Dünya 20:21 25.11.2022

Qərb Ukraynada nədən narahatdı? - Zelenski üçün başqa variant yoxdur

2002Ukrayna prezidenti Volodimir Zelenski bir daha bəyan edib ki, Rusiyanın başlatdığı genişmiqyaslı müharibəyə son qoymaq üçün Ukrayna Krımı işğaldan azad etməlidir.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə noyabrın 24-də "Financial Times” qəzetinə verdiyi müsahibədə danışıb. Ukrayna lideri deyib ki, "əgər siz ərazinizi tamamilə qaytara bilmirsinizsə, müharibə sadəcə olaraq dondurulur, nə vaxt bərpa olunacağı isə zaman məsələsidir”.

"Biz bütün əraziləri geri qaytarmalıyıq... Mən hesab edirəm ki, diplomatiya işləməyəndə döyüş meydanı seçimdir”, deyə Zelenski izah edib.

FT-nin məlumatına görə, Ukraynanın bəzi Qərb tərəfdaşları "Ukraynanın Krımı qaytarmaq cəhdlərinin Moskvadan təhlükəli eskalasiyaya səbəb ola biləcəyindən” narahatdırlar. Ukrayna prezidenti Krım məsələsinin beynəlxalq gündəmdə müzakirə olunduğunu təsdiqləyib. 

"Başa düşürəm ki, hamı vəziyyətdən və Krımın gələcək taleyindən çaşqındır. Əgər kimsə bizə Krımı qeyri-hərbi yolla işğaldan azad etmək üçün bir yol təklif etməyə hazırdırsa, mən yalnız onu dəstəkləyəcəyəm... Əgər həll yolu Krımın azad edilməməsi və onun Rusiya Federasiyasının bir hissəsi olaraq qalmasını nəzərdə turursa, o zaman heç kim vaxtını buna sərf etməməlidir. Bu, vaxt itkisidir”, deyə o əlavə edib.

Daha əvvəl "Ukrainska pravda” mənbələrə istinadən xəbər vermişdi ki, G20 sammiti ərəfəsində Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçi ölkələrdən biri Rusiya prezidenti Vladimir Putinə Kiyevlə birbaşa danışıqların gedişi haqqında çərçivə sazişi təklif edib. Krım məsələsi "mötərizəyə alınacaq” və onun statusu 7 il müzakirə edilməyəcək. Ukrayna və Rusiya bu məlumatı təkzib ediblər.

Volodimir Zelenskinin qeyd olunan müsahibəsindən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna prezidentinin Krımın qaytarılması ilə bağlı bəyanatları Kiyevin münaqişədən qeyri-hərbi üsullarla çıxmaq istəmədiyini göstərir.

Prezidentin mətbuat katibi qeyd edib ki, Rusiya mətbuatı Ukrayna prezidentinin bəyanatının mahiyyətini yanlış şəkildə çatdırıb. "Xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Ukrayna konstitusiyasında Krımın güc yolu ilə Ukraynaya qaytarılması qeyd olunub. De-fakto, Ukrayna bundan əl çəkməyib. Bizim üçün bu, Rusiya ərazisinin özgəninkiləşdirilməsi mövzusunun müzakirəsidir. Başqa anlayış ola bilməz. Lakin bu cür bəyanatlar bir daha Ukrayna tərəfinin problemi qeyri-hərbi üsullarla həll etməyə hazır olmamasından, istəməməsindən və acizliyindən xəbər verir”, deyə Peskov bildirib.

Nizami Bağırov