Orxan
Saffari
İllərdir,
uzun illərdir ki, ölkədə gedən xarici təbliğatlardan biri də milli hisslərimizi
itirmək, "dünyəviləşmək", dünya vətəndaşı olmaq kimi səfeh bir ab-havaya
hesablanıb. Təbii, beyninin neyronları təbliğat küləyinə əsənlər də kor-koranə
şəkildə o dəqiqə buna köklənir. Amma səmimi olsam, açığı, əvvəl-əvvəl özümə də
xoş gəlmişdi, nə yalan deyim. Sözlərin havası vururdu, milliyyətçiliyin ziyanlı
olduğunu düşünürdüm. Amma zaman keçdikcə siyasi proseslərdə milliyyətçiliyin,
milli ruhun olmağının nə qədər vacib olduğunu da duydum.
Hələ
kitab oxuyan çevrə xüsusən kitabların təsirinə düşüb milliyyətçi olanları
cahil, bütpərəst və s. kimi ittihamlarla suçlayırdılar, suçlayırlar da. Amma gəlin,
baxaq. Nədir milliyyətçi olmaq, niyə milliyyətçi olmaq lazımdır?
Bu gün
bir millət öz milli heysiyyatını itirirsə, milli qeyrət, kimlik yadından
çıxırsa, şübhəsiz ki, həmin millət məhvə məhkumdur. Həmin milləti işğal da edərlər,
o yana da keçərlər. Yaxın illərə qədər elə bilirdim ki, bizimkilər də belədir.
Artıq bizlər üçün milli təəssübüskeşliyin, kimliyin bir mənası qalmayıb. Amma
şükür, gedən proseslər göstərdi ki, bu millət ölməyib, ayaqdadı, bayraqladı!
Meşə
çaqqalsız, meyvə çürüksüz olmaz. Ağacı da bilirsiz, bar verəndə başını aşağı əyir.
Amma çi fayda? Bizim var verən "ağaclarımız" hərdən "dikəlmək"
istəyir, nəticədə də ağırlığa tab gətirmir. Misal olaraq həssas dönəmlərdə əksimizə
gedən sülh bildirçinlərinə, pasifist "aktiv və passivlərə",
liberalizm qarğaları və s. bu qəbildən olan adamların reaksiyalarını göstərmək
olar. Bunun fonunda isə bir olan, həmrəy olan insanlarımıza.
Mənim
bu məsələdə içim də özümü yandırır, çölüm də. Kösəyim çıxır, köz oluram, amma
xeyri yoxdur. Deyirsən, ay adam, insan övladı, ay dünyada sərhəd istəməyən
yoldaş, bir bax, gözünü aç, bir məntiqin olsun, nolar beynin olmayanda? Bir gör
də, nolar ki, gör də. Gör ki, sənə bunu təbliğ edənlərin məqsədi nədir, gör ki,
sənə bunu təbliğ edənlər özləri nə dərəcədə milliyətçidir. Gör ki,
kosmopolitizm adı altında birləşən, özünü cırıb dağıdan millətlərin milli
kimliyinə toxunmaq olarmı? Gör ki, dünyanı sülhə çağıranlar, guya ki, dövlətlər
arasında barışığa can atanlar altdan-altdan nələr edir. Həqiqətənmi görmürsən
bunları? Yooox. Görürsən, yaxşı görürsən. Amma görməzdən gəlirsən. Sərf etmir,
axı. Çünki sən milli olan nə varsa itirmisən. Heç nələrə görə. Bəzən 3-5 quruş
qranta, bəzən də elə havayı, beyninin neyronlarının çaşqınlığına.
Söz
sözü çəkər. Bu yaxınlarında dediyim kateqoriya adamlardan biri gəl mənə denən
ki, bəs, görürsən də Fransanı, Norveçi, Amerikanı. Gör, nə gözəldir. Amerika
kosmopolitdir, dünyəvidir, elədir, belədir. Dedim, ala, dayan, ayaq saxla.
Götürdüm, dəvə boyda faktı qoydum qabağına, dedim, bu sən, bu da Tramp, bu da
Amerika xalqının mövqeyi, ay sənin adını 51 ştatda tutub ağlayım elə.
Tramp,
2019-cu il, BMT:
"Gələcək
qlobalistlərə yox, patriotlara aiddir. Azad xalqlar öz milli köklərini qəbul
etməli və qorumalıdırlar. Əgər demokratiya istəyirsinizsə, öz suverenliyinizdən
möhkəm yapışın!"
Həəə.
İndi deyə bilərsiz ki, bəs, noldu o adamın sonu? Heç nə, nə olacaq? Əl-ələ
verib getdi quşcuğazları ilə qrant yeməyə.
Bəli.
Məhz bu gün biz türkləri, azərbaycanlıları dünyaya barbar kimi tanıdan
adamların dünya siyasətindən xəbəri yoxdur. Erməninin etdiyinə terror deyə bilməyib,
faciəni görməzdən gəlib, süpergüc dövlətlərin hansı müharibələrə, hansı dəstəyi
verdiyini bilməyib, deməyib, susub əvəzində isə ən kiçik yanlışımız, haqlı
davranışınız da üstümüzə şığıyır. Bunların xisləti budur, xisləti.
Elə
bilirlər, milliyətçi olmaq qəbahətdir, ayıbdır, utancdır. Elə bilirlər, milliyyətçi
oldunsa, gerizəkalı olursan, düşünə bilmirsən, beynin sərhədlənir və.s
Nədir
milliyyətçilik?
Millətçilik
müəyyən millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki
suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və hərəkatdır.
Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə)
azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və
ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu
(xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil,
din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq,
tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli
birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, millətçilik millətin
qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni
canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Millətçilik həmçinin, milli
nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə
sahibdir. – Bu, sualımızın rəsmi tərəfidir. Elə qeyri-rəsmi tərəfi də eyni
anlama gəlir.
Təbliğat
necə gedibsə, adamlar milliyyətçi olmaqdan, vətənini sevməkdən, millətpərəst
olmaqdan utanır. Vallah, onların yerinə mən utanıram. Məhz bir millət, xalq
milliyətçiliyin hesabına ayaqda dura bildiyi, var olduğu halda, bunlar bunu qəbullanmaq
istəmir.
"Dünya
haradadır, biz harada" deyib bağıranlar bu dünyanın nə qədər milliyətçi olduğunu
niyə görmürlər, axı? Dünya elə məhz sizlərin lağ etdiyi yerdədir. Dünya belə
dövr edir. Qəribədir, sən öz torpağını qorumaq istə, öz torpağını geri almaq
istə, amma buna görə hansısa beyninin heç bir yarımkürəsi normal işləməyən
adamlar sənə lağ etsin, barbar desin. Öz torpağını, milliyətini, bayrağını,
kimliyini qorumaq niyə barbarlıq olsun, niyə bu adamların ağırına gəlsin?
Bu dəqiqə
mənə görə də, ümumi ab-havaya görə də milliyətçi olmağı, bir olmağı pisləyən
kim varsa, ziyanlı məhz həmin adamlardır. Həmin adamlardır ki, başqa cür normal
yaşayacaqlarını, supergüclərin müstəmləkəsi olaraq "dünyəviləşəcəklərini"
düşünür, buna inanırlar.
Nə
deyim, Tanrı özü kömək olsun, hətta türkü də qorusun.
Şərhlər