
Mingəçevirdə bir şəxsi ASAN Xidmət Mərkəzində işə düzəltmək vədi ilə aldadaraq 2 min manat alan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Yevlax rayonunun Əkşəm kəndində yaşayan şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ilin yanvarında baş verib. Təqsirləndirilən şəxs zərərçəkmiş Əminə Mehdiyevanı Mingəçevir şəhərində yerləşən ASAN Xidmət Mərkəzinin hüquq bölməsində işə düzəldəcəyini vəd edib. O, bunun üçün 2 min manat pul lazım olduğunu bildirib.
Zərərçəkmişin anası qızının işlə təmin olunmasına kömək etmək məqsədilə təqsirləndirilən şəxslə əlaqə saxlayıb. Daha sonra onlar Mingəçevirdə, Heydər Əliyev adına parkın yaxınlığında yerləşən “MinChicago” kafesində görüşüblər. Görüş zamanı Əminə Mehdiyevanın işə qəbul olunması üçün tələb edilən sənədlərin siyahısı təqdim edilib və 2 min manat istənilib.
Məhkəmədə məlum olub ki, zərərçəkmişin anası həmin məbləği ödəmək üçün “Kapital Bank”ın Mingəçevir filialından nağd kredit götürüb. 12 yanvar 2026-cı ildə keçirilən görüşdə Əminə Mehdiyeva 2 min manatı təqsirləndirilən şəxsə verib və tələb olunan sənədlərin surətlərini təqdim edib.
Təqsirləndirilən şəxs onun yaxın vaxtlarda işə başlayacağını vəd etsə də, sonradan müxtəlif bəhanələrlə prosesi uzadıb. Zərərçəkmiş və ailə üzvləri dəfələrlə onunla əlaqə saxlayaraq işin nəticəsini soruşublar. Lakin vəd yerinə yetirilməyib və pul geri qaytarılmayıb.
Məhkəmə istintaqında təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, aldığı 2 min manatı şəxsi ehtiyaclarına xərclədiyini bildirib və əməlindən peşman olduğunu deyib.
İş materiallarından görünür ki, həmin şəxs bundan əvvəl də dələduzluğa görə məhkum edilib. Mingəçevir Şəhər Məhkəməsinin 2025-ci ildə çıxardığı hökmə əsasən, o, 2 il 7 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Lakin 2026-cı ildə amnistiya qərarının tətbiqi ilə həmin cəzadan azad edilib.
Məhkəmə prosesində zərərçəkmiş tərəf təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib. Hökmün əsaslandırıcı hissəsində ziyanın tam ödənilməsi qeyd olunsa da, iş materiallarına əlavə edilmiş qəbzdə 2 min manatlıq ziyanın 965 manatının ödənildiyi göstərilib.
Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmişlə barışmasını və ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəza müddətində elektron nəzarət vasitəsi daşımalı, saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməməli və Yevlax rayonunun hüdudlarından kənara çıxmamalıdır.
Aydın


