Xəbər lenti

“Qəbələ”nin baş məşqçisi: “Bizə qarşı aqressiv davrandıqları üçün...”
İdman 12:54 27.10.2023

“Qəbələ”nin baş məşqçisi: “Bizə qarşı aqressiv davrandıqları üçün...”

"Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında ilk mərhələni keçdi. Səfərdə Macarıstan təmsilçisi "Puşkaş Akademiyası” ilə qarşılaşan "Qəbələ” 1:0 hesablı qələbə qazanaraq tarixində ikinci dəfə mərhələ adlamış oldu. Təmsilçimizin ikinci mərhələdəki rəqibi İtaliya "Leççe”sini məğlub edən Yunanıstan klubu "Olimpiakos”dur. 

"Qəbələ”nin baş məşqçisi Famil Xəlilov Qaynarinfo-ya açıqlamasında həm "Puşkaş Akademiyası” ilə matç haqda təəssüratlarını bölüşüb, həm də "Olimpiakos”la oyuna hansı şəkildə hazırlaşmaq fikrində olduqlarını deyib:

"Uzun müddət yol getdiyimiz üçün yorğunluq müşahidə olunurdu. Bir qədər istirahətdən sonra uşaqlar toparlana bildilər. Oyuna gəlincə, "Puşkaş Akademiyası” daha yaxşı və hazırlıqlı görünürdü. Çünki mərhələ adlamaq şansları çox idi. Azarkeş dəstəyi, həm də keyfiyyətli futbolçularının sayı kifayət qədər idi. Oyun gərgin şəkildə başladı. Bir neçə qol vəziyyəti oldu ki, futbolçularımız dəyərləndirə bilmədilər. Amma tezliklə özümüzə gəldik və oyun səviyyəsi bərabərləşdi. Hər iki komanda bir az ehtiyatlı oyun nümayiş etdirirdi, çünki heç kim risk etmək istəmirdi. Biz hesabı açdıqdan sonra rəqib təzyiqi artırmağa başladı. Bundan sonra hər iki komandanın kifayət qədər qol imkanı oldu, sadəcə dəyərləndirmək baxımından bizimkilərdə dəqiqlik daha üstün idi. Hesab fərqli ola bilərdi. Daha çox qol vura bilərdik. Çünki rəqib önə doğru pressinq edib müdafiədə boşluqlar verməyə başlamışdı. Ədalətli hesabdır, layiqli qələbə qazandıq. Futbolçularımıza nə tapşırıq vermişdiksə, yerinə yetirdilər. Daha çox müdafiəyönümlü futbola üstünlük verdik. Bilirdik ki, rəqibin heyətində ukraynalı təcrübəli, sürətli legionerləri vardı. Bu komanda ilə açıq oynamaq olmazdı. Ehtiyatlı davranmağa üstünlük verdik, fikirləşdiyimiz kimi oldu. Onları bu şəkildə cəzalandırdıq. İlk oyunda rəqibin nələrdən istifadə etdiyini, harada boşluq verdiklərini artıq müəyyənləşdirmişdik”.

Xəlilov ilk oyundan fərqli olaraq taktika baxımından dəyişiklik etməsələr də, müəyyən futbolçuların əvəzləndiyini bildirdi:

"Taktiki olaraq heç bir dəyişklik yox idi. Çünki bundan öncəki oyunlarda rəqibin hansı sistemə üstünlük verdiyinin şahidi olmuşduq. Elə gözlədiyimiz kimi də oynadılar. Heyətə gəlincə, Qəbələdə əsas heyətdə meydana çıxan qapıçımız Həbib Huşanov U-17 millisinə dəvət aldığı üçün ikinci oyunda sıralarımızda yox idi. Ona görə də Məmməd Muradovla başladıq. Yaxşı təsir bağışladı. Təcrübəli qapıçıdır, artıq 10 ildir akademiyada yetişir. Bir də start heyətində Xəyyam Məmmədlini İlkin Budaqovla əvəzləmişdik. Başqa dəyişiklik yox idi. Həm sistem, həm oyun üslubu olaraq eyni qaydada davam etdik”.

Mütəxəssis hakimlərin qərəzli qərarlar vermədiyini, amma rəqibin bu məğlubiyyəti həzm etmədiyi üçün gərginlik yaratmağa çalışdığını bildirdi:

"Deməzdim, hakimlər qərəzli qərarlar çıxarırdı. Templi oyun olduğu üçün kifayət qədər sarı vərəqə göstərildi. Yeri gəlmişkən bunu da deyim ki, "Olimpiakos”la oyunda hücumda iki önəmli futbolçumuzdan - Sənan Ağalarovla Xəyyam Məmmədlidən istifadə edə bilməyəcəyik. Sarı kart cəzalısı oldular. Rotasiyalara getmək məcburiyyətindəyik. Çünki ilk, ev oyunumuzda meydanda olmayacaqlar. Rəqibin xüsusən də qapıçısı məğlubiyyəti həzm edə bilmirdi. Bizim futbolçulara qarşı aqressiv davrandığı üçün qırmızı vərəqə ilə cəzalandırıldı. Məşqçilərində də o emosiyanı gördüm. Çünki təbrik etmək və uğurlar diləmək üçün ona yaxınlaşanda iradlar bildirməyə başladı. Onun dediyinə görə, futbolçularım yerdə yıxılıb qalırdı, oynamağa imkan vermirdik onlara. 20 ilə yaxındır məşqçi kimi fəaliyyət göstərirəm, heç vaxt futbolçularıma hansısa oyunu gecikdirməklə bağlı tapşırıq verməmişəm. Çünki xoşuma gəlməyən məqamdır. Təbii ki, mən də qarşı tərəfə aqresiyamı göstərdim, düzgün danışmadığını dedim. Bu hallar bizə yaraşmaz. Oyunun tempi yüksək idi deyə, futbolçuların ayaqlarının qıcolması, zədələnib yerdə qalması normaldır. Onlar da bizimkilərə qarşı kifayət qədər sərt oynayırdılar. Məğlub olan məşqçilər üçün normal haldır. Bu, oyunun aqressiyasından qaynaqlandığı üçün o qədər də üstünə getmədim. Həqiqətən çox yaxşı komandası var. Düşünürdü ki, "Qəbələ”ni rahatlıqla üstələyəcək. Amma ümidləri bir qədər puç oldu, ona görə də belə reaksiyaları normal qarşılayıram. Mən də öz mədəniyyətimi nümayiş etdirdim. İstənilən çemnpionat, ya da ki beynəlxalq oyunlarda həm rəqib futbolçualrla, həm məşqçi ilə görüşürəm. Bu xarakterimdir. Məğlub olsaydım da, eyni addımı atacaqdım. Ancaq eyni reaksiyanı verəcəkdim ya yox, bunu bilmirəm. Sonradan yenə də hər şey normala döndü. Hər iki komanda birlikdə axşam yeməyinə toplaşdı”.

Məşqçi "Olimpiakos”la matça necə hazırlıq görmək fikrində olmaları, rəqibi analiz edib-etmədikləri haqda sualı belə cavablandırdı:

"Yol bizi kifayət qədər yordu. Dünən səhər saat 11-də Macarıstandan ayrıldıq, bu gün saat səkkizin yarısında Qəbələyə düşmüşük. Bir gün yolda olmuşuq. Rəqibi analiz etmək şansımız olmayıb. Ancaq "Olimpiakos” hər iki oyunda İtaliya çempionu "Leççe” üzərində qələbə qazanırsa, bu onların gücündən xəbər verir. Onlarla ilk matça qədər ölkə çempionatında iki - "Sumqayıt” və "Neftçi” ilə oyunumuz var. Bu oyunlarda rəqibə qarşı istifadə edəcəyimiz üslubdan yararlanmağa çalışacağıq. Görək nə qədər uğurlu olacaq. Nəticə etibarilə sıradan oyun kimi baxmırıq. Düzdür, qarşımıza ən azı bir mərhələ keçmək hədəfi qoyulmuşdu. Niyə də ikinci mərhələni keçməyək? Kifayət qədər güclü hazırlaşmalıyıq. Sadəcə sıx qrafik var. Futbolçuların əksəriyyəti milli üzvləridir. Sıx qrafiki də nəzərə alsaq üçgündənbir meydana çıxmış oluruq. "Olimpiakos”la ev oyunumuz noyabrın səkkizində olacaq. Daha sonra yenə futbolçular yığmaya çağırılacaq. Çünki beynəlxalq oyunları olacaq. Çalışacağıq ki həm futbolçuları qoruyaq, həm də istədiyimiz tərzdə oynayaq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->