"Ömrümün 60 ilini teatra həsr etmişəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov deyib.
O bildirib ki, bu müddət ərzində bir teatrda fəaliyyət göstərib:
"Bu il mənim səhnə fəaliyyətimin 60 ili tamam olur. Yeganə aktyoram ki, 60 ildir eyni teatrda çalışıram. Bu hər aktyora nəsib olmayıb. 1962-ci ildə Universiteti bitirəndən sonra oradan bir başa Akademik Milli Dram Teatrına təyinat almışam. Ondan sonra heç bir teatrın səhnəsində oynamamışam. Akademik teatr mənə əzizdir, ikinci evimdir”.
Əvəllər bütün sənət adamları səhnə fəaliyyətlərinin yubileylərini qeyd edirdilər. Belə bir yubiley mərasimi haqqında düşünürsünüz?
Rafiq Əzimov həmin gecələrin əksəriyyətinin iştirakçısı olduğunu vurğulayıb:
"Bəli, mən bunu görə-görə gəlmişəm. Həmin gecələrin əksəriyyətində də iştirak etmişəm. Görkəmli sənətkarlardan Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov, İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov, Osmanlı və s. kimi sənət adamlarının yubileylərini görmüşəm, tamaşalardan səhnələr oynayardılar. Azərbaycan tamaşaçıları belə gecələri həsrətlə gözləyirdilər. Gözəl ənənələri çalışıb saxlamaq lazımdır. Çünki indiki gənc nəsil baxanda elə bilməsin ki, teatr elə belə vəziyyətdə olub. O dövrdən barmaqla sayılası aktyorlar qalıb, yaşlı nəslin nümayəndələri azdır. Biz bunları gənclərə danışanda elə bilirlər ki, şişirdirik. Amma teatr tarixi var, həm repertuar, həm qastrollar... Hər tamaşada yeni-yeni aktyorlar peyda olurdu, onları tamaşaçılar alqışlarla qarşılayırdı. Biz o dövrü yaşamışıq. Bizə dərs deyən müəllimlər olub ki, onlar fitri istedad idilər, bu sənətin tələb etdiyi nə vardısa, hamısını bizə öyrətdilər. Biz də bu günə kimi həmin ənənəni davam etdiririk. İstərdim ki, belə yubiley mərasimlərinin biri də mənim üçün olsun. Bu bir arzudur”.
Bahar Rüstəmli
Şərhlər