Ekonomiks 14:12 25.05.2022

Nazir: "Neftin büdcə qiymətini aşağı götürmək siyasəti davam etdiriləcək"

"Son iki il proqnozlaşdırma baxımından ağır il olub”.

"Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib. "

"Xüsusilə 2021-ci ildə bir sıra proseslər gedib. Tələblə təklif arasında natarazlıq olub. İndiki ərzaq böhranı problemi də ötən ildən başlayıb", - deyə o, qeyd edib.

Bundan başqa, nazir deyib ki, dünya bazarında neftin qiymətini heç kim dəqiq proqnozlaşdıra bilmir: "Ötən il qiymət bizim nəzərdə tutduğumuzdan yüksək olub. Biz isə büdcədə aşağı qiymət götürməklə özümüzü sığortalaya bilmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək”.

"Koronavirus (COVID-19) pandemiyasına görə, biz 2020-ci ildə bir çox proqnozlarımızı dəyişməli olduq. 2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3,4% artacağı proqnozlaşdırılırdı, ancaq 5,6% artıb".