"Bu məsələ təhlükəsizliklə bağlıdır, Qarabağa səfər edənlərin say azlığı ilə əlaqəsi yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Qarabağa səfər edənlər şəxslər üçün yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı qərardan danışarkən deyib.
Onun sözlərinı görə, 18 yaşa qədər insanlar adətən azad hərəkət etməyi sevirlər:
"Çox vaxt da təlimatlara əməl etmirlər, bəzən bilərəkdən, bəzən də bilməyərəkdən qaydaları pozurlar. Onlar təlimatdan kənara çıxa bilərlər. Bu səbəbdən də səfərlərə 18 yaş məhdudiyyəti tətbiq edilmişdi. İndi isə mina təmizlənən ərazilərin sərhəddi genişlənib. Ona görə də hesab edirəm ki, belə bir qərar qəbul edilib".
Ekspert qeyd edib ki, hökumət Qarabağa səfər edənlərin say çoxluğunda maraqlı deyil:
"Amma səfər edənlər də var. Sözsüz ki, oranı görmüş, vaxtı ilə orada yaşamış insanların səfəri həmişə arzulanandır. Buna görə kifayət qədər insan Şuşaya gedib-gəlir".
Akif Nəsirli bir neçə aydan sonra Şuşaya səfər edənlərlə bağlı şərtlərin daha da asanlaşacağını vurğulayıb:
"Qarabağa sərnişin aparan avtobuslar olacaq. Məskunlaşma getdikcə əlaqələr intensivləşəcək və güclənəcək".
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb. Oktyabrın 27-dən etibarən 18 yaşına çatmayan şəxslər üçün də onlayn qaydada bilet almaq mümkün olacaq.
Bahar Rüstəmli
Şərhlər