Siyasət 14:57 04.08.2022

“Qisas”dan sonra Qarabağ ətrafında gedən proseslərin dinamikası necə olacaq?

Son iki gündə diqqət yenidən Qarabağa yönəlib. Separatçı rejimin qanunsuz hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusnun əsgəri Anar Kazımovun şəhid olması rəsmi Bakını cavab tədbirləri görməyə məcbur edib. 

Azərbaycanın keçirdiyi "Qisas” antiterror əməliyyatı nəticəsində separatçıların bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Əməliyyat nəticəsində Azərbaycan Ordusu Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb. 

Azərbaycan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağda baş verənləri Qaynarinfo-ya şərh edərkən bildirib ki, Ermənistan bölgədə dayanıqlı sülhün əldə olunmasında maraqlı görünmür:


 
"Əslinə qalsa, sülh prosesi bir neçə ay əvvəldən dayanıb. Bunun da səbəbi Ermənistanın Azərbaycan qanunlarına zidd təklifləridir. Azərbaycan prosesdə beynəlxalq qanunlara istinad edir. Ermənistan isə əksinə, "Artsax siyasəti”ni yeni şərtlərlə davam etdirmək istəyir. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Digər tərəfdən biz görürük ki, Ermənistan sülhdən danışsa da, vaxtaşırı erməni qanunsuz hərbi birləşmələri bölgədə təxribatlar törədir. Bu da onların əslində sülh əldə edilməsində maraqlı olmadığını göstərir”.

Azərbaycan Ordusunun həyata keçiridyi anti-terror əməliyyatına toxunan politoloq bildirib ki, rəsmi Bakının addımları hüquqa zidd deyil: 

"Qarabağda ermənilərin qanunsuz hərbi birləşmələri mövcuddur. Bu hərbi birləşmələr ya tərksilah olunmalı, ya da məhv edilməlidir. Çünki onların mövcudluğu Azərbaycan konstitusiyasına ziddir. Bundan başqa, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İndi necə ola bilər ki, bir ölkənin ərazisində qanunsuz hərbi birləşmələr olsun və buna qarşı heç bir tədbir görülməsin? Azərbaycan bu məsələdə tamamilə haqlıdır və rəmi Bakının mövqeyi kifayət qədər aydındır: Qanunsuz hərbi birləşmələr tərksilah edilməlidir”.

Qarabağdakı gərginliklə bağlı irəli sürülən mülahizələrdə Rusiya faktoru xüsusi olaraq vurğulanır. Güman edilir ki, Rusiya Qərb və Avropanın Qarabağ münaqişəsi ilə bağlı sülhə yönəlik planlarını pozmağa çalışır. Tofiq Zülfüqarov isə hesab edir ki, əslində, sülh danışıqları görüntü xarakteri daşıyır:

"İstər bu danışıqlar Avropada, istərsə də Rusiyada aparılsın. Azərbaycan üçün fərqi yoxdur. Yetər ki, Azərbaycanın haqlı mövqeyi qəbul edilsin. Amma təəssüf ki, danışıqlar görüntü xarakteri daşıyır. Azərbaycana isə görüntü lazım deyil. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə, qorumağa kifayət qədər gücü var”.

Proseslərin sonrakı inkişafına gəlincə, sabiq XİN bildirib ki, Azərbaycan anti-terror əməliyyatını davam etdirmək hüququnu özündə saxlayır: 

"Dünən keçirilən cavab əməliyyatı ilə Azərbaycan tərəfi bir neçə əhəmiyyətli yüksəkliyi nəzarətə götürüb, eyni zamanda erməni qanunsuz hərbi birləşmələrinin canlı qüvvəsini, texnikasını məhv edib. Bu, ermənilərə dərs olmalıdır. Əgər onlar və havadarları reallığı qəbul edərsə, məsələ qan tökülmədən həllini tapa bilər. Yəni, qanunsuz erməni hərbi birləşmələri savaş olmadan bölgəni tərk edər, yaxud da tərksilah olarlar. Əks təqdirdə Azərbaycan əməliyyatları davam etdirə bilər”.

Seyid