Dünya 19:17 02.08.2023

Rusiya KTMT-ni sərhədə gətirmək istəyir: Ermənistan bundan niyə yayınır? (ŞƏRH)

KTMT Ermənistan sərhədində missiya yerləşdirmək məsələsinə qayıtmağa hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan bildirib. Maraqlıdır, KTMT-nin sərhəddə missiya yerləşdirməsi bölgədəki mürəkkəb vəziyyətə necə təsir edə bilər? Rusiya israrla KTMT missiyasını sərhədə gətirmək istəsə də, Ermənistan bundan niyə yayınır? 

Qaynarinfo-ya danışan politoloq Cümşüd Nuriyev deyir ki, bu qərar Rusiyanın növbəti təxribatlarından biridir: 

"Çünki təşkilatın nizamnaməsinin 4-cü maddəsinə əsasən, sərhədyanı zonada qaçaqmalçılıq, separatizm, terrorizm, narkotik alveri kimi hallarda onlar sərhəd bölgəsinə gələ bilərlər. Qoşunların sərhəddə yerləşdirməsi  məsələsi orada yoxdur. 7-ci maddəsində isə göstərilir ki, bir başqa dövlət sərhədi pozub, onun  ərazisinə girərsə KTMT müdaxilə edə bilər. Azərbaycan isə bunların heç birini etmir. Çünki Azərbaycan və Ermənistan arasında sərhəd müəyyənləşməyib və kimsə bizi delimitasiyada ittihma edə bilməz. Razılıq əldə olunub, sərhədlər müəyyənləşəndən sonra, Azərbaycan atacağı addımlara görə məsuliyyət daşıya bilər. Rusiyanın israr etməsi isə bölgədən çıxmaq istəməməsi ilə bağlıdır. Amma Ermənistan bunu qəbul etmir. Çünki Paşinyan üzünü Qərbə tutub. Nikol Paşinyan da başa düşür ki, Avropa İttifaqı və ABŞ olmasa, o, hakimiyyətdə qala bilməyəcək. Baxın, artıq Rusiya kimi bir dövlət ilyarıma yaxındır ki, Ukrayna ilə mühabirə aparır və onu məğlub etməyə gücü çatmır. Paşinyan bilir ki, əgər üzünü Rusiyaya çevirsə, qısa müddət ərzində nəinki hakimiyyətdən gedəcək, Ermənistan dövlət kimi yox, Rusiyanın bir əyalətinə çevriləcək". 

Görəsən, Avropa birliyinin missiyasının olduğu vaxtda KTMT-nin də gəlməsi qarşıdurma mühiti yarada bilərmi? Bu mürəkkəb situasiyada, bölgədə Rusiya-Qərb qarşıdurmasının qızışdığı durumda Ermənistanın taleyi necə ola bilər? Politoloq qeyd edir ki, Avropa Birliyinin missiyasının orada olması  qanunsuzdur:

"Almaniya Bundesverini sərhədə dəvət etmək ağılsızlıqdır. Orada əsas Fransa kəşfiyyatıdır. Almaniya dövlətinin ABŞ ilə bağladığı müqaviləyə görə, ordu saxlamaq ixtiyarı yoxdur. Polisi gətirib sərhədə yığmaqda başqa maraq var.  Ora sərhəd xidməti deyil ki... Ermənistanın onları dəvət etməsi də ağılsızlıqdır, onların durub sərhədə gəlməsi də ağılsız hərəkətdir. Güya, missiya yerinə yetirirlər. Əslində çalışırlar ki, Avropa İttifaqını Azərbaycana qarşı qızışdırsınlar. Ancaq bu, alınmayacaq. KTMT-nin gəlməsini təbii ki, Avropa istəmir. Çünki onsuz da İran-Ermənistan sərhədində rus ordusu durur. İndiki durumda Azərbaycan-Ermənistan və ya Ermənistan-Gürcüstan sərhədinə Rusiyanın gəlməsi birmənalı şəkildə onların burada uzunmüddətli qalması deməkdir. Bildiyiniz kimi, Ermənistanın Rusiya ilə bağladığı müqavilə 2044-cü ilə qədər uzadılıb. Görünən odur ki, Rusiya Qafqazdaki imperiya siyasətini davam etdirmək istəyir. Avropa İttifaqı da ona mane olmağa çalışır. Təbii ki, bölgədə situasiya çox mürəkkəbdir. Rusiya imperial missialarından əl çəkmir, aqressivliyi həddən artıq artıb. Ona görə də yalnış qərarlar verir. Ermənistan da bilir ki, bu yalnış qərarlar kiminsə başında çatlayacaq. Ancaq bu, Azərbaycan olmayacaq. Çünki Azərbaycan həm gücülüdür, həm də yanında qardaş Türkiyə var. Gürcüstan da olmayacaq. Çünki Gürcüstanla rusların elə bir problemi yoxdur. Qalır bir Ermənistan. Rusiya da lazım gələrsə, hətta Ermənistanı öz əyaləti statusuna çevirə bilər. Çünki Rusiya Dövlət Duması belə bir axmaq qərar qəbul edib ki, ərazisi sərhədinə bitişik olmasa belə, başqa bir dövləti Kalinqrad kimi himayəsinə ala bilər. Belə tip məsələlərin olması bir növ Rusiya-Qərb qarşıdurmasını daha da gərginləşdirir". 

Röya Kərimli