Xəbər lenti

Rusiya Gürcüstan prezidentini cəzalandıra biləcəkmi?
Dünya 18:43 05.09.2023

Rusiya Gürcüstan prezidentini cəzalandıra biləcəkmi?

Gürcüstanda hakimiyyət daxili mübarizə kəskinləşib. Belə ki, ölkə prezidenti Salome Zurabişvilinin parlamentin razılığı olmadan Avropa İttifaqı ölkələrinə səfərə çıxması, hakim "Gürcü Arzusu” fraksiyasının kəskin narazılığına səbəb olub.

Hakim partiya prezidentin impiçmenti proseduruna başlamaq qərarına gəlib. Fraksiya lideri Mamuka Mdinaradze dünən keçirilən brifinqdə bildirib ki, "Gürcü Arzusu” fraksiyası Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim etmək və prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq üçün 50 deputatın imzasını toplamağa başlayıb. 

"Sənədlər çərşənbə gününə qədər tamamlanacaq, daha sonra prosedur komitəsinə təqdim olunacaq, o da öz növbəsində imzaların həqiqiliyini yoxlayacaq. Bundan sonra biz bu sənədləri müvafiq nəticə çıxarmaq üçün Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim edəcəyik”, deyə Mdinaradze bildirib. 

Qeyd edək ki, prezidentin impiçmenti təklifi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün deputatların 1/3-i, yəni 50 nəfərin imzası lazımdır. Təklif məhkəmə tərəfindən təsdiq olunarsa, parlament impiçmentə səs verəcək. Prezidentin vəzifədən uzaqlaşdırılması üçün isə deputatların 2/3-nin, yəni 150-dən 100-nün səsi lazımdır. 

Zurabişvilinin Avropa turnesi ərəfəsi Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bu yaxınlarda Tiflisi Cənubi Osetiya və Abxaziyanı Moskvaya birləşdirəcəkləri ilə hədələmişdi. Onun ardınca da Gürcüstan hakimiyyəti prezidentə qarşı hücuma başladı. Bu da onu göstərir ki, Zurabişviliyə qarşı başlanan kampaniya əslində Moskvadan idarə olunur. Lakin "Gürcü Arzusu”nun bu cəhdinin alınacağı elə də inandırıcı deyil. Belə ki, parlamentədə hakim partiya 84 səsə malikdir. Müxalifət isə 55 yerlə təmsil olunur. Belə olan halda Gürcüstan hakimiyyətinin Zurabişvilini istefaya göndərmək üçün lazım olan səsi toplaması olduqca çətin olacaq. Bu isə o deməkdir ki, yaranan insidentə rəğmən, Salome Zurabişvilinin hakimiyyətini saxlaması ehtimalı daha böyükdür. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->