XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qocaman Kissincer Ukrayna sülhündən danışarkən bəlkə bir bildiyi vardı?
Dünya12:01 31.05.2022

Qocaman Kissincer Ukrayna sülhündən danışarkən bəlkə bir bildiyi vardı?

Keçən həftə Davos forumunda çıxış edən Henri Kissincerin Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirləri bir çoxlarını qəzəbləndirdi. Kissincer iki ay ərzində ölkələr arasında sülh üçün danışıqların başlanmasını və Ukraynanın 24 fevrala qədər olan status-kvoya razılaşmasının lazım olduğunu bildirmişdi. Bu isə Ukraynanın Krım və ölkənin şərqində hazırda rusların nəzarətində olan Donbas və Luqanskın Rusiyada qalmasına razılaşmaq mənasına gəlir. 
Kissincerin fikirləri başda Ukrayna liderləri olmaqla bir çoxlarının qəzəbinə tuş gəldi. İctimai müzakirələrdə keçmiş dövlət katibinə qarşı ittihamlar səslənməyə başladı. Onu Ukraynaya təslimiyyət təklif etməkdə, Putinin əlinə oynamaqda hətta onun adamı olmaqda ittiham etdilər. Bütövlükdə Kissincerin fikirlərinə reaksiya emosional oldu, ancaq qocaman siyasət adamının nəyə əsaslanaraq bu fikirləri səsləndirdiyi müzakirə edilmədi. 
Mənə elə gəlir ki, Kissincerin nəyə əsasən belə bir təkliflə çıxış elədiyini anlamaq üçün Ukrayna ətrafında indi baş verən proseslərin real dəyərləndirilməsi lazımdır. Bütün dünyanın şər üzərində qələbəyə ümidli olmasına baxmayaraq, hazırda Ukrayna və ətrafında cərəyan edən hadisələr mürəkkəb vəziyyət yaradıb. Müharibə vəziyyəti uzanır və uzandıqca da onu davam etdirmək həm Ukrayna üçün, həm də dünya üçün çətinləşir. Müharibə vəziyyətinin uzanmasının Ukrayna, Avropa və ümumilikdə dünya üçün təhlükəsi böyüyür, ona görə də daha böyük destabilizasiyadan qaçmaq üçün onu dayandırmaq ehtiyacını artırır. 
Rusiya qoşunları keçən ay Kiyev və ətrafından geri çəkilməsinə baxmayaraq, indi Ukraynanın Cənub Şərqini, demək olar, tamamilə ələ keçirə bilib. Ukraynanın yaxında döyüş meydanına bir milyon rezerv çıxaracağı və Amerika Lend-liz qanununun ağır silahlar gətirməsi gözlənilsə də, hələ ki hər ikisi gecikir. Rusiya Duması isə həm əmək hüquqlu Rusiya vətəndaşları, həm də əcnəbilərə hərbi xidmət üçün birinci müqavilə bağlamaq hüququ verilmiş yaş həddini aradan qaldırır və orduya yeni çağışırçılar yığır. 
Zelenski keçən həftə deyib ki, Rusiya Ukraynanın şərqini tamamilə cəhənnəmə çevirib, cənub şəhəri Odessanı isə fasiləsiz raket atəşinə tutur. Gün keçdikcə Ukraynanın daha çox ərazisi ölü yerlərə, dağıntı cəhənnəminə çevrilir. Daha çox Ukrayna ərazisi suriyalaşır. 
Ekspertlərin fikrincə, Rusiya müharibəyə hər gün bir milyard dollar pul xərcləyir. Böyük xərclərdi. Ancaq Rusiya bu xərci Avropaya neft və qaz satdığı günə qədər uzada bilər. Avropa Birliyi Rusiyaya qaz alışı üçün gündəlik bir milyard avro ödəyir. Hazırda AB-nin əsas iqtisadiyyatı olan ölkələr və əksər hissəsi Rusiya qazı olmadan davam edə bilməyəcəklərini deyirlər. Rusiya neftinə embarqo qoyulması ilə bağlı qərar isə xeyli vaxtdan sonra dünən qəbul edilib. AB ilin sonuna qədər mərhələli şəkildə Rusiya neftini almağı dayandıracaq. Ancaq AB-nin 3 ölkəsi Slovakiya, Çexiya və embarqonu bloklayan Macarıstan rus neftini almağa davam edəcək. Kipr isə Rusiya vətəndaşlarına əmlak satışının qadağan edilməsi təklifindən narahatdır. Avropa Birliyi Rusiyadan aldığı gündəlik qazla bir mənada Ukraynadakı müharibəsini maliyyələşdirməyə davam edir. 
Digər tərəfdən uzanan müharibə Ukrayna dövlətini daha çox iflic edir və ölkənin iqtisadiyyatı sıradan çıxır. Zelenski Davos forumunda Ukraynanın aylıq 5 milyard dollara ehtiyacının olduğunu deyib. Bu məbləğ Ukrayna dövlətinin ən adi xərclərini müəllimlərin, həkimlərin, pensiyaçıların maaş və təqaüdlərini ödəmək üçün lazımdır. Avropa Birliyi indiyə qədər Ukrayna üçün 15 milyard toplaya bilib, ancaq müharibənin uzanması ilə Ukrayna dövlətini ayaqda saxlamaq üçün lazım olan xərc artır və onu digər xərclərlə yanaşı hər ay təmin etmək çətinləşir. 
Hazırda Ukrayna əhalisinin 6.7 milyonu qaçqına çevrilib, məcburi köçkünlərinin sayı isə 8 milyondur. Gün keçdikcə daha çox insan Ukraynanı tərk edir və gedənlərin geri qayıtması ehtimalı müharibə dağıntılarının və işğalın davam etməsi səbəbilə azalır. Kiyev İqtisadiyyat məktəbinin hesablamalarına görə müharibə nəticəsində Ukraynada mülki infrastruktura hər həftə 4.5 milyard dollar dəyərində zərər dəyir. Ölkənin müharibə nəticəsində ümumi iqtisadi itkisinin 600 milyard dollara qalxacağını proqnozlaşdırırlar. Müharibə səbəbilə Ukrayna iqtisadiyyatı tən yarısına qədər itirilib. 
Başqa yandan da Rusiya getdikcə daha təhlükəli olmağa və dünyanı təhdid etməyə başlayıb. Ən əsası Rusiya Çinlə yaxınlaşır ki, bu da həm Amerika, həm də Avropa üçün strateji məğlubiyyət deməkdir. Hazırda Ukrayna portlarında milyonlarla ton taxıl və günəbaxan yağı ilişib qalıb. Rusiya bu gəmilərə hücum edir, taxılı və texnikanı oğurlayır, sahələri vurur. Ukrayna, Avropa və Amerika rəsmiləri Rusiyanın kənd təsərrüfatı məhsullarını və avadanlıqlarını oğurlaması, blokadalar qurması və hətta ərzaq anbarlarına zərbələr endirməsinin ərzaq qıtlığının təsirini daha da artırdığını deyir.
Rusiya Xarici İşlər nazirini müavini Andrey Rudenko deyir ki, Rusiyanın ixracına və maliyyə əməliyyatlarına tətbiq edilən sanksiyaların ləğv edilməsi qarşılığında Rusiya Qara dənizdən irxac ərzaq gəmilərinin keçməsinə icazə verə bilər. Qısacası, Rusiya dünyanı aclıqla şantaj edir. 
Rusiya həmçinin Avropa Birliyində qaz bazarına təsir imkan vasitəsilə AB-nin təhlükəsizliyini təhdid edir. Rusiya AB ölkələrinə qaz nəqlini dayandırır, onları qaz ödənişini rublla etməyə məcbur edir. 
Ən mühim məsələ isə Rusiyanın Çinlə hazırki yaxınlaşmasıdır. Hələ 24 fevral işğalından əvvəl Putin Pekinə səfərində iki ölkə arasında müttəfiqlik səviyyəsində hərbi siyasi razılaşmalar əldə olunub. Razılaşma ilə Rusiya və Çin xarici qüvvələrin onların ümumi qonşuluq regionlarında təhlükəsizlik və sabitliyi pozmaq cəhdlərinə qarşı durduqlarını bəyan ediblər. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbov deyib ki, bu, ittifaqa yaxın bir şeydir və onların 21-ci əsrdə dünya nizamına dair baxışlarında uyğunluqlarını göstərir.
Lavor isə keçən həftə Rusiyanın Qərb ölkələrindən idxal olunan malları əvəz etməyə çalışdığını bildirib və bunun üçün gələcəkdə yalnız Qərbə bağlı olmayan etibarlı ölkələrə arxalanacaqlarını deyib. 
Dolayısı ilə Ukrayna və ətrafında baş verən hadisələri əhatəli nəzərdən keçirəndə hərbi və siyasi vəziyyətin dalana dirəndiyi və müharibənin davam etməsinin Ukrayna, Avropa və dünya üçün qarşısı alınmasa, çox çətin risk və təhlükələri olduqca artırdığı görünür. Rusiyanın çöküşü böyük ölçüdə qaçılmazdır, uzun vədədə Rusiya ölümcül zərbə alıb. Ancaq bütün ümidlərimizə və gözləntilərimizə baxmayaraq, hal-hazırda Ukraynada konkret olaraq vəziyyət dalana dirənib. Bunları düşünürkən isə sual etməyə bilmirsən. Qocaman Kissincer Ukrayna sülhündən danışarkən bəlkə bir bildiyi vardı?
Nurlan Hüseynov