"İndiki vəziyyətdə Ukraynada müharibəni dayandırmaq üçün növbəti sülh sammitinə qatılmaq Rusiyanın maraqlarına cavab vermir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Almaniya kansleri Olaf Şoltsun Ukrayna böhranının həlli üçün Rusiyanın növbəti sammitdə iştirakının vacibliyini vurğulamasını şərh edərkən deyib.
"Qərbin təşkilatçılığıyla Rusiya ilə Ukrayna arasında nəzərdə tutulan növbəti sülh sammiti əslində gerçək sülhə xidmət etməyəcək. Ukraynanın Rusiya ərazisi olan Kursk vilayətinin bir hissəsini nəzarətə götürməsindən sonra keçiriləcək bu sammit təkcə hərbi əməliyyatlarda deyil, həm də diplomatik masada Kiyevin əlini gücləndirə biləcək amil kimi qiymətləndirilə bilər. Bu səbəbdən də Moskva dəvət edilsə belə, növbəti sülh sammitində iştirak etməyəcək", deyə Taleh Əliyev bildirib.
Ekspertin fikrincə, masanı təşkil edənlərin Kiyevin müttəfiqləri olması və Ukraynanın Kursk uğuru fonunda yaranan yeni reallıqlar çətin ki, Rusiyanı sülh sammitində iştiraka sövq etsin:
"Moskva isə yeni reallıq deyəndə işğal etdiyi Ukrayna torpaqlarının nəzarətində qalmasını nəzərdə tutur. Kiyevin Kursk qələbəsindən sonra isə yəqin ki, yeni reallıq yanaşması Rusiya üçün o qədər də aktual olmayacaq. Çünki yeni reallıqda Kursk vilayətinin bir hissəsi artıq Ukraynanın nəzarəti altındadır. Burada Ukrayna dövlət qurumları tərəfindən komendantlıq sistemi də formalaşıb. Bu baxımdan sülh danışıqları Kiyev üçün əlverişli olsa da, Rusiya tərəfi üçün heç də uğurlu zaman deyil. O baxımdan Rusiyanın müharibənin həlli istiqamətində təşkil olunacaq növbəti toplantıya qatılacaq qənaətində deyiləm".
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişənin sülhün necə əldə olunacağını müzakirə etmək məqamı olduğunu deyib və Rusiyanın böhranın həlli üçün yeni sammitdə iştirakını bir daha müdafiə edib. Bu barədə o, ZDF televiziyasına müsahibəsində deyib.
"Fikrimcə, indi bu müharibə vəziyyətindən sülhə necə keçəcəyimizi indiki məqamda real görünəndən daha tez müzakirə etməliyik. İstənilən halda yeni konfrans keçiriləcək. Ukrayna prezidenti Volodimir Zelenski ilə mən eyni fikirdəyik ki, Rusiya orada təmsil olunmalıdır", deyə Şolts bildirib.
Xatırladaq ki, İsveçrədə keçirilən ilk sammitə Moskva dəvət olunmamışdı. Lakin ondan sonra Ukrayna prezidenti Volodimir Zelenski daxil olmaqla bir çox Qərb liderləri də növbəti sammitə Rusiyanı da dəvət edəcəklərini bəyan ediblər. Rusiya isə hələlik bu məsələyə konkret nə "hə", nə də "yox" cavabı verib.
Rüfət Sultan
Şərhlər