Xəbər lenti

Paşinyan seçkidə uduzsa, sülh müqaviləsinin aqibəti necə olacaq? (ŞƏRH)
Dünya 18:50 10.02.2025

Paşinyan seçkidə uduzsa, sülh müqaviləsinin aqibəti necə olacaq? (ŞƏRH)

"Sülh müqaviləsinin imzaıanmasının Ermənistandakı seçkilərlə əlaqəsi yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ReAL sədri Natiq Cəfərlinin Ermənistanda 2026-cı il seçkilərilə hakimiyyət dəyişikliyi olacağı və ona qədər Bakı ilə İrəvan arasında sülh sənədinin imzalanmasını vacib sayması barədə fikirlərini şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, sülh müqaviləsi məsələsi artıq müəyyən fazaları keçib:

"Ortada qalan bir neçə mərhələnin nə zaman həll olunacağı isə bir çox şeydən asılıdır. Ona görə də sülh müqaviləsi məsələsini Ermənistandakı seçkilərlə birbaşa bağlamazdım. Əksinə, Azərbaycanın çalışdığı və dediyi odur ki, bu gün Paşinyandır, sabah isə başqası hakimiyyətdə olanda sülh müqaviləsinin şərtləri dəyişməsin. Ona görə də sülh məsələsini Ermənistandakı seçkilərə bağlamaq doğru yanaşma deyil. Əksinə, təhlükə ondadır ki, sülh müqaviləsi kiminsə əyninə ölçülə bilər".
 


Ermənistanda hakimiyyətin dəyişməsi məsələsinə gəlincə, həmsöhbətimiz düşünür ki, Paşinyanın hələlik mövqeləri güclüdür:

"Ermənistanda gələn il olacaq seçkilərin nəticələri başqa amillərdən asılı olacaq. Hazırda dünya düzəni məsələsində ciddi transformasiyalar baş verir. Ermənistanın özündə də həmin seçkilərə baxış bir qədər fərqlidir. Ona həm Paşinyan cəbhəsində, həm də Rusiyapərəst cəbhədə ciddi hazırlıq gedir. Açıq şəkildə görsənir ki, tərəflərdən heç biri üçüncü tərəfin ortada peyda olmasına razı deyil və həta deyərdim ona qarşı birlikdə mübarizə aparırlar. Odur ki, sona qədər mübarizə bu iki tərəf arasında gedəcək. Paşinyan həmçinin kifayət qədər ciddi üstünlüyə malikdir və o bu üstünlüyü  əldən verməyəcək".
 
Ekspert qeyd edir ki, seçki dövründə hətta Ermənistandakı Rusiyapərəst qüvvələr daxilində belə ciddi parçalanmaların şahidi ola bilərik:

"Rusiyanın da Ermənistana müdaxilə imkanları xeyli məhduddur. Xüsusən də nəzərə alaq ki, seçkilər yaxınlaşdıqca, Rusiyapərəst qüvvələr daxilində ciddi parçalanma, mübarizə baş verəcək. Bu gün Ermənistan daxilində Koçaryanla Sarkisyanın davası heç də Ermənistan-Azərbaycan davasından o qədər də az gözə çarpmır. Onların daxili siyasəti üçün bu məqam mühüm bir element kəsb edir. Yəqin bu məsələdə vəziyyət payıza doğru daha çox durulacaq".

Qeyd edək ki, ReAL sədri Natiq Cəfərli 2026-cı il seçkilərilə Ermənistanda hakimiyyət dəyişikliyinin reallaşa biləcəyini bildirib: "ABŞ-dan, AB-dən Ermənistana gələn qrantlar xeyli azalacaq deyə, bu ölkədə siyasi mübarizə daha maraqlı hal alacaq. Kremlin isə Ermənistanda həm açıq, ayaqda olan, həm də "yatmış”, istənilən anda  hərəkətə keçə bilən "hücrələri” var. Əgər  Ermənistan mediasında Ukraynada olan mənzərəyə yaxın maliyyələşmə varsa (Ukraynada medianın 90% qrantlarla  ayaqda qalır), qonşumuzdakı media və sivil toplum özünə yeni maliyyə mənbələri axtarışına çıxacaq. Bu an Rusiyanın erməni oliqarxlarının pulu işə düşə bilər. Yəni, zatən Ermənistanın, guya, Rusiyadan uzaqlaşdığı mif idi, indi bu mif də dağıla bilər ki, bu da  bizə xeyirli deyil”. 

Partiya sədri ona qədər Bakı ilə İrəvan arasında sülh sənədinin imzalanmasını vacib hesab edib:

"Məncə, ona qədər Ermənistanla məhz elə ABŞ-ın, Trampın moderatorluğu ilə böyük sülh sənədi imzalamaq lazımdır və bu təklif rəsmi Bakıdan gəlməlidir - biz təklif edək, görək İrəvan bundan imtina edə biləcəkmi”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->