Vahid Qazi
Sənət 13:23 20.11.2020

Qəmli gözlərin süitası

Vahid Qazi

Analar inciməsin, məncə, oğul nigarançılığı çəkən qəmli ata gözlərindən təsirli heç nə yoxdur bu dünyada. Belə bir kədər yüklü GÖZLƏRlə rastlaşdım o gün…

***

"Mən həmişə ağdərililərin də, qaradərililərin də zorakı hökmranlığına qarşı mübarizə aparmışam. Mən bütün insanların birlikdə, harmoniyada yaşayacaqları və bərabər imkanlara malik olacaqları demokratik, azad bir cəmiyyətin qurulması xəyalları ilə yaşamışam. Bu xəyalları gercəkləşdirmək mənim həyatımın mənasını təşkil edir. Və əgər lazım gələrsə, mən onlar uğrunda ölməyə belə hazıram”.

Böyük azadlıq carçısı Nelson Mandelanın sözləridir. Bu sözlərin arxasında 29 illik həbsxana həyatı, bu həyatın içində dəmir insan iradəsi, bu iradənin qarşısında məqsədyönlü uzun mübarizə yolu və bu mübarizənin sonunda azad ölkənin məğrur prezidenti dayanır.

CAR-ın prezidenti kimi Mandela andını bu sözlərlə bitirir: "Bu gözəl ölkə bir də heç zaman, heç vaxt insanların bir-birinə işgəncə verdiyi, bütün dünyada nifrətlə anılan bir yer olmayacaq.”

***

…2004-cü ilin fevralında Bakının soyuq qışından ayrılıb dünyanın o başına – isti Afrikanın yayına gedirdim. Demokratiya Uğrunda Dünya Hərəkatı dünyanın dörd bir tərəfindən yüzlərlə demokratiya fəalını Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən Üçüncü Assambleyasına toplamışdı. Başqa bir dünyaya düşmüşdüm: ekvatorun o üzü, xəritənin dibi, fərqli adamlar, ağaclar və dalğalar ölkəsi.

Səfər hazırlığı günlərində xeyli məlumat toplamışdım bu ölkə barədə. Onun xalqları, xüsusilə zulusların məşəqqətli taleyi, tarixin ən üzüqara rejimlərindən olan aparteid və onun onilliklər boyu yerli xalqları ölkənin yalnız 12 faiz ərazisini təşkil edən xüsusi rezervasiyalarda (Şimali Amerikada, Cənubi Afrikada və Avstraliyada imperialistlərin yerli tayfaları zorla yerləşdirdikləri pis yerlər – lüğətlərdən götürmüşəm) yaşamağa məhkum edən seqreqasiya (zəncilərin ağlarla bir evdə, hətta şəhərin bir hissəsində yaşamalarına, ağların olduğu yerə gəlmələrinə icazə verilməməsindən və s. ibarət irqçilik siyasəti – bu da lüğətlərdəndir) siyasəti və başqa səthi bilgilərim vardı.

Bu ölkədə hər üç nəfərdən birinin "SPİD” olmasından da xəbərdar idim. Qarşılaşdığım hər üç adamdan birinin QİÇS daşıyıcısı olduğunu təsəvvür edəndə indi də qarışıq hisslər bürüyür canımı. Hər halda vərdiş etmədiyim mənzərəydi.

Elə ilk gündən tədbir iştirakçıları şəhərə tək çıxmamaq, qiymətli əşyaları hətta otel otaqlarındakı seyflərdə saxlamamaq və s. barədə zəruri xəbərdarlıq almışdılar. Deyilənləri ciddiyə almayanlar şəhərdən ya telefonsuz, ya da fotoaparatsız, gah gözünün altı "bandajlı”, gah da ayağını çəkə-çəkə, biri pencəksiz, digəri papaqsız qayıdırdı.

Bəli, bura demokratiyanın yenicə qurulmağa başladığı "hirsli” qara insanlar ölkəsiydi. Mən heç vaxt bu qədər aqressiv insanı belə cəm görməmişdim. Onlar onilliklərin, yüzilliklərin acısını, ağrısını, hirsini ağlardan belə çıxarırdılar. CAR küçə cinayətlərinin sayına görə dünyada liderdir. Mənə inanmayanlar gələn yay futbol üzrə dünya çempionatını gözləsin…

***

– Gedək çimək! Şıxov plyajı deyil e, Hind okeanıdı, dalğaların hündürlüyünə bax! – deyəndə onun GÖZLƏRİ atəş saçırdı.

– Sabah çimərik, gəl gedək şəhəri gəzək, – dedim.

– Nu, ladno, poydyom, ne boişsya?

Cavaba ehtiyac qalmadı, piyada düşdük şəhərin canına. Yaşıllığı bol, küçələri təmiz, binaları gözəl, dükanları dolu, insanları sərbəst – kişiləri arxayın, qadınları mehriban.

"Bəs deyirlər, burda adamı soyurlar?” Həmsöhbətimin informasiya ilə zəngin, hərdən fəlsəfi, hərdən də məzəli söhbətinə qulaq kəsilərək Durbanın dərinliklərinə necə gəldiyimdən xəbər tutmadım. Çoxmərtəbəli evlərin sıralandığı uzun küçə ilə gedirdik. Sanki epidemiya səbəbindən boşaldılıbmış kimi bu böyüklükdə küçədə ins-cins yox idi. Avtobus dayanacağının yaxınlığında meyvə-tərəvəz satan kök qadından savayı.

– Manqo alım, yeyək?

– Pis olmaz, – dedim.

Dostum "Təzə bazar”da armudun qiymətini soruşurmuş kimi barmağını manqoya uzadıb qara və yekəpər qadına müraciət elədi, təbii ki, bakılı dilində: "How much this one?”.

İlahi, bu nə səs idi çıxdı qadından!.. Sifətindən bədheybətlik yağan satıcı bizə baxıb xortdan görürmüş kimi başını tutub qaçdı. Meyvə arabasını da qoyub, çox güman ki, bizi Afrika cəngəlliklərindəki ləhcələrin biriylə söyə-söyə binanın tinində qeyb oldu. Küçənin vahiməli sükutu çox çəkmədi. Binaların arasından qara-qura uşaqlar ikibir, üçbir çıxıb bizə doğru gəlməyə başladılar. Hər şey aydındır, pis yerdə axşamladıq…

– Belə yerdə bilirsən Koroğlu nə deyib? – silahdaşım dilləndi.

– Deyirsən, qaçaq? Bu uşaqlarla ayaqlaşa bilmərik. Ağsaqqalsan da, dur qabağa.

– Pulun hamısını götürmüsən özünlə? Qorxma, mən onlarla danışaram.

– Sən danışarsan ey, onlar danışmayacaq. Döyüb biabır edəcəklər bizi.

Bütün pis variantları gözümüzün qabağına gətirib artıq iyirmi nəfərə çatmış dəstənin qabağına rus tanklarının qarşısına çıxırmış kimi çıxdıq. Qərara gəldim ki, döyüşsüz təslim olum, nə istəyirlərsə verim, təki otelə sifəti "bandajlı” qayıtmayım. Alınmasa, gərək sifətimi qoruyam, başqa yerə nə qədər istəyirlər, döşəsinlər, daha öldürməyəcəklər ki.

Yəqin dostumun da qərarı beləymiş. Amma ümid üzülməz, elə "soyulmağa” hazırlaşırdıq ki, tindən uzun bir avtobus burulub dayanacaqda saxladı. İnanmaram ki, qədim Yunanıstanın olimpiya qaçağanları bizimlə ayaqlaşa bilərdilər…

Bir neçə dəqiqədən sonra avtobus sürücüsünün atasına rəhmət diləyirdik.

GÖZLƏR sevincdən çiçəkləmişdilər.

– Belə bir quldurxanada Mandela, Qandi kimi humanistlər necə yetişib?

Ağsaqqal demokrat dostum mənim bu ritorik sualıma yol boyu çox maraqlı cavablar verdi. O, insanların əsrlərlə apardığı azadlıq mücadiləsi, əzilən xalqlar, onların liderləri, demokratiya, liberalizm və onun tarixi, ümumiyyətlə, bəşəriyyətin inkişafında əsl demokrat şəxsiyyətlərin rolunu özünəməxsus jestlərlə ərz eləyirdi.

Otelə çatanda zarafatından da qalmadı:

– Sən bildin də o arvad bizi görən kimi niyə qaçdı?

– Yoox, niyə qaçdı ki?..

– Sifətimizə baxan kimi bilmişdi ki, Azərbaycandan gəlmişik, – GÖZLƏR şeytanvari gülürdü.

Növbəti günün axşamı dostumdan daha orijinal təklif gəldi. Yerli xuliqanlara və dünənki qara uşaqlara etiraz əlaməti olaraq kazinoya, özü də piyada getməyə qərar verdik. Oteldə hamı yaxınlıqdakı kazinonun əzəmətindən danışırdı. Biz də gedib baxmağı, hələ bir şansımızı sınamağı da düşünürdük.

Bu dəfə həqiqətən qorxmurduq, çox da qaranlıq düşmüşdü. Yaxın deyilən yol bir kilometrdən çox uzandı. Və biz dostumun "demokratiyanın uzun və məşəqqətli yollarına” bənzətdiyi məsafəni qəhrəmancasına qət etdik. "Şəhər uşağı” olmasına rəğmən yol yoldaşım qətiyyən qorxaq deyilmiş.

Kazino deyilən yer bizim Əl Oyunları Sarayımız boyda iki ayrı nəhəng zaldan ibarət idi. Birində siqaret çəkənlər, digərində çəkməyənlər şanslarını yoxlayırdılar. Sözləşdik ki, adama maksimum 50-60 dollarlıq (udsaq da, uduzsaq da, olanı budu) jeton alıb bəxtimizi sınayaq.

Kazinodaşım "ruletkanı” seçdi.

– Buna böyük pul lazımdır, tez uduzub çıxacaqsan, – deyib oyun avtomatları olan cərgəyə keçdim.

Bəxtim gətirirdi. Amma ayrılmağımızdan 15 dəqiqə keçməmiş kazinodaşım qayıtdı. Uduzmuşdu.

– Hakimiyyəti də belə tez uduzdunuz ey! – Yerində, amma amansız və çox pis zarafat elədim.

– Neyləyək, ay brat, belə oldu də, – Əlini yellədi.

Özünü laqeyd aparmağa çalışdı, amma GÖZLƏRindəki pərtlik gözümü deşirdi. Avtomatdan tökülən jetonların səsindən xüsusi zövq ala-ala udluq pula aldığım "Amstel”dən içir, "Marlboro”dan dərin qullab vururdum.

– "Udmusan, dur, sonra uduzacaqsan”, – Qulağıma çox məxfi bir söz deyirmiş kimi pıçıldadı, sonra əllərinin ikisini də cinsinin ciblərinə dürtüb, çiyinlərini çəkə-çəkə oyun avtomatları arasında gözdən itdi. Bir xeyli sonra qayıdanda mənim tamam "müflis” olduğumu görüb acı-acı güldü:

– Dedim axı, uzatma! – Məndən fərqli olaraq amansız və pis zarafat eləmədi.

***

1996-cı il idi. "İnam” Plüralizm Mərkəzi fəaliyyətinə təzə-təzə güc verirdi, çoxsaylı layihələr, tədbirlər, səfərlər…

Bir gün məni heyrətləndirəcək dərəcədə çox telefon pulu gəldi, gözüm kəlləmə çıxmışdı. Dollar hesabıyla 80 dollaracan pul idi. Ola bilməz axı! Bizim aylıq telefon xərcimiz 20-25 dollar civarında olurdu.

Getdim ATS-ə yoxlatdırdım, mənə danışdığımız telefonların nömrələri olan siyahı verdilər. ABS-ın hansı şəhəriyləsə 56 dollarlıq danışılıb. Mümkün deyil! İşdəkiləri, ofisə gedib-gələnləri bir-birinə vurdum. Heç kim "boynuna almadı”.

"Aztelekom”, Rabitə Nazirliyi, çoxsaylı məmurlar ordusu ilə günlərlə çənə vurdum. Komissiya göndərdilər, gəlib kabelləri yoxladı. Kimin əməli olduğunu ayırd edə bilmədilər. Qonşuların bizim kabelə qoşulub istifadə etmə ehtimalını da nəzərdən keçirdilər.

Heç nəyə yaramayıb çıxıb getdilər. Mənim məhkəməylə hədələrimin də xeyri olmadı. Qışqırıb-bağırıb sakitləşdim və gedib pulu ödədim. Əvvəldən də zəhləm gedən qonşuya daha heç salam da vermirdim. Şübhələnməyə ondan yaxşı obyekt yox idi.

Baiskarı iki aydan sonra tapdım. Nyu-Yorkdan, Kolumbiya Universitetindən bildiriş gəlmişdi. Mister Hikmət Hacızadə bu universitetdə insan hüquqları və din mövzusunda tədqiqat aparacaqmış.

– Tapdım! – Ofisdəkilərə sanki çoxdan gözlədiyim şad xəbəri deyirdim. Əlbəttə, onun 11 səhifəlik anketini Nyu-Yorka faksla göndərmişdik, özü də çatdığına əmin olmaq üçün bir neçə dəfə.

Bilmirdim sevinim, ya pərt olum – iki hissin arasında qalmışdım. Amma hər halda növbəti gündən əvvəldən də xoşum gəlməyən qonşuma salam verməyə başladım.

Nyu-Yorka gedən dostum isə yerə-göyə sığmırdı, GÖZLƏRİNDƏ sevinc Luis Armstronqun "What a Wonderful World” mahnısını oxuyurdu.

***

Analar inciməsin, məncə, oğul nigarançılığı çəkən qəmli ata gözlərindən təsirli heç nə yoxdur bu dünyada. Mən belə bir qəm yüklü GÖZLƏRlə rastlaşdım o gün…

Məhkəmənin qarşısında səkidə oturub siqaretin acısını sümürürdü ciyərinə. Kədər GÖZLƏRinin ən dərin və hündür yerində bardaş qurub uzun müddətə gələn çağırılmayan qonaq kimi ərklə oturmuşdu. Bir anda bu GÖZLƏRin Durbanda bərq vurmasını, Nyu-York ərəfəsində çiçəkləməsini xatırladım və beləcə bu yazı əmələ gəldi.

Hamı kimi o da məhkəmənin qərarını gözləyirdi. Oğlu da özü kimi uzun, çox uzun yolun yolçusuymuş. Bu yolun məhkəmə aşırımını keçirmiş o gün…

Eh, yoluna hələ nə qədər dağ, çay, dərə çıxacaq, neçə qaçaq-quldur, qurd-canavar görəcəksən…

Cəmi bir neçə həftə əvvəl FACE-klubda bir qrup gənclə son illər ən çox sevdiyim filmə – Almaniya istehsalı olan "Başqaların həyatına” ("The life of others”) baxırdım. Rəşad Şirinov çağırmışdı. Emin Milliylə də o tanış elədi məni. Yəqin Adnan da oradaydı. Mən bu filmə yox (onu dəfələrlə görmüşdüm), filmə gəncliyimizin reaksiyasına baxmağa getmişdim. Onlar da filmin qəhrəmanı kimi başqalarının həyatına biganəyə oxşamırdılar. Sevinmişdim, kommunist xofundan uzaq, sərbəst gəncliyimiz var deyə…

Əlbəttə, zaman bütün bağlı qapıları açır, məhbuslar da beləcə azadlığa çıxır. Mustafa Cəmilov 17 il məhbəs həyatından sonra Krım tatarlarının lideri kimi Ukrayna Radasında oturmadımı, Mandela 29 illik zindan yolu keçib prezident kürsüsünə qalxmadımı?! Bu, uzun, çox uzun yolu oğluna sən tanıtmadınmı?

…Elə bu sözləri də sən yazmamışdınmı 10 il əvvəl: "Taleyini öz əlinə almaq, öz həyatında kəskin dönüş yaratmaq keçmiş sovet adamı üçün böyük sarsıntı, postsovet Azərbaycanında həyata qədəm qoymuş gənc üçünsə adi bir hərəkətdir”.

Oğlun azad olacaq, əlbəttə. Onda GÖZLƏRində ən hündür yerdə bardaş qurub oturan Kədərin gözləri Sevincin al şəfəqlərindən kor olacaq və Durbanda bizi görüb qorxan satıcı qadın kimi başını tutub qaçacaq.

…Bax onda, GÖZLƏRin bir də çiçəkləyəndə "İnam”ın 56 dollarını qaytararsan, faksımız xarab olub.

19 İyul, 2009