Sənət 11:32 29.03.2023

Şöhlət İxtiyaroğlu: “Kitab mağazalarında çeşid yoxdur” (MÜSAHİBƏ)

Naşir Şöhlət İxtiyaroğlunun Qaynarinfo-ya müsahibəsi:

- Şöhlət müəllim, "Qədim Qala” nəşriyyatının icraçı direktoru olaraq ölkədə nəşriyyat və kitabçılıq sahəsindəki vəziyyəti necə dəyərləndirirsiz?
- Düşünürəm ki, hər iki sahədə: istər kitabçılıq, istərsə də nəşriyyat sahəsində inkişaf göz qabağındadır. Ölkədə nəşriyyat fəaliyyətinin səviyyəsi, həcmi, istiqaməti cəmiyyətin maddi, ictimai-siyasi və mədəni şəraiti ilə müəyyən edilir. Nəşriyyatların, kitab mağazalarının, "buk-kafe”lərin açılması da kitabçılıq sahəsində bir inkişafdır. Artıq nəşriyyatlar arasında keyfiyyətli nəşrlər üçün sağlam rəqabət də müşahidə olunur. 

- Son dövrlərdə kitaba maraq, tələbat sizi qane edirmi?
- Bəzilərindən fərqli olaraq düşünmürəm ki, müasir cəmiyyətdə insanlar daha az oxuyurlar. Bəli, kitaba münasibət dəyişib, o baxımdan ki, evdə kitabların olması artıq prestij məsələsi olmaqdan çıxıb. Həyatın ritmi sürətlənib, informasiya mənbələri çoxalıb. Bəziləri üçün mütaliəni radio və televiziya əvəz edir, bəziləri isə virtual aləmə üz tutur. Kitaba tələbat, sözsüz ki, var. Olmasa, bizim işimizin mahiyyəti də qalmaz. Tələbatın mahiyyəti dəyişir, inkişaf edir, yenilənir və biz də buna uyğunlaşmağa çalışırıq. Azərbaycanda da oxucu potensialı kifayət qədər yüksəkdir.
 
Mədəniyyət Nazirliyinin əvvəllər iki ildən bir, son iki ildə isə hər il keçirdiyi Bakı Beynəlxalq Kitab Sərgisi, həmçinin ANAİB-in bölgələrdə təşkil etdiyi sərgilər kitaba marağı artırır, kitabı oxuculara daha əlçatan edir. Ümidliyik ki, kitaba maraq bu templə artmağa davam edəcək. 

- Nəşriyyatların üzləşdiyi çətinliklər, problemlər hansılardır?
- Hazırda üzləşdiyimiz bir çox problemlərdən danışmaq olar. Maliyyə problemlərindən tutmuş peşəkar, müasir tələblərlə ayaqlaşan ixtisaslı kadrların yetərsizliyi və s. kimi problemlərimiz var. 

Ən ümdə məsələ nəşriyyatlar üçün iqtisadi problemdir. Kitabçılıq özəl sektor olduğundan bəzi çətinliklər yaşamaqdadır. Nəşriyyatlara heç bir datasiya verilmir. Əlavə dəyər vergisi kitabdan götürülsə də, dünya bazarında kağızın qiymətinin qalxması nəticəsində vəziyyət heç də düzəlmədi. 

Eyni zamanda bölgələrimizdə kitabın oxucu üçün əlçatan olmaması, ölkədaxili poçt xidmətlərinin baha olması da əsas problemlərimizdəndir. Məsələn, biz  nəşriyyat olaraq əvvəllər regionlara kitabları öz hesabımıza göndərə bilirdik. Lakin sonradan xidmət haqqının artması birbaşa kitabın qiymətinə də təsir etdi. Beləliklə, oxucu kitabdan əlavə poçt xidmətinə görə də ödəniş etməli olurdu. Kitaba görə əvvəlkindən hiss ediləcək dərəcədə çox ödəniş etmək məcburiyyəti insanların kitab almasını çətinləşdirdi.

Daha bir problem isə odur ki, bölgələrimizdə kitab mağazaları inkişafdan geri qalır, insanlara geniş kitab çeşidi, yeni kitablar təqdim edə bilmir. Səbəbi isə mağazanın maddi vəziyyətinin buna imkan verməməsidir.

- Elektron vasitələrin hökmran olduğu bir dövrdə kitaba sevgini necə artırmaq olar?
- Yeni informasiya texnologiyaları müasir inkişafın müəyyənedici amili olsa da, ənənəvi kitaba marağın azalacağı haqqında dəqiq məlumat yoxdur. Zənnimcə, texnika nə qədər inkişaf etsə də, kitabxanalar, kitab mağazaları fəaliyyətini dayandırmayacaq.

Düşünürəm ki, fiziki kitab daha effektivdir. Dünya bazarında da elektron kitab fiziki kitabı üstələməyib. Fiziki kitabın öz üstünlükləri var. Əsas olan isə, təbii ki, oxumaqdır. İnsanın zamanı nəyə uyğundursa, ona üstünlük verməsi də anlaşılandır.

Bununla belə, bildirmək istəyirəm ki, biz də texnologiyadakı yenilikləri, oxucuların yeni tələbatlarını nəzərə alaraq bu sahədə müəyyən addımlar atmışıq və atacağıq. Belə ki, hal-hazırda ölkəmizdə fəaliyyət göstərən "Audiokitab”la əməkdaşlıq edirik. Gələcəkdə bu istiqamətdə tələbatlar artarsa, biz də bu yöndə fəaliyyətimizi genişləndirəcəyik. Çünki bizim üçün əsas olan mütaliəyə marağın artmasıdır.

- Azərbaycanda oxucuların diqqətini daha çox nələr çəkir?
- Oxucular daha çox psixoloji, fərdi inkişaf, elmi, detektiv və macəra janrlarında olan əsərlərə üstünlük verirlər. 
 
Bundan əlavə, kitabın mövzusu da oxucunun diqqətini çəkən əsas amillərdəndir. Mətnin axıcı, anlaşılan olması da kitab seçiminə təsir edir. Kitab sənayesinin inkişafı oxucuları daha seçici edib. Buna əsaslanaraq nəşriyyatlarımız da kitabların daha keyfiyyətli olmasına çalışır. 

- Bəs sizin kitablarınızın bestseller olmasının səbəbini nədə görürsünüz?
- Bestseller sözü böyük tirajla çap olunan kitablara şamil olunur, baxmayaraq ki, rəqəmlər həmişə reallığı əks etdirməyə bilər. Mənə görə, kitabın mövzusu, müəllifin üslubu, çatdırmaq istədiyi mesaj, oxucunun kitabda müəyyən dərəcədə özünü tapması, həmçinin kitabdan nə qədər fayda götürə biləcəyi də önəmlidir. Böyük qürur hissi ilə deyə bilərəm ki, bizim kitablarımız hər cəhətdən auditoriyanın zövqünü oxşadığı üçün davamlı olaraq təkrar nəşrə tələbat yaranır. Məsələn, "Qədim Qala” nəşriyyatının çap etdiyi "Bu şəhərdə kimsə yoxdur” psixoloji romanı 2016-2018-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub. Roman indiyə qədər davamlı olaraq yüksək tirajla satıldığı üçün artıq 25-ci təkrar nəşri çap ediləcək, bu da ölkəmiz üçün  rekord göstəricidir. 

Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə Amerikanın "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. 2022-ci ildə Amerikanın Mayami şəhərində keçirilən mükafatlandırma mərasimində müsabiqənin qızıl medalı müəllifə təqdim olunub. 

2018-ci ildə intellektual psixoloji detektiv janrında yazılmış, adı ilə böyük maraq doğuran "Abaddon" kitabının ilk tirajı cəmi üç saata satılıb.  Bu roman da "Readers’ Favorite" tərəfindən "beş ulduz"la təltif olunub.

- Bölgələrdə kitab tapmaqda problemlər yaşanır. Bu problem haqqında nə düşünürsünüz?
- Aydındır ki, nəşriyyat sənayesinin inkişafı üçün ümumi strategiya hazırlamaq çox çətindir, çünki bölgələrdəki vəziyyət mərkəzdən əsaslı şəkildə fərqlənir. Hal-hazırda regionlarda kitabları yaymağın yolu kitab sərgiləri, yarmarkalarıdır. Bu tədbirlərin həyata keçirilməsində məqsəd oxucuların kitaba əlçatanlığını təmin etmək, həmçinin yerli mağazaların inkişafına dəstək vermək, onlarla daha sıx əməkdaşlıq etməkdir. Bununla da biz yerli mağazaya tələbat yaratmış oluruq. Bu həm təcrübə mübadiləsi, həm də inkişaf arenasıdır. 

Qeyd edim ki, bir neçə il öncə yaranmış ANAİB-in təsisçilərdən biri də "Qədim Qala” nəşriyyatıdır. Fəaliyyətə başladığımız ilk vaxtlardan diqqətimizi regionlarda kitab sahəsinin inkişafına da yönəltmişik. Bu baxımdan regionlara "Kitabla gəlirik” adlı sərgilərimizə başladıq. İlk dəfə Sumqayıtda, daha sonra isə Gəncədə, Xırdalanda, kitab sərgiləri təşkil etdik. Bu il də ilk region səfərimiz 10-12 mart tarixlərində Lənkəranda baş tutdu. 

Bu sərgilərin keçirilməsində əsas məqsəd oxucuları kitablarımızla yaxından tanış etmək, nəşriyyatlarımızı tanıtmaq, kitab oxuyan kütləni üzə çıxarmaq, kitaba maraq oyatmaq, endirimli qiymətlər təklif etməklə kitab oxunmasına zəmin yaratmaqdır. Bu yolla regionlarda da kitab sektoru inkişaf edəcək.

- Bir kitabçı kimi oxuculara nə tövsiyə edərdiniz?
- Sevindirici haldır ki, hər yaş kateqoriyasına, hər zövqə xitab edən yazarlarımız, kitablarımız var. Kitab seçimində diqqətli olmalıyıq ki, oxu prosesi mədəni inkişaf prosesinə çevrilsin.  

Mən bütün oxuculara daim kitabla olmağı tövsiyə edirəm.