Noyabrın 14-də Bakının Xətai rayonunda baş verən yanğın bir
daha çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Belə ki, Bakıda hündürmərtəbəli binada baş
verən yanğın nəticəsində 11 nəfər zəhərləndi. İkibloklu binanın mansard hissəsi təxminən,
180-200 kv/m ərazi yandı.
Yanğının baş verməsinə ilkin ehtimal şaxtadan keçən naqillərdə
həddən artıq yüklənmə səbəbindən yaranan qısaqapanmanın mansardda olan naqillərə
keçməsidir.
Bu hadisə bir daha göstərdi ki, əksər yeni tikililərdə ,
çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir.
Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan mənzil-tikinti məsələləri
üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikinti bumundan sonra Azərbaycanda
yeni tikililərdə təhlükəsizlik qaydaları problemi çox ciddi səviyyədə oldu:
"Burada da ən ciddi qaydalardan biri bilavasitə yanğın təhlükəsizliyi ilə bağlı
məsələdir. Hazırda cənab prezidentin 19 fevral 2019- cu il tarixli fərmanı nəticəsində
bəzi çoxmənzilli binaların istismara qəbulunun sadələşdirilməsi ilə bağlı fərman icra olunur. Bu fərmanın icrası çərçivəsində ən
ciddi yanaşılan məsələlərdən biri məhz yanğın təhlükəsizliyi ilə bağlıdır. Bu normativlər və qaydaların
pozulması hallarının aşkarlanması və onların aradan qaldırılması əsas məsələdir.
Çoxmənzilli binalarda belə hallar aşkar olunursa, Fövqəladə Hallar Nazirliyi və
Təhlükəsizliyə Nəzarət Dövlət Departamenti tərəfindən həmin binalara xəbərdarlıq edilir. Bu iki qurum həmin
binalarda sözügedən problemlərin aradan qaldırılmasına nəzarət edir və yalnız
bundan sonra onların istismarına Fövqəladə Hallar Nazirliyi tərəfindən müsbət rəy verilir. Bu günə kimi
200 -dən artıq bina bu fərman çərçivəsində istismara qəbul olunub. Demək olar
ki, bu binalarda yanğın təhlükəsizliyi ilə bağlı problemlər müəyyən qədər
aradan qalxıb. Ancaq demək olmaz ki, bu sahədə vəziyyət idealdır”.
Ekspertin sözlərinə görə, qaydalar bunu tələb edir ki, bütün
çoxmənzilli yaşayış binalarında və ümumiyyətlə tikintisinə icazə tələb olunan
bütün tikililərdə yanğın təhlükəsizliyi qaydalarına mütləq şəkildə əməl
olunmalıdır: "Binanın bütün mərtəbələri vəqeyri-yaşayış sahəsi mərkəzləşdirilmiş yanğın təhlükəsizliyinə qarşı
şitlə təmin olunmalıdır. Nasoslar qoyulmalıdır, yanğın hallarında həmin
qurğular avtomatik işə düşməlidir. Bir sıra binalarda müəyyən cihazlar
quraşdırsalar da tam olaraq işə salmayıblar. Yəqin ki, yaxın gələcəkdə bu
problemlər də aradan qalxacaq. Hazırda bu istiqamətdə çox ciddi işlər görülür və
ilin sonunda tam olaraq vəziyyətin nə dərəcədə
müsbətə doğru dəyişdiyini görə biləcəyik”.
R.Osmanlı bildirdi ki, yanğın zamanı binadan tüstünün
sorulması üçün də xüsusi qurğu quraşdırılmalıdır: "Bütün binalarda tüstü
bacaları var. Bunlar binanın şaxtasına birləşdirilməmiş şəkildə qurulmalıdır.
Ancaq təəssüflər olsun ki, bir sıra yeni tikililərdə tüstü bacaları bilavasitə
şaxtalara birləşdirilir. Ona görə də, tüstü o bacadan xüsusi qurğu ilə boş əraziyə
vurulduqda şaxta vasitəsilə mənzillərin mətbəxtlərindən çıxan havaqovucu
borularla mənzillərə dolur. Belə problemlər var və ona da diqqət olunmalıdır”.
Çoxmərtəbəli binalarda yanğın çıxışları və pilləkənlərinin
olmasına gəlincə, ekspert bildirdi ki, əksər
binalarda bu yoxdur: "Binaların böyük əksəriyyətində bilavasitə yanğın təhlükəsizliyi
ilə bağlı olan pilləkən qəfəslər demək
olar ki, qurulmayıb. Hesab etmirəm ki, hazırki mərhələdə bu problem həll etmək
mümkün olacaq. Çünki bu kifayət qədər böyük problemdir. Bunun üçün binanın
bütün elementlərinə yenidən baxılmalıdır. Bu mənada həmin problemin tam olaraq
aradan qalxacağını düşünmək düzgün deyil. Ancaq bir sıra yeni tikililərdə
problem qismən həll etmək üçün tikinti şirkətləri pilləkən qəfəslərini binanın
ümumi yaşayış üçün istifadə olunan ərazisindən və lift meydançalarından kənarda
inşa ediblər. Binada liftlər başqa istiqamətdədir, pilləkən qəfəslər isə
ayrıdır. Demək olar ki, bütün bloklara pilləkənlə ayrıca çıxışlar var. Bunu
problemin həlli üçün ideal olmasa da, optimal variant hesab etmək olar”.
R.Osmanlı onu da vurğuladı ki, vətəndaşlar mənzil alarkən
binanın təhlükəsizlik qaydaları ilə bağlı parametrlərinə diqqət etməlidirlər:
"Təəssüf ki, vətəndaş mənzil alarkən çox nadir hallarda bu məsələlərə diqqət
edir”.
Yanğın təhlükəsizliyi qaydalarında isə qeyd olunur ki,
binaların təhlükəsizliyi üçün tüstüdən müdafiə sistemi, yanğın avtomatika
qurğuları, qəza işıqlandırıcıları, yanğına qarşı daxili su kəməri, qəza lifti
müntəzəm yoxlanmalı və işlək vəziyyətdə saxlanılmalıdır.
Yanğın vaxtı işə salınan xüsusi ventilyatorlarının,
siqnalizasiya cihazlarının, yanğına qarşı sistemlərinin işə salma qurğularının
təyinatı və işlətmə qaydası lövhəyə yazılıb asılmalıdır. Avtomatik
yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına, tüstüyə qarşı müdafiə
sisteminə, yanğına qarşı daxili su şəbəkələrinin nasos stansiyasına texniki
xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməlidir. Təbii
işıqlandırıcısı olmayan köçürmə yolları daima elektrik işığı ilə
işıqlandırılmalıdır Tüstüyə qarşı müdafiə sisteminə açılan qapı saz,
özübağlanan qurğu və kipləşdirici ara qatla təmin olunmalıdır. Yüksək mərtəbəli
yaşayış binalarının, avtomatik yanğına qarşı müdafiə vasitələri və qurğuları, mənzil
kommunal təsərrüfatının vahid dispetçer xidməti sisteminə qoşulmalıdır.
Köçürmə (təxliyyə) yollarının konstruktiv elementlərinin odadavamlı
örtüyü və ya onların üzərinə çəkilmiş suvağın müdafiə qatı yaxşı istismar vəziyyətində
saxlanılmalıdır. Pilləkən qəfəslərində
quraşdırılmış elektrik şitləri etibarlı açarlar ilə bağlanmalıdır. Binaların çardaqları daima təmiz olmalıdır.
Texniki mərtəbələrin və çardaqların pəncərələri şüşələnməli, daima bağlı
saxlanılmalıdır. Binaların çardaqlarında yanar materialların və əşyaların
saxlanılması qəti qadağandır. Binaların zirzəmiləri daima bağlı saxlanılaraq,
açarlar nəzarət otağında və yaxud kamendantda olmalıdır. Zirzəmilərin və
texniki mərtəbələrin girişində, onların plan sxemləri asılmalıdır. Burada
da yanar materialların və əşyaların
saxlanılması qəti qadağandır. Əks halda bu yanğının daha sürətlə yayılmasına,
daha təhlükəli hal almasına və dəyən ziyanın həcminin artmasına gətirib çıxara
bilər.
Şərhlər