Xəbər lenti

Respublikaçılar Trampı NATO müttəfiqləri ilə bağlı ağır bəyanatına görə tənqid etdi
Dünya 13:15 12.02.2024

Respublikaçılar Trampı NATO müttəfiqləri ilə bağlı ağır bəyanatına görə tənqid etdi

Keçmiş prezident Donald Trampın Respublikaçı müttəfiqlərindən bəziləri onu, bu ölkələrin müdafiə alyansına töhfələri yetərli olmasa, NATO üzvlərini Rusiyanın hücumundan müdafiə etməkdən çəkinəcəyini söyləməsinə görə tənqid ediblər.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

"Ona görə də mən uzun müddətdir ki, onun ABŞ prezidenti olmağa yararsız olduğunu deyirəm”, - respublikaçıların prezidentliyə keçmiş namizədi Kris Kristi NBC telekanalına müsahibəsində deyib.

Şənbə günü Cənubi Karolinada keçirilən siyasi mitinq zamanı Tramp bəzi NATO ölkələrindən "gecikmiş” ödənişlərə görə şikayətlənib və və "böyük bir ölkənin" rəhbəri ilə əvvəlki söhbətində Rusiyanın belə ölkələrə hücumu barədə danışıb. 

"Xeyr, mən sizi müdafiə etməzdim. Əslində mən onları (Rusiyanı) istədiklərini etməyə təşviq edərdim. Siz ödəməlisiniz”, - Tramp adı açıqlanmayan liderə deyib. 
Bu sözlər Ağ Evin və digər yüksək rütbəli Qərb rəsmilərinin tənqidinə səbəb olub.

NATO-nun 31 üzvündən bir çoxunun müdafiə xərclərinin ümumi daxili məhsulun ən azı 2%-i həcmində hədəfə çatmaması uzun müddətdir ki, ABŞ-la gərginlik mənbəyi olub. NATO-nun təxminlərinə görə, yalnız 11 üzv hədəf səviyyələrdə xərcləyir.

"Bizim ən son etmək istədiyimiz şey Rusiyanın tərəfində olmaqdır”, - respublikaçılardan prezidentliyə namizəd olan Trampın yeganə rəqibi Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli bildirib.  

"Ölkəyə hücum edən və Ukraynaya qarşı müharibədə Putinə - yarım milyon insanın ölümünə və ya yaralanmasına səbəb olan birinin tərəfini tutmayın”, - CBS telekanalına verdiyi müsahibədə o əlavə edib. 

Trampın yaxın müttəfiqi respublikaçı senator Lindsi Qrem NATO ilə bağlı açıqlamalarına istinad edərək, "onun dediyi tərzlə” razılaşmadığını bildirib. "O prezident olanda Rusiya heç bir ölkəni işğal etməyib və o, yenidən prezident olsa, bunu etməyəcəklər", - Qrem əlavə edib. 

Respublikaçı senator Tom Tillis Trampın köməkçilərini keçmiş prezidentə ABŞ-ın NATO üzvü kimi alyansın hücuma məruz qalan istənilən üzvünü müdafiə etməyə sadiq olduğunu izah etməməkdə günahlandırıb.

Respublikaçı senator Rend Paul Trampın sözlərini "axmaqlıq” adlandırıb.

Bazar günü Senatın müzakirələri zamanı bəzi respublikaçılar Trampın müdafiəsinə qalxıblar.

"Demək olar ki, hər bir Amerika prezidenti bu və ya digər şəkildə digər NATO ölkələrinin kifayət qədər fəaliyyət göstərməməsindən şikayət edib. Sadəcə olaraq Tramp bunu bu tərzdə ifadə edən ilk şəxsdir. Amma bu, məni narahat etmir, çünki o, əvvəllər prezident olub", - CNN-ə müsahibəsində senator Marko Rubio bildirib.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq Trampın bəyanatına cavab verib. Onun fikrincə, müdafiə alyansı üzvlərinin bir-birini qorumaması barədə söhbətlər ümumi təhlükəsizliyə xələl gətirir. Bundan əlavə, onun sözlərinə görə, bu cür bəyanatlar Amerika və Avropa əsgərlərinin həyatına təhlükə yaradır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->