Dünya 15:56 29.01.2023

Putinin məğlubiyyəti qaçılmazdır, Kreml prezidentlik uğrunda mübarizəyə hazırlaşır - Rusiyalı siyasətçi

Rusiya Dövlət Dumasının keçmiş deputatı, rusiyalı müxalif siyasətçi Dmitri Qudkov bildirib ki, güc strukturları öz qüvvələrini artırmağa başlayıb, ölkədə getdikcə daha çox özəl hərbi şirkətlər yaradılır. Rusiya elitası Vladimir Putinin gedişindən sonra ölkə rəhbəri postu uğrunda mübarizə aparmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, Dmitri Qudkov bu barədə "FREEDOM” kanalının efirində bildirib.

"Putin qətiyyən heç bir varisi haqqında düşünmür. O, 2024-cü ildən sonra, mümkünsə 6 il, hətta 12 il hakimiyyətdə qalmaq istəyir. Biz bilirik ki, Putin üçün hər şey plana uyğun gedir. Düşünürəm ki, onun prezidentlik müddəti bitəcək", deyə Dmitri Qudkov qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda, Qərb liderləri Ukraynanı dəstəkləmək üçün bir araya gəlib və daha qətiyyətli olublar. Xüsusilə döyüş tanklarının Kiyevə təhvil verilməsi, müasir aviasiya ilə təmin olunması üçün müzakirələr buna sübutdur.

"Qərbin mövqeyi hətta Rusiya ilə münaqişədə həmişə kifayət qədər ehtiyatlı olan ölkələrdə də dəyişib. Başa düşdüyüm odur ki, Putinin hərbi məğlubiyyəti həll olunmuş məsələdir, hər şey bunun nə vaxt baş verməsindən asılıdır. Və fikrimcə, hərbi məğlubiyyət Rusiya daxilində gələcək siyasi proseslər üçün belə mühüm katalizator ola bilər”, deyə müxalif siyasətçi əlavə edib.

Qudkovun fikrincə, Kreml elitası artıq başa düşüb ki, Putinin məğlubiyyəti qaçılmazdır. Ona görə də Rusiyada artıq Putindən sonra ölkəyə rəhbərlik edəcək mümkün namizəd haqqında düşünürlər:

"Mübarizənin təhlükəsizlik qüvvələri ilə müxtəlif hüquq-mühafizə orqanları arasında gedəcəyi aydındır. Ona görə də hazırda Putinin ətrafındakı bütün qruplar öz qüvvələrini yaratmaqla məşğuldur. Məsələn, PVK yaradılır. Kifayət qədər aydındır ki, onlar Putindən sonra dövlət başçısı rolu uğrunda mübarizədə iştirak edəcəklər”.

Aydın