istəyir. Bu baxımdan İsrail XİN rəhbərinin həmin çağırışı adekvat bir çağırışdır. Hər iki tərəfdən girovların azad edilməsi etimad mühiti yarada bilər. Lakin yeni geosiyasi konfiqurasiyada maraqlı olan ABŞ buna imkan vermir". 

Ekspert düşünür ki, müharibənin həlli daha çox informasiya cəbhəsindəki savaşdan asılı olacaq: 

"Yaxın perspektiv üçün müharibənin sonu görünmür. Hətta müharibəyə bölgə dövlətlərinin qoşulması ehtimalı da istisna edilmir. Nəticədə bölgənin daha böyük humanitar fəlakətə sürüklənməsi gözlənilir”. 

Qeyd edək ki, İsrailin xarici işlər naziri İsrael Kats Böyük Britaniyadan olan həmkarı Devid Lemmidən girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin olmayacağına dair mesajını HƏMAS-a çatdırmağı xahiş edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. "Böyük Britaniya və dünya HƏMAS-a açıq şəkildə bildirməlidir ki, girovlar azad edilmədən Qəzza zolağında atəşkəs olmayacaq”, - məlumatda qeyd edilib. Bu günə qədər tərəflərin atəşkəsə yaxın olduğu bəyan edilirdi. Vasitəçilərin səylərilə müharibənin sona çatmaq üzrə olduğu barədə fikirlər də səslənirdi. Belə bir vəziyyətdə İsrail XİN rəhbəri girovlar azad edilməyincə Qəzzada atəşkəsin olmayacağı mesajını verir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->