Ölkə 13:39 28.02.2024

Nazirliyin keçmiş şöbə müdiri və əməkdaşı Ali Məhkəməyə müraciət etdi

Oğuz-Qəbələ Regional Meşə İdarəsinin keçmiş müdiri İlqar Qəribov və müəssisənin digər əməkdaşı İlqar Calalov barəsindəki cinayət işi ilə bağlı Ali Məhkəməyə müraciət edilib. 

Qaynarinfo-nun əldə etdiyi xəbərə görə, kassasiya şikayətini adıçəkilən şəxslərin verdiyi bildirilir. Əziz Seyidov iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı bəlli deyil. 

İlqar Qəribovla İlqar Calalov 2020-ci ildə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 259.3-cü (Qanunsuz ağac kəsmə) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

İlqar Qəribovla İlqar Calalovun cinayət işinin məhkəmə istintaqı barədə məlumat yoxdur. Onlara hansı cəzanın təyin edildiyi bəlli deyil. Bəlli olan odur ki, istintaq prosesində İlqar Qəribova Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) maddəsi ilə də ittiham irəli sürülüb. 

Oğuz-Qəbələ Regional Meşə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumdur. 

Seyid