Qaynarinfo Azad Qaradərəlinin Şəhid zabit, tabor komandiri Surxay
Noçuyevin xatirəsinə həsr etdiyi "Noçuyev taktikası” hekayəsini təqdim
edir:
Atanın əlləri danışır. Titrəyən barmaqları
sızıldasa da, onlara zillənmiş gözləri o sızıltını udur. Mən onun səsini səs
kimi deyil, tökülən nahaq qanın istiliyindən qalxan buğ kimi canıma çəkirəm...
"Uşaq vaxtı o, köynəyinin bütün düymələrini
düymələyər, ayaqqabısının bağını tam bağlayar, yatağını özü yığışdırar, yeriyəndə
şax yeriyərdi. Hətta oxuduğu məktəbdə də ona "əsgər” deyirmiş yoldaşları.
Qaraqabaq, az danışan, sərt baxışları vardı. Oğlum olsa da, sonralar həqiqətən
zabit olanda mən özüm də ondan çəkinirdim... Mən elə bilirdim ki...”
(Kövrəlir... )
...”elə bilirdim ki, əsgərlərinə qarşı
da sərtdir... hərdən görəndə istəyirdim deyəm ki, ay oğul, eşidirəm ki, bəzi
zabitlər əsgərlərə qarşı çox sərt olurlar... nə olar əsgər olanda, onun da
anası var, çox zilə çıxma... amma... belə deyilmiş... əsgəri çox istəy... bircə
buna qulaq asın...”
Telefonunu çıxardıb nəsə axtarır. Boğuq
səslə kimsə danışır.
"...əmi, sənin qadanı alım... o, başqa
oğlan idi... burda, bilirsən də set yox idi, neçə gün evlə əlaqə saxlaya
bilmirdik... bizimlə elə rəftar edirdi ki... nə deyim vallah... cavan yaşında
hamımıza ata, böyük qardaş kimi idi... mənə baş leytenant rütbəsi verilmişdi...
taborun önündə məni necə təbrik elədi, necə təbrik elədi!.. sonra gözləmədiyim
halda qucaqlayıb öpdü məni...”
Səs qırılır. Elə bilirəm, bitdi
danışıq... Amma bitməyibmiş... Səs xırıltılı olsa da, özünə gəlib davam edir.
"...həmişə acıqlı olardı... hirsli...
bir neçə günə Şuşaya yola düşəcəkdik... Taborun önündə necə çıxış elədi, necə
çıxış elədi... barmağını bizə tuşlayıb qəzəblə dedi: ”İllərdir biz dünya
xalqlarının yanında başı aşağıyıq. 30 ildir torpağımız erməni quldurlarının
tapdağındadır! Bir milyondan çox insanımız qaçqın-köçkündür. Mən, qarabağlı
olduğuma görə demirəm, bu gün onsuz da hamımız – on milyonluq azərbaycanlı da, əlli
milyonluq dünya azərbaycanlıları da qarabağlıdır!.. Sizi bilmirəm, hər il 26
fefralda mən bəlkə neçə dəfə ölüb-dirilirəm! Qisas gününü gözləyirəm!.. Biz axı
əsgərik, Vətəni dardan qurtara bilərik!.. İndiyə qədər belə bir imkanımız yox
idi, amma indi cənab ali baş komandan bu imkanı bizə yaratdı! Bax, önümüzdə üç
yol var: ya şəhid olacaqsan, ya qazi!.. mən çox istəyirəm ki, hamımız qazi və
qalib olaq... amma bilirsiniz ki, bunların ikisindən də uca şəhidlik zirvəsi
var! Kimə qismət olacaq, bilmək olmaz... amma sizdən xahiş edirəm, son dərəcə
diqqətli olun! Bu həm də əmrdir! Ölmək olmaz! Şuşanı götürmədən heç kimə ölməyə
icazə vermirəm!..”
Telefonda səs bir daha kəsilir. Mən yenə
elə bilirəm ki, danışıq bitdi. Kişi işarə edir ki, bitməyib. Və bayaqkı səs
yenidən özünü toplayıb bu dəfə bir qədər şövqlə davam edir.
"...sonra elə açıq havada, dağın dibində
alaqaranlıqda dizimizin üstündə yemək yeməyə başladıq... "möhkəm yeyin” dedi
komandir... "bəlkə bu bizim rahat yeyəcəyimiz son yeməyimizdir... bir də Şuşada
yeyəcəyik, inşallah... bax, uşaqlar, mən sizin komandirinizəm, amma burada həm
də biz sizinlə bir ailə kimiyik... baxın, set də yoxdur ki, evnən danışaq... bu
da bəlkə taleyin qismətidir, bizi daha da yaxınlaşdırdı... bir-birimizə həyan
etdi... bir: çalışın vurulmayın; iki: vuruldunuz, ən yaxınlığınızdakı
yoldaşınıza xəbər verin ki, sizi qoyub getməsin; üç: vurulan yoldaşınızı, yaxud
şəhid olan qardaşımızı qəti qoyub getmək olmaz...”
Səs yenə qəfil qırılır. Fikirləşirəm ki,
daha bu dəfə qurtardı. Kişi işarə edir ki, yox, hələ var. Tez dillənir: ”Doqquz
dəqiqədir. Hələ var”.
"...əmi, bilmirəm, xəbərin var, ya yox,
indi bizim hərb elmində "Noçuyev taktikası” deyilən bir taktika var... biz
Füzulidən Zəngilana, ordan Qubadlıya, ordan da Şuşaya qədər döyüş yolu keçəndə
yarandı o taktika... taktikanın iki istiqaməti vardı: birincisi, atışın sərrast
olmalıdır; çalışıb ilk güllədə düşməni vurmalısan ki, o qayıdıb səni vurmağa
macal tapmasın... ikincisi, özünü və ətrafını qorumalısan... yəni şəxsi heyətin
bir-birini mühafizə etməsi...”
Kişi telefonun düyməsini basır. Atanın nə
hala düşdüyünü görmək üçün üzünə baxmağa cəsarət etmirəm. Danışan "barmaqlar”
isə deyir ki, onun hələ deyiləsi çox sözü var.
"Oğlum bu taktikanın ikisinə də son nəfəsində
belə əməl edib... Daşaltını alıb sıldırım qayalıqla Şuşaya qalxanda bir
yaralını, şəhidi qoyub getməyiblər - əsgərləri, zabit yoldaşları
danışırdılar... düşmənin səngərinə girəndə də döyüşçüləri ilə əldə süngü düşmənlə
əlbəyaxa öndə döyüşüb. Şuşanın girəcəyində isə bir işıq dirəyinin arxasında
daldalanaraq düşmənə aramsız atəş açıb, hücuma keçən əsgərlərini qoruyub... və...
elə ... orda da vurulub... Son nəfəsdə də oğlum öz taktikasına əməl edib...”
Kişi bir də düyməni basır. Bayaqkı səs
bu dəfə hüznlə davam edir...
"...kanatlarla qalxırdıq dağdan...
inanmazsınız, komandir yenə öndə idi... qanımız donmuşdu, ya nə idi, əlimizi,
ayağımızı hiss etmirdik... bir onu bilirdik ki, biz Şuşanı almağa gedirik...
getdik də, aldıq da... düşmən səngərində əlbəyaxa döyüşdük, bıçaqla, süngü ilə
qırdıq onları, 30 ilin qisasını aldıq düşməndən... amma komandirimiz yarıyolda
vuruldu, Şuşanın tam azad olunmasını görmədi... müharibənin bitməsinə bir gün,
yox, yarım gün qalmış... əmi, sən bir şeyə əmin ol: Surxay komutan şəhidliyi ilə
də bizə nümunə oldu... biz hamımız sizin oğlunuzuq, biləsiniz... əmi, biləsən
ki, hamımız şəhid olmağa hazır idik... Polad paşanın yanında dəfn olunmağı kim
istəməz...”
Səs qırıldı və hiss olundu ki, daha
danışa bilməyəcək...
Heç mənim də dinləməyə gücüm qalmamışdı.
Eşitdiyimi hiss etmirdim. Anlamırdım... Yaxşı ki, ata mövzunu dəyişdi...
"Surxay Naxçivanski adına hərbi məktəbə
oxumağa gedəndə mən soruşdum ki, ay oğul, sən özünü hərbçi olmağa hazır bilirsən?”
Uşaq olsa da, çox ağıllı cavab vermişdi
onda:
"Ata, döyüşçünün gərək qardaşı olsun ki,
arxada gözü qalmasın... Allaha şükür, qardaşım var, mən şəhid olsam, o nəslimizi
davam etdirəcək... ailəmizə baxacaq...”
...Ata özünü tox tutmağa çalışsa da,
olmur, səsi qırılır. Elə o qırıq səslə də deyir:
"Bir oğlu, bir qızı qaldı... Təskinliyim
o uşaqlardı... Amma... Qızı doğulandan sonra heç üzünü görmədi...”
Qırıq qəlbin qırıq fəryadı duyulur son
cümlələrdən. Amma zabit oğlunun bundan xoşlanmayacağını fikirləşirmi, ya qalib
şəhidin oğlu oğlduğumu gəlir ağlın... qəddini düzəldir. Səsi də yerinə qayıdır.
"...Vallah çox fəxr eliyirəm oğlumla...
Birincisi, Zəngilanımızı, Məmmədbəylimizi almışdı taboruynan, ikincisi,
Qarabağa qanını tökmüşdü... Bu, asan iş deyil e!.. Qarabağın qara sinəsinə
qırmızı şəhid qanı çilənməliydi ki, oralara həyat gəlsin... Mən indi ailəmlə
ora rahat qayıda biləcəm... Surxayın getdiyi yolla... Vətən sağ olsun...”
***
Özümdə deyiləm. Şəhid zabitin atasıyla
söhbət içimi yaralayıb. Sonda "Vətən sağ olsun” sözü məlhəm kimi gəldi, amma
yara yaradır. Hələ qanı qurumayan yara...
- Əsgər paltarında bir qaragöz oğlan
qapını döydü. Müəllimə heyva gətirmişəm dedi. Tək bircə bu heyvanı verib getmək
istəyəirdi, dedim, "a bala, nə heyasıdı belə, sən kimsən, hardan gəlmisən?” Gülümsünüb
dedi ki, deyərsiniz bir əsgər gəlmişdi... Zəngilannan... Elə heyva da oranındı...
Tağım yoldaşlarım dedilər ki, müəllimə verərsən... – Xanımım bir az heyrət, bir
az da fəxrlə mənə baxıb masaya qoyduğu meyvə qabındakı tək heyvanı göstərir...
Bütün günü bu cənnət ətrli heyvanın
başına fırlanıram. Əlimlə tumarlayıram. Qoxlayıram. Gözlərimə sürtürəm. Ovqatım
xeyli yaxşılaşıb. Gümraham...
Sonra xəbər qonum-qonşuya da çatır və mənimçün
yurd ərmağanı olan meyvəni kəsəsi oluruq. On dilim... Ən kiçiyi və sonuncu
dilimi mənə düşür
Hamı yeyib "bəh-bəh” desə də, mən yeməmişəm...
Hər gün bir az yan-yörəsi qaralan, böyür-başına
burnu qırmızısov nünülər yığılan, amma hələ də ətrini itirməyən o dilimə baxır,
baxıram...
O əsgəri isə tanıyan-bilən olmadı. Nə
bilim, bəlkə Noçuyevin əsgərlərindən idi?
SON
Bu yazı bitdi. Amma bitməyən bir soru
qaldı dilimin ucunda. "Əcaba, bu nəslin adı niyə Noçuyevmiş?..”
Bir neçə gün bu sualı ürəyimdə gəzdirdim.
Axırı özümü toplayıb şəhid zabitimizin atası Əbdül kişidən telefonla soruşası
oldum. Sağ olsun, anlayışla qarşıladı.
"Sovet hökümətinin zədəsidir. Əslində
soyadımız Ocaqov imiş. Sovet höküməti gələndə, bilmirəm bizimkilər qorxublar,
ya hökümət adamları tələb ediblər, dəyişib eləyiblər Ocuyev... Bu da dəyişikliyə
uğrayıb zaman-zaman olub indiki kimi Noçuyev...”
Belə... Heç bir məna kəsb etməyən
Noçuyev soyadına Surxay komutan yeni məna, yeni çalar gətirdi. İndi bu soyad
bir nəslin, bir elin qürur mənbəyi, fəxarət yeridir.
06.12.2020.
Şərhlər