Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olunub. Sənəddə Rusiya təcavüzkar ölkə kimi tanınıb. Qətnamə 122 səs lehinə, 5 səs isə əleyhinə olmaqla qəbul edilib. Qətnamənin lehinə səs verən ölkələr arasında Rusiyanın strateji müttəfiqi Ermənistan və Qazaxıstan da var. Çin də qətnamənin lehinə səs verib.
Görünən odur ki, Rusiya ilə mütəffiqlik əlaqələrində olan ölkələr də artıq Kremldən uzaqlaşmağa çalışır. Bu da başa düşüləndir. Belə ki, Ukrayna müharibəsi Rusiyanı çıxılmaz vəziyyətə salıb. Ukrayna cəbhəsində ciddi nəticələr əldə etməməsi bir yana, Rusiya hazırda dünyadan təcrid olunmuş vəziyyətə düşüb. Belə vəziyyətdə özlərini sığortalamağa çalışan əksər ölkələr, hətta Moskva ilə sıx təmasları olanlar belə, onunla məsafə saxlamağa çalışırlar. Ermənistanın bu sayaq addım atmasına gəldikdə, Paşinyan hökumətinin Qərbpərəst siyasət yürütməsi səbəbindən bu da gözlənilən idi.
Qeyd edək ki, İrəvan Azərbaycanla 44 günlük müharibədə Rusiyanın ona ciddi dəstək verməməsini bəhanə gətirməklə son illər Moskvadan uzaqlaşmaq kursu götürüb. Anoloji olaraq Ermənistanın Qərblə əlaqələri isə intensivləşir. İrəvan artıq Qərbin patronajlığı altına keçir.
Rusiyanın Ukrayna müharibəsi fonunda zəifləməsi də Ermənistanın seçiminə təsirini göstərir. Digər tərəfdən, Ermənistan BMT-nin Rusiya əleyhinə olan qərarına səs verməklə ola bilsin ki, Qərb qarşısında öz günahını yuya biləcəyini düşünür. Belə ki, məlumatlara görə, Qərb ölkələri Ermənistanı, o cümlədən Qazaxıstanı Rusiyaya yardım etməkdə ittiham edirlər. İrəvan bu fonda sözügedən qərara səs verməklə Qərbə doğru reverans edir. Yəni, burada Ermənistanın ikibaşlı oyun oynadığı hiss olunur. Aydın məsələdir ki, Ermənstanın bu hərəkəti Moskvanı qıcıqlandırır. Rusiya bunu müttəfiqi tərəfindən arxadan özünə vurulan zərbə kimi dəyərləndirə bilər. Bəzi Rusiya rəsmilərinin açıqlamaları da göstərir ki, Kreml İrəvanın bu sayaq addımlarından narahatdır.
Rusiya XİN başçısının sözçüsü Mariya Zaxarova İrəvanın həmin hərəkətinə sərt reaksiya verib. Belə olan vəziyyətdə Rusiyanın Ermənistana qarşı onu cəzalandırmaq üçün hansısa addım atacağı gözləniləndirmi? Bir sıra ekspertlərin rəyinə görə, Moskva İrəvanın bu sayaq addımlarına indiki vəziyyətdə sadəcə olaraq sözdə hədə-qorxu gəlməklə kifayətlənmək məcburiyyətindədir. Bu da Rusiyanın dünyadan təcrid olunması ilə əlaqədardır. Şimal ölkəsi nə qədər nəhəng olsa da, təcrid olunmuş vəziyyətdə bəzi ölkələrin beynəlxalq tribunalarda onun əleyhinə səs verməsinə müəyyən dərəcədə göz yummağa məcburdur. Xüsusən də Rusiyanın sanksiyalardan yayınmasına yardım əlini uzadan İrəvana münasibətdə, onun bəzi hallarda arxadan zərbə vurmasına rəğmən, Moskvanın Ermənistana münasibətdə hər hansı bir ciddi təzyiqə əl atacağı elə də inandırıcı görünmür. Amma bu o demək deyil ki, Rusiya İrəvanın bu xəyanətini unudacaq. Əsla, məqamı yetişəndə, Ukrayna müharibəsindən uğurla çıxa biləcəyi təqdirdə, fürsət düşən kimi, Paşinyan rejimini xəyanətlərinə görə mütləq cəzalandıracaq.
Rüfət Sultan
Şərhlər