Dünya 13:00 20.05.2022

Rusiya tərəfdən Ukrayna müharibəsində ölənlərin çoxu niyə qeyri-ruslardır? (ŞƏRH)

Ukrayna müharibəsində bu günə qədər Rusiyanın 28 min hərbçisinin öldüyü bildirilir. Amma maraqlıdır ki, öldürülən bu hərbçilər arasında Rusiyanın böyük şəhərlərində yaşayanlar azlıq təşkil edir. Bu müharibədə daha çox qeyri-rusların yaşadığı bölgələrdən müharibəyə cəlb edilənlər həlak olub.

Statistikaya görə, Ukrayna müharibəsində öldürülən Rusiya əsgərləri arasında Rusiyanın Buryatiya əyalətindən olanlar daha çoxdur. Bu respublika əhalisinin hər 100 minə nəfərinə 99 həlak olmuş hərbçi düşür. İkinci və üçüncü yerlərdə isə yenə də milli azlıqların yaşadıqları Tuva ilə Şimali Osetiya gəlir. Bu respublikalardan müharibədə ölənlərin sayı hər 100 min nəfərə müvafiq olaraq 87 və 84-dür. Ən aşağı rəqəmlər isə Moskva ilə Sankt-Peterburqun payına düşür. Moskvada əhalinin hər 100 mininə cəmi 0,23, Sankt-Peterburqda isə 3 həlak olan qeydə alınıb.

Maraqlıdır Rusiya əhalisinin mütləq əksəriyyətini rus millətindən olanlar təşkil etsə də, nədən Ukrayna cəbhəsində həlak olanların əksəriyyəti qeyri-rus millətindəndir?

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Natiq Mirinin fikrincə, Moskvanın bu yanaşması irqçilik, milli ayrı-seçkilik siyasətindən qaynaqlanır:

"Bu, Kremlin siyasətidir. Ukrayna müharibəsinin ilk günlərində Rusiya ordusundan burada ölənlərin əksəriyyəri ruslar idi. Amma sonrakı mərhələdə rus millətindən olanların kütləvi olaraq ölməsinin qarşısını almaq üçün sonrakı mərhələdə daha çox regionlardakı etnik qruplardan olan əsgərlərdən istifadə etdilər. Ona görə də ölənlərin əksəriyyəti məzh qeyri-rus millətindən olanlara aiddir. Kremlin belə siyasət yürütməsində əsas hədəf isə Moskva və Sankt-Peterburq kimi mərkəzi şəhərlərdən ölənlərin sayının az olması ilə xalq etirazlarından yayınmaq olub. Kreml hər zaman mərkəzi şəhərlərdə baş qaldıra biləcək etirazlardan çəkinib. Bu qorxunun nəticəsidir ki, Moskva kütləvi səfərbərlik keçirə bilmir və bu iş gizli həyata keçirilir. Bu səfərbərliklər də əsasən regionlardan qeyri-rus əhalisi içərisindən edilir. Ona görə də ölənlərlə bağlı belə mənzərə yaranıb”.

Ekspert bildirir ki, müharibədə qeyri-rus millətindən olanların daha çox ölməsi hadisəsi də müəyyən yerə qədər Rusiyanın işinə yarayacaq:

"Müəyyən mərhələdən sonra, uzaq perspektivdə regionun qeyri-rusları da mərkəzi hakimiyyətə qarşı etirazlara qalxa bilər”.
 
Politoloq qeyd edir ki, Kremlin bu siyasəti irqçilik, ayrı-seçkilik və millətləri, xalqları sortlar üzrə müəyyənləşdirməsindən qaynaqlanır:

"Rusiyada hər zaman belə olub, rusları ali irq kimi qəbul edib, digər millətləri isə ikinci, üçüncü dərəcəli sortlara bölüblər”.

Rüfət Sultan