İdman 13:52 26.09.2022

Qurbanov: “Ölkəmizi tanımayan məşqçinin gəlməsindənsə, elə De Byazi qalsın”

Yığmamız Millətlər Liqasını 10 xalla başa vurdu. Ancaq nəticə heç də növbəti mərhələyə yüksəlmək üçün yetərli olmadı. Buna baxmayaraq, De Canni Byazinin rəhbərlik etdiyi komanda ardıcıl 3 oyunda qələbə qazanaraq qrupu ikinci pillədə bitirdi. Yığmamızın sabiq futbolçusu Sənan Qurbanov komandanın Millətlər Liqaındakı çıxışını, nəticələrini dəyərləndirib.

O, Qaynarinfo-ya müsahibəsində şəxsi planları haqda da danışıb:

- Millimizin cari tsikldəki çıxışını necə dəyərləndirirsiniz?

- Son oyunarı hərə bir cür analiz edir. Rəqiblərin motivasiyası olmadığını deyirlər. Gəlin bunu da nəzərə alaq ki, komandamız doğrudan da yaxşı formadadır. Cəlb olunan futbolçular "Qarabağ”ın heyətində avrokuboklarda inamlı oynadılar. "Neftçi”nin "Sabah”ın oyunçuları həqiqətən çox yaxşı formadadırlar. Məsələn, "Qarabağ”dan Bəhlul Mustafazadənin, Elvin Cəfərquliyevin, Filip Ozobiçin, Toral Bayramovun, "Neftçi”dən Emin Mahmudovun, Eddi İsrafilovun, "Sabah”dan Aleksey İsayevin adın çəkə bilərəm. Hamısı yaxşı formadadır. Bu da nəticə əldə olunmasına səbəb oldu. De Byazini də unutmayaq. Həqiqətən oyuna çox yaxşı müdaxilə etdi. Məşqçi komandanı düzgün formalaşdırıb. Onlara motivasiya verməyi bacardı. Futbolçular məşqçinin tapşırıqlarını yerinə yetirdi, əvəzetmələr vaxtında həyata keçirildi. Yalnız Slovakiya ilə matçın ikinci hissəsindən narazı qala bilərik. Buna baxmayaraq, orada da döyüşdülər. Məqsədə çatmamağımıza baxmayaraq, son oyunlar hamımızı sevindirdi. Futbolçular gözləniləni verdilər.

- Komanda futbol oynadı, yoxsa əzmkarlığın və ya bəxtin hesabına nəticə qazandı?

- Slovakiya ilə matçın ilk hissəsində çox məzmunlu, düşünülmüş oyun gördüm. Müdafiədən hücuma və əksinə keçidlərdə futbolçular daha ağıllı görünürdü. Dünən isə Elvin Cəfərquliyevin və Ramil Şeydayevin cinahlardan daha çox hücumlarını görürdük. Mərkəzdən cinaha dəyişmələr yaxşı idi. Qazaxıstan 10 nəfərlə qalmasına baxmayaraq, daha aqressiv idi və müdafiəyə oturmuşdular. Komandamız bu müdafiəni də yarmağa çalışırdı. Rəqibi həm oyun, həm də nəticə baxımından üstələdilər, mən bəyəndim.

- Bu nəticə yığmamızın həqiqətən güclü olmasının göstəricisi sayıla bilər?

- Millinin heyəti yaxşıdır. Amma növbəti mərhələyə adlaya bilmədiyimizə görə hamımız çox təəssüflənirik. Bu heyət həqiqətən qrupda birinci yeri tutmalı idi. Baxmayaraq ki, məsələn, Slovakiyada "Napoli”nin futbolçusu var. Komandamızın potensialı daha yüksək idi. Gənclər çoxdur, enerjili və inkişafameyillidirlər. Bu səbəbdən qrupda lider ola bilmədiyimizə görə təəssüflənirəm. Qazaxıstan oyun və qol vəziyyətləri yaratmaq baxımından bizdən zəif idi. Bu qrupda bəlkə hamı Slovakiyanı favorit hesab edirdi. Amma orada da nəsil və məşqçi dəyişikliyi oldu. Qrupun lideri kimi, öz millimizi görürdüm. 90 dəqiqə dominant oynadılar.

- Qazaxıstan millisindən nəyimiz əskikdir?

- Heç nəyimiz əksik deyil. Onlardan güclüyük ki, zəif deyilik. Onlarla müqayisədə heç bir zəif cəhətimiz yoxdur. 

- Bəs birinci yeri tutmaq üçün nə çatmadı? Ümumiyyətlə komandanın zəif tərəfləri yoxdur?

- Ola bilər ki, məşqçi komandanı gec tanıdı. Mövqe və sistem dəyişiklikləri oldu. Düzdür, məsləhətlər alırdı, bir neçə dəfə üçlü mərkəz müdafiəçiləri ilə oynamışıq. Daha sonra dördlü mərkəz müdafiəçiləri olan sistemə keçib. Sanki De Byazi futbolçuları tanımaq dönəmini keçib. Höccəti mərkəz müdafiəçisi kimi görməyə alışmışıq. Amma sağ cinahda pis təsir bağışlamadı. Milliyə daha çox zaman lazımdır. Çünki futbolçular hər gün bir yerdə ola bilmir. Məncə, tanışlıq prosesi bitmək üzrə olduqda, komanda özünü tapdı.

- De Byazi xeyli müddətdir Azərbaycandadır. Bu dönəm ərzində komandada hansısa strategiya formalaşdıra bilib?

- Təcrübəli məşqçidir. Albaniyada gördüyü iş təsadüfi deyil. Baxmayaraq ki, o fubolçular daha çox Avropada oynayırlar, komandanı idarə etmək lazımdır. Bu da baş məşqçinin üzərinə düşür. Son oyunlar göstərdi ki, motivasiyaları var. Qələbəni futbolçuların qazandığını nə qədər desək də, "23-lüy”ü formalaşdıran, standartları yazan, paltardəyişmə otağında danışan, komandanı oyuna kökləyən baş məşqçidir. Bunu da unutmamaq lazımdır. Millimiz o səviyyədə olmayıb deyə əvvəllər yoldaşlıq oyunlarında belə qələbəyə sevinirdik. Gəlin gizlətməyək. Bu gün nəyəsə görə başqa don geyindiririk. Futbolçular super formadadırlar. İsayev meydana girib oyunu dəyişir. Ramil Şeydayev sanki Robbendir (Niderland millisinin sabiq üzvü - red.), 90 dəqiqə cinahı "dağıdır”. Ozobiç milliləşsə də, oyunu göz qabağındadır. Gənc Musa Qurbanlıya şans verilir. Futbolçularımız var, oynayırlar. Biz də buna sevinməyə bilmərik. Müsbət cəhətlərimiz var. Doğrudur, Slovakiyanın, Belarusun motivasiyası yox idi. Amma bizim milli də keçid dönəmini yaşayır. Xal məsələsi varsa, həqiqətən sevinməliyik. Həm də bu futbolçulara özünəinam vacib idi. Avropada da nəsil dəyişikliyi gedir. İspaniya, Fransa da uduzur. 5-7 il əvvəl düşünsəydik ki, Lüksemburq millisi bu səviyyəyə çatacaq, heç kim inanmazdı. Artıq Farer Adaları, San-Marino kimi ölkələr də futbol oynayır. Bu dönəmdə futbolçularımıza inam çox vacib idi. İnanıram ki, qələbələr təkan olacaq, hətta futbolçular İtaliya yığmasına qarşı oynasalar belə çəkinməyəcəklər. Artıq İtaliyada əvvəlki adlar yoxdur, baxmayaraq ki, top-çempionatlarda oynayırlar. Gürcüstan millisi də özünəinamı qaytarıb, baxmayaraq ki, futbolçuların əksəriyyəti xaricdə oynayır.

- De Byazi getməlidir, yoxsa qalmalıdır?

- Mən də hamı kimi istəyərəm ki, yerli müəxəssis, futbolçularımızı tanıyan biri olsun. Lakin əcnəbi gələcəksə, yenə komandanı formalaşdırmaq zaman alacaqsa, elə De Byazi qalsın. Özümüzü aldatmayaq. Adlı-sanlı bir məşqçi başqa variantı olsa, Azərbaycanı seçməyəcək. Yaxud da postsovet ölkələrindən çempionatımızı tanıyan bir məşqçi dəvət edilə bilər. Çempionatı, ölkəmizi tanımayan, kimlərdənsə öyrənib gələn bir məşqçidənsə elə futbolçuları beş barmağı kimi tanıyan De Byazi qalsın. Ancaq təbii ki, mən də millimizin baş məşqçisinin yerli olmasını istəyərdim. 

- Şəxsi karyeranızla bağlı durum necədir?

- Hələ ki təkliflər gözləyirəm. Yüngülvari maraqlananlar var, amma adlarını açıqlamaq düzgün olmaz. 

- Qarşıdakı planlarınız necədir?

- Passivləşməmək üçün yol axtarıram ki, hansısa kluba gedim, məşqləri izləyim. Bu, Birinci Divizion, yaxud hansısa akademiya da ola bilər. Məşqləri izləmək, oyunlarda, analizlərdə iştirak etmək istəyirəm. Artıq Birinci Divizionun oyunlarına, məşqlərə baxmağa, vaxtımdan səmərəli şəkildə istifadə etməyə çalışacağam.

- Məşqçilik kurslarını davam etdirirsiniz?

- PRO kurslarını oxuyacağam. Davam edirəm, ola bilər müddət uzansın. Çünki "Şamaxı”dan ayrılmışam. Belə tələb var ki, işsiz olmamalısan. İmtahanları vermişəm. Sadəcə, tələbləri yerinə yetirmək üçün hansısa klubda aktiv şəkildə çalışmalıyam. 

Səbuhi Həsənov