Ekonomiks 10:47 19.02.2024

Kimlər pensiyaya daha tez çıxa bilər?

Pensiya yaşında işləmək istəyənlər olduğu kimi, erkən dövrdə pensiyaya çıxmağı arzulayanlar da var. Müəyyən sahələrdə çalışanların digərlərindən daha tez pensiyaya çıxmaq hüququ var. Söhbət güzəştli şərtlərlə pensiya almaqdan gedir. 

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, əmək pensiyaları haqqında qanuna əsasən, aşağıdakı sahələrdə çalışan şəxslərin güzəştli pensiya almaq hüququ mövcuddur:

- Axırıncı iş yerindən asılı olmayaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda (Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı) nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların pensiya yaşı 5 il azaldılmaqla; 

- Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılmaqla; 

- Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiya yaş həddi 15 il azaldılmaqla; 

- Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin;

- Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin;

- Hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların;

- Hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin;

- Hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin;

- Hərbi xidmət müddəti 15 il və daha çox olmaqla, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların;

- Ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan şəxslərin.

Bundan başqa, 5 və daha çox uşaq dünyaya gətirib, övladlığa və ya qəyyumluğa götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş  anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ mövcuddur. 

Həmçinin ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi olan uşağını növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən ataların, eyni zamanda, 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərin bu yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Qeyd edək ki, hazırda pensiya yaşı həddi kişilərdə 65 il, qadınlarda isə 63 il 6 aydır. Beləliklə, yaş həddi müvafiq göstəriciyə uyğun azaldıldıqda, bu rəqəmdən çıxılmaqla müəyyən olunur. 

Şəxsin güzəştli şərtlərlə pensiyaya çıxması onun gözlənilən pensiya ödənişi müddətinə təsir etmir. Yəni, şəxs 60 və ya daha erkən yaşda pensiyaya çıxmasına baxmayaraq, ona da digərləri kimi 12 il (144 ay) pensiya ödənilməsi nəzərdə tutulur. Lakin ölkə üzrə orta ömür müddətini (77 yaş) nəzərə alanda, belə şəxslərin daha çox müddətdə (ən azı 16 il) pensiya aldıqlarını demək mümkündür.