Xəbər lenti

Samir Abasovdan “Neftçi”dəki gələcəyi ilə bağlı açıqlama
İdman 21:20 15.05.2022

Samir Abasovdan “Neftçi”dəki gələcəyi ilə bağlı açıqlama

"Rəqibi təbrik edirəm. Avrokuboklara vəsiqə qazandılar. Futbolçuları bu cür oyunlara kökləmək, hazırlamaq çətindir".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis iki tur əvvəl gümüş medalı təmin etdiklərini xatırladıb: "Komanda yaxşı futbol sərgilədi. Bu cür oyun gözləyirdik. Rəqib əks-hücumlarda və standart vəziyyətlərdə fərqlənə bilərdi. Futbolçuları təbrik edirəm. Meydanda canlarını qoydular. Matç ilk dəqiqələrdən gərgin keçdi. Oyunçular mübarizə apardılar. Futbolçular məğlubiyyətə görə paltardəyişmə otağında əsəbi idilər".

Abasov azarkeşlərin bu gün daha sakit olduğunu söyləyib: "1-2 dəfə şüarlar eşitdim, sonradan olmadı. Azarkeşlərlə şəxsən telefonla danışmışam. Aramızda olan söhbəti özümüz həll edəcəyik, kənara çıxmayacaq. Fanatın istəyi normal bir şeydir. Bu söhbətə son qoymaq istəyirəm. Bir daha bu məsələyə qayıtmayacağam".

Təcrübəli baş məşqçi müxtəlif matçlarda gənclərə şans verdiklərini sözlərinə əlavə edib: "Neftçi"də qazandığımız nəticələri çox yaxşı hesab edirəm. Bu mövsümə çox çətin başladıq. Amma uzun məğlubiyyətsizlik seriyamız oldu, itkilərlə, rotasiyalarla 2-ci yeri tutduq. Keçən il də çempion olmuşuq. Məncə, ən yaxşısını bacarmışıq".

Mütəxəssis müqaviləsinin başa çatdığını xatırladıb: "Klub rəhbərliyi ilə danışmamışam. İdman direktoru Zaur Əzizovla müzakirələr aparırıq. Müqavilə məsələsinə mövsüm bitdikdən sonra baxılacaq. Müşahidə Şurası qərar verəcək. Saxlasalar, qalacağıq, göndərsələr də, normal qarşılayarıq. Bir oyundan sonra baş məşqçi olmaya bilərəm".

Abasov sonuncu turda "Qarabağ"la görüşə də toxunub: "Yenə də meydana ciddi itkilərlə çıxacağıq. Emin Mahmudov cəzalı duruma düşdü. Hakim bu gün həddindən artıq sərt qərarlar verdi. "Qəbələ” ilə oyunda qapımıza verilən penalti epizodunun oxşarı bu gün yaşandı, amma fit susdu. "Qarabağ”a qarşı mübarizə aparmalıyıq".

Baş məşqçi qışda İranın "Traktor" klubundan təklif aldığını təsdiqləyib: "Zəng gəlmişdi ki, kluba baş məşqçi lazımdır, biz də sizi düşünürük. Mən də dedim ki, öncə kluba müraciət edin, mən "Neftçi"yə məxsusam. İndiki proseslər barədə danışmaq istəmirəm".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->