Xəbər lenti

Slavik Alxasov “Sabah”la yollarını niyə ayırıb? (MÜSAHİBƏ)
İdman 09:42 25.05.2022

Slavik Alxasov “Sabah”la yollarını niyə ayırıb? (MÜSAHİBƏ)

Mövsüm bitən kimi "Sabah”dan ayrılan futbolçulardan biri Slavik Alxasov oldu. Sonuncu dəfə mart ayında meydana çıxan Alxasov komandadan getməsi haqda fikirlərini bölüşüb.

Onun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- Klubla yollarınız nə üçün ayrıldı? Özünüz getmək istəyirdiniz, yoxsa baş məşqçinin "gözünə girə” bilmədiniz?

- Müqaviləmin müddəti bitmişdi. Son 6-7 oyunda meydana çıxmırdım. Amma məşqçi ilə münasibətlərim yaxşı idi, həmişə söhbət edirdim. 2-3 dəfə mənə yaxınlaşıb komandada qalmağımı istədiyini demişdi. Amma sonda rəhbərliyin qərar verəcəyini bildirmişdi. Ən yaxşı variant ayrılmaq idi. Çünki oynamaq istəyirdim. Oynamayanda düz gəlmir. İnşallah, 2-3 günə, maksimum bir həftəyə yeni komandam bilinər.
 
- Belə uzun müddət oynamamaq sizi həvəsdən salmamışdı ki? Məşqlərə qoşulurdunuz?
 
- Əlbəttə, məşqlərin hamısına qoşulurdum. 100 faizdən də çox məşq edirdim. Hamının mənimlə münasibəti yaxşı idi. Həvəsdən düşmək kimi söz-söhbətlər ola bilməzdi. Çünki müqavilə var və onun haqqını verməlisən.
 
- Müqavilənin haqqını tam verə bildiniz? Bununla bağlı nə düşünürsünüz?
 
- Bacardığımın ən yaxşısını etdim. Yəni, meydana çıxmamağım o demək deyil ki, mən zəif məşq edirdim, yaxud oynamırdım. Sadəcə, belə alındı.
 
- Sonuncu dəfə 20-ci turda "Səbail”lə oyunda meydana çıxmışdın. Nə zaman başa düşdünüz ki, ayrılmaq vaxtıdır?
 
- Mənim üçün önəmli olan oynamaq idi. Son oyunlarda şans qazanmırdım. Bir də müqaviləm bitirdi. Ona görə ən yaxşı variant komandadan getmək idi.
 
- Dediniz ki, baş məşqçi komandada qalmağınızı istəyirdi. Belədirsə, niyə bu qədər müddət ərzində sizi meydana buraxmırdı? Hər halda komandanın ən təcrübəli üzvlərindən sayılırdınız.
 
- Onu Musayevdən soruşsanız, yaxşı olardı. Məşqçinin fikrinə hörmətlə yanaşırdım. Başqa heç bir problem yox idi. 
 
- Yəni, heyətə düşməməkdə özünüzdə də günah görürdünüz?
 
- Məşqləri yaxşı yerinə yetirməsəydim və intizamım yerində olmasaydı, özümdə günah görərdim. Yəqin ki, sırf məşqçinin fikri idi.
 
- "Sabah”da baş məşqçi dəyişikliyi olandan sonra komanda ardıcıl uğursuzluqlardan sonra daha yaxşı çıxış etməyə başladı və mövsümü 5-ci pillədə bitirdi. Yəni, göründü ki, Murad Musayev Ramin Quliyevdən daha bacarıqlı məşqçidir. Bəs Musayev komandada nələri dəyişməyi bacardı?
 
- Ramin Quliyevin vaxtında da komanda ötən mövsümü 5-ci yerdə yerdə bitirmişdi. Hər məşqçinin öz oyun üslubu var. Yəni mən kimin yaxşı və ya pis olduğunu deyə bilmərəm. Mənim üçün ikisi də yaxşı idi. 
 
- "Sabah”ın avrokuboklara vəsiqə qazanması üçün nə çatmadı? Əsas səhvlər nə oldu? Mövsümün əvvəlindən daha yaxşı oynamaq mümkün idi?
 
- Avrokuboklara vəsiqəyə xal çatmadı. "Sumqayıt”la evdə 2:2 etdiyimiz oyun həlledici oldu. Qələbə qazansaydıq, bəlkə də şansımız qalırdı. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->