Xəbər lenti

Siyasət 12:40 05.03.2024

Mixail Mişustinin Bakıya gətirdiyi mesaj (ŞƏRH)

"Tərəflər iqtisadi əlaqələri daha üst səviyyəyə çıxarmaq istəyirlər. Ən azından Rusiyanın buna ehtiyacı var".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya baş naziri Mixail Mişustinin Bakıya ikigünlük səfərini şərh edərkən deyib.

Politoloqun fikrincə, Rusiyanın baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri ilk növbədə onu deməyə əsas verir ki, müzakirə ediləcək məsələlər çoxdur. Mişustinin Rusiyada keçiriləcək prezident seçkisinə az qalmış etdiyi səfəri bu kontekstdən də dəyərləndirmək olar:

"Rusiya ciddi qərarlar vermək ərəfəsində Azərbaycanla hansısa görüş və qərarların alınmasında maraqlıdır. Ukraynaya hücum öncəsi də son olaraq Rusiya Azərbaycanla 2022-ci ilin fevralında strateji əməkdaşlıq müqaviləsi imzaladı".
 


Bununla belə, həmsöhbətimiz hesab edir ki, bu səfər böyük ölçüdə iqtisadi məsələlərlə əlaqəlidir:

"Çünki Rusiya üçün Azərbaycan strateji əhəmiyyət daşıyan ölkədir. Azərbaycanın Türkiyə ilə birliyi Rusiya üçün ölkəmizin əhəmiyyətini daha da artırır. Azərbaycan ilk növbədə tranzit, eyni zamanda, Rusiyaya dost ölkə kimi əhəmiyyət kəsb edir. Qeyd edilən sahələrdə əməkdaşlıq əvvəllər də mövcud olsa da, görünən odur ki, bunun daha da artırılmasına ehtiyac və şərait var".

Politoloq düşünür ki, pərdəarxası nüanslar baxımından səfərdə məqsədin Ermənistanın son günlər Rusiyaya qarşı atdığı və atmaq istədiyi addımlar fonunda Moskvanın İrəvanla mövcud olan iqtisadi münasibətlərinin bir hissəsini Azərbaycan üzərindən aparmaq istəyi də ola bilər: 

"Bakıya səfər Ermənistana təzyiq mesajı sayıla bilər. Bütün hallarda hesab edirəm ki, belə görüşlər çox əvvəldən planlaşdırılır və hazırlıq işləri gedir. Odur ki, bu səfərdə konspirasiya axtarmağa lüzum yoxdur. Tərəflər həqiqətən də iqtisadi əlaqələrini daha üst səviyyəyə çıxarmaq istəyirlər. Ən azı Rusiyanın buna ehtiyacı var". 

Qeyd edək ki, bu gün Rusiyanın baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır. Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşəcək. Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriləcək. Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir. 

Rüfət Sultan

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->