Ölkə 13:13 26.02.2024

Nazir məktəblərdəki hadisələrdən, Xocalıdakı məktəbdən və Qarabağ Universitetindən danışdı

Elm və təhsil naziri Emin Əmrullayev son zamanlar məktəblərdə baş verən hadisələrə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, məktəblərlə bağlı bütün hadisələr araşdırılır və təsdiqini tapdığı halda ona uyğun tədbir görülür.

Nazir qeyd edib ki, Xocalı məktəbində görülən işlər bitmək üzrədir.

"İnanırıq ki, Xocalı məktəbi növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərimizdən biri olacaq", deyə Emin Əmrullayev qeyd edib.

Nazir bildirib ki, orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq: "Orada təxminən 130-150 şagirdin təhsil alacağı nəzərdə tutulur. Təbii ki, köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcərdə, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir".

Emin Əmrullayevin Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüdlərin tətbiq olunacağını deyib.

O bildirib ki, eyni zamanda, Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.