İdman 16:52 03.04.2023

“Qəbələ”nin kapitanı: “Mübarizə aparıb məğlub olmağımız sevindiricidir”

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ” səfərdə "Sabah”ın qonağı oldu. Gərgin və maraqlı keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Murad Musayevin komandası həm də bu qələbə ilə avrokuboklara vəsiqəni təmin etdi. Ancaq qonaqlar, belə demək mümkünsə, rəqibinə heç də asan təslim olmadı. Hətta oyunun çox hissəsində "Sabah”dan daha üstün görünən bölgə təmsilçisi yalnız 90+5-ci dəqiqədə buraxdığı qolla məğlub oldu. 

Komandanın təcrübəli üzvü Asif Məmmədov Qaynarinfo-ya açıqlamasında oyunla bağlı fikirlərini bildirib. O, məğlubiyyətin səbəbini belə izah edib:

"Oyun, demək olar, 90 dəqiqə bizim üstünlüyümüzlə keçdi. Qapımızda qol görməyimizə baxmayaraq, toparlandıq və çox yaxşı mübarizə apardıq. Sadəcə, ani diqqətsizlik məğlubiyyətə gətirib çıxardı. Lakin üzülmürük, hələ şansımız var. Qarşıda oyunlar çoxdur. Əsas odur ki, pis oyunla məğlub olmadıq. Ümidverici oyun göstərdik, inşallah, gələn görüşlərdə bunun bəhrəsini görərik. Mübarizə aparıb məğlub olmağımız sevindirici haldır”.

Məmmədov standart vəziyyətlərdə daha çox səhv buraxdıqlarını bildirdi:

"Əsasən standart vəziyyətlərdə uduzduq. Oyun baxımından "Sabah”dan heç bir zonada geri qalmadıq. Hər üç qolu standart vəziyyətlərdən sonra buraxdıq. Deməzdim biz 100 faiz üstün olduq. Amma faiz nisbətilə demək olar, bütün mövqelərdə üstünlük bizdə idi. Bilirdik ki, "Sabah” standart vəziyyətləri daha yaxşı yerinə yetirir. Bunu oyundan əvvəl baş məşqçi də bizə demişdi. Təəssüflər olsun ki, səhvlər buraxdıq və məğlub olduq. Düzdür, məşqlərdə sırf standart vəziyyətlər üzərində çalışmırdıq. Satandart vəziyyətlər üzərində, məncə, rəqibə hücum üçün çalışsan daha yaxşıdır. Çünki rəqibin sənə qarşı necə hazırlaşdığını bilmirsən. Hücumda hər şey qaydasında idi. "Sabah” kimi komandaya 2 qol vururqsa, deməli, hər şey var. Daha çox qol vura bilərdik. Bu səbəbdən mənfi danışmaq məncə, düzgün deyil”.

"Qəbələ”nin kapitanı "Sabah”la oyun da daxil son bir neçə turda meydana əvəzləmədən daxil olub. Hətta 25-ci turda "Qarabağ”a qarşı 90 dəqiqə ehtiyatda oturmuşdu. Görəsən bunun səbəbləri futbolçunun fiziki baxımdan eniş yaşamasındadır yoxsa, taktiki səbəblərlə bağlıdır?

"Məşqçinin fikridir, buna hörmətlə yanaşıram. Heç bir yaş amili yoxdur. Çünki 3-4 tur əvvəl, "Səbail”ə qarşı oyunda 90 dəqiqə meydanda oldum. İnşallah, növbəti oyunlarda məni əsas heyətdə görərsiniz. Bunu sırf taktiki məsələlərlə əlaqələndirirəm. Fiziki durum qaydasındadır, şükür Allaha zədəm yoxdur”.

Səbuhi Həsənov