Siyasət 13:36 09.08.2022

Putin və Paşinyan nə barədə danışıb? (ŞƏRH)

"Hesab edirəm ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla 3 vacib məsələni müzakirə edib”. 
 
Bunu Qaynarinfo-ya sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığını şərh edərkən deyib. 

Sabiq nazir bildirib ki, Putin və Paşinyan ilk növbədə erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılmasını müzakirə ediblər: "Laçın dəhlizinin istiqamətinin dəyişməsi və orada gələcəkdə tətbiq olunan şərait də müzakirə olunub. Hesab edirəm ki, indiki vəziyyət orada davam etməməlidir. Həmin ərazidə Azərbaycan dövlətinin sərhəd və gömrük nəzarəti bərpa olunmalıdır”. 


Tofiq Zülfüqarov müzakirə olunun digər mövzunun da vacibliyini vurğulayıb: "Fikrimcə, ən vacib mövzu Zəngəzur dəhlizidir. Biz görürük ki, həm Tehran görüşündə, həm də ondan sonra cərəyan edən proseslərdə dəhlizə diqqət çox yüksəkdir”. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Hər iki ölkənin liderləri söhbət zamanı Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. 

Bahar Rüstəmli