Foto 17:14 18.11.2022

Salyan sakinləri müraciətlərini “Açıq mikrofon”da səsləndirdi (FOTOLAR)

"Vətən müharibəsi iştirakçısı kimi sizdən xahiş edirəm ki, Noxudlu kəndində inşa etdiyim evimin qazlaşdırılmasında mənə köməklik edəsiniz.”

Qaynarinfo "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu sözləri Hüseyn Salmanov "Açıq  mikrofon” aksiyası çərçivəsində Salyan rayonunda baş tutan görüş zamanı bildirib.

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev SOCAR rəhbərliyinin şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirərək ünvanlanan müraciətin qeydiyyata alındığını vurğulayıb.

Rayonun Yenikənd kənd sakini Elşən Fərəcov, Salyan şəhər B.Talıblı küçəsində yaşayan Hilal Şəfiyev və Əsəd Cəlilov fərdi yaşayış evlərinə quraşdırılan sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini xahiş ediblər.

Aksiyanın imkanlarından sakinlərlə yanaşı, sahibkarlar da yararlanıblar. Onlar istehlak etdikləri təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsi üçün əlavə vaxt verilməsini xahiş ediblər. Ünvanlanan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb.