Xəbər lenti

Qərb İranı işğal edə bilərmi? (ŞƏRH)
Dünya 13:30 03.10.2024

Qərb İranı işğal edə bilərmi? (ŞƏRH)

"İrana hücumun olub-olmaması ABŞ seçkilərində hakimiyyətə kimin gəlməsindən asılı olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov deyib.

Azər Hüseynov vurğulayıb ki, İran İsrailə raket zərbələri endirməyə məcbur olub:

"İsrailin Həsən Nəsrullaha qarşı aksiyası olmasaydı, İran assimetrik oyunçuları işə salmaqla kifayətlənəcəkdi. Lakin bu dəfə İran raket atmaq məcburiyyətində qaldı. Əks halda onun hadisələrə biganə yanaşması bölgədə nüfuzuna xələl gələ bilərdi. Görünən odur ki, İsrail Qəzza əməliyyatında hərbi uğurunu tamamlaya bilmədiyi üçün regiondakı digər özünə potensial təhlükə saydığı yerləri də vurur. Bununla da münaqişə zonasına yeni güclərin cəlb olunmasına çalışır".
 


Ekspert bildirib ki, Türkiyə, Misir, qismən Suriya, Səudiyyə Ərəbistanı və digərləri bir addım atdıqda ya amerikanlarla, ya da ruslarla birbaşa və ya dolayısı ilə məsləhətləşirlər:

"İran isə bunu etmir. Ancaq regionda güc dəngələrini nəzərə alır".

Ekspertin fikrincə, İrana cavab verilsə və ora hücum olsa bölgə tədricən dünya müharibəsinin mərkəzinə çevriləcək: 

"ABŞ İranı vursa, prosesə bu və ya digər şəkildə qatılsa problem daha da genişlənəcək. Bütün dəngələr pozular. Bu vəziyyət Azərbaycana da ziyandır. Çünki biz qlobal iqtisadi layihələrin mərkəzində dayanmışıq. Ona görə də, İsrailin İranı vurması heç bir region ölkəsinin marağında deyil. Əslində, prosesin necə cərəyan edəcəyi həm də  ABŞ-dakimin hakimiyyətə gəlməsindən asılıdır".

Qeyd edək ki, İranın İsrailə endirdiyi raket zərbələri fonunda Qərb ölkələri Tehranı kəskin tənqid edib. İsrail tərəfi də İrana cavab zərbəsi endirəcəyini bəyan edir. Eyni zamanda, İsrail Livanda  hücum əməliyyatını da davam etdirir. Yaranmış vəziyyət Yaxın Şərqdə olduqca gərgin bir vəziyyətin yaranmasından xəbər verir ki, bu fonda İsraillə İranın birbaşa olaraq toqquşması ehtimalı da istisna edilmir. Hətta iddialara görə, İsrail  müttəfiqi ABŞ-la birlikdə İrana hücum da edə bilər.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->